İqtisadiyyat Nazirliyinin tabeliyində IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilati dəstəyi ilə BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) və İslam Ticarət Maliyyə Korporasiyasının (ITFC) maliyyələşdirdiyi “Mərkəzi Asiya+ Akselerasiya” proqramı çərçivəsində “Investment Readiness” adlı “bootcamp” keçirilir.
"Report" bu barədə 4SİM-ə istinadən xəbər verir.
Proqramın əsas məqsədi regionun yüksək potensiallı innovativ startaplarının beynəlxalq bazarlara çıxış imkanlarını artırmaq, onları investisiya cəlb etməyə hazırlamaq və marketinq, maliyyə planlaşdırılması, hüquqi biliklər, eləcə də strateji yönləndirmə sahələrində inkişaf etdirməkdir. Bu təşəbbüs Azərbaycanın 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında qeyd olunan elm və sənaye 4.0 klasterinin formalaşdırılması, ölkəyə xarici istedadların cəlb olunmasının stimullaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.
Açılış nitqində 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov bildirib ki, Azərbaycanın rəqəmsal iqtisadiyyat sahəsində artan potensialı, bu tip beynəlxalq proqramlarla daha da sürətlənir. “Proqram yerli və regional sahibkarların investorlarla əlaqələr qurmasına, startaplarını genişləndirməsinə və sənaye subyektləri ilə əməkdaşlıq etməsinə imkan yaradır. Tədbirdə müxtəlif ölkələrdən startapların təmsil olunması həmçinin Azərbaycanın xarici istedadlara yönəlik imkanlarını təqdim etmək üçün də fürsət rolunu oynayır”.
Onun sözlərinə görə, bu “bootcamp” tədbiri Azərbaycanın təkcə regionun deyil, həm də Mərkəzi Asiyanın texnoloji gələcəyində aktiv oyunçu olmaq gücündə olduğunu göstərir.
UNESCAP-ın Birbaşa Xarici İnvestisiyalar (FDI) proqramlarının rəhbəri Hizer Teylor-Straus innovativ startapların böyüməsi və yeni bazarlara çıxış imkanlarının artırılmasında regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, 4SİM, SABAH.HUB, ITFC, GUIDE və bütün regional tərəfdaşlara göstərdikləri dəstəyə görə minnətdarlığını bildirərək, bu əməkdaşlığın təşəbbüslərin təsirini və aktuallığını gücləndirdiyini qeyd edib, regiondakı bütün iştirakçıların ekosistemlərini dəstəkləmək üçün əməkdaşlığa hazırlığını və təşəbbüskarlığını yüksək qiymətləndirib.
İki gün davam edəcək “bootcamp”da Mərkəzi Asiya və Azərbaycandan ümumilikdə 14 startap iştirak edir. Onlar praktiki sessiyalar, investor-startap rol oyunları və təqdimatlar sayəsində həm nəzəri biliklərini artıracaq, həm də real bazar ssenariləri üzərində təcrübə qazanacaqlar. Proqramın ən uğurlu iştirakçıları isə 2026-cı ilin yazında Honq Konqda keçiriləcək JUMPSTARTER startap sammitində iştirak hüququ qazanacaqlar. Bu isə onların investorlar, texnoloji şirkətlər və Asiyanın innovasiya liderləri ilə birbaşa təmas qurmasına imkan yaradacaq.“Mərkəzi Asiya+ Akselerasiya” proqramını UNESCAP, ITFC və startap ekosisteminin inkişafına dəstək göstərən GUIDE təşəbbüs inkişaf qurumu dəstəkləyir. “Gobi Partners” vençur kapital şirkəti proqramın investisiya tərəfdaşıdır. Azərbaycanda proqramın icraçısı və strateji tərəfdaşı 4SİM-dir.