“Tramp müharibəni qısa zamanda bitirmək niyyətini yenidən gündəmə gətirir”.
Politoloq Sultan Zahidov News365.az-a açıqlamasında bildirib ki, Donald Tramp-ın son açıqlamalarında taktiki gedişat elementləri müşahidə olunur. Onun sözlərinə görə, Tramp prezidentliyinin ilk aylarında da Rusiya ilə bağlı daha yumşaq, Ukrayna ilə bağlı isə tənqidi mövqeləri ilə yadda qalmışdı.
"Bu davranış, onun özünü neytral mövqedə göstərmək cəhdinin nəticəsi kimi qiymətləndirilə bilər. ABŞ-ın müharibəni tez bir zamanda bitirmək istəyi, Tramp-ın seçki kampaniyasında da dəfələrlə vurğuladığı əsas tezislərdən biri idi. Bu, həm də ABŞ-ın elan etdiyi sülh gündəliyinə uyğun gəlir," – deyə Zahidov vurğulayıb.
Politoloq qeyd edib ki, Rusiya–Ukrayna münaqişəsinin sona çatdırılması ABŞ xarici siyasətində ciddi mərhələ ola bilər və Vaşinqtonun diqqətini digər regionlara yönəltməsinə imkan verərdi.
Sultan Zahidov həmçinin bildirib ki, Tramp son açıqlamalarında ərazi mübadiləsi məsələsini də gündəmə gətirib:
"Əvvəl Zelenskinin iştirak edəcəyinə dair siqnallar versə də, indi bu görüşdə onun olmayacağını deyir. Bildirib ki, görüşün nəticələrini Zelenskiyə sonradan çatdıracaq. Bu da Tramp-ın diplomatik yanaşmasının bir hissəsi kimi görünür," – deyə o əlavə edib.