Bu ilin aprel ayında Quba rayonunda yağan leysan yağışları Çayqışlaq kəndinə ciddi ziyan vurub.
Ekologiya.az Shimal.News-a istinadən xəbər verir ki, Şabrançayın daşması nəticəsində kəndin iki hissəsini birləşdirən əsas körpü tamamilə yararsız vəziyyətə düşüb. Hadisədən 4 ay keçsə də, körpünün bərpasına hələ də başlanmayıb.
Sakinlər gündəlik fəaliyyətlərini çayı birtəhər keçməklə təmin etməyə məcbur qalırlar. Onların sözlərinə görə, qarşıdan gələn aylarda sel təhlükəsi yenidən mümkündür ki, bu da həm təhlükəsizlik, həm də kəndin digər yaşayış məntəqələri ilə əlaqəsi baxımından ciddi narahatlıq doğurur.
Təbii fəlakət yalnız körpüyə deyil, kənd təsərrüfatına da ziyan vurub. Sel nəticəsində suvarma sistemi sıradan çıxıb, əkin sahələri zərər görüb.
Çayqışlaq kənd icra nümayəndəsi Fərman Tahirov bildirib ki, yaxın günlərdə körpünün bərpasına başlanılacaq. Onun sözlərinə görə, bu istiqamətdə hazırlıq işləri artıq görülür.