AZ

“Minsk Qrupunun ləğvinə, Zəngəzur dəhlizinin perspektivinə yas tuturlar” - Elxan Şahinoğlu ilə MÜSAHİBƏ

Yazını böyüt
Yazını kiçilt

Rusiya Azərbaycanla onsuz da gərgin olan münasibətləri daha da sərtləşdirib”

ABŞ-Azərbaycan və Ermənistan rəsmilərinin Vaşinqton görüşü və əldə olunan razılaşmalarla bağlı müzakirələr gündəmi zəbt edib. Bundan sonra regionda baş verə biləcək hadisələr birmənalı qarşılanmır.

Hafta.az gündəmi politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

- Azərbaycan Rusiyanın Ukraynada SOCAR-a məxsus obyektləri vurmasına cavab olaraq, Ukraynaya silah yardımı ilə bağlı embarqonu ortadan qaldıra bilər. Proseslerin sonrakı inkisafını necə görürsüz?

- Rusiya 2008-ci ildə Gürcüstana qarşı savaşanda Bakı-Tbilisi-Ceyhan boru xəttinə real təhlükə yaranmışdı. Rusiyanın Gürcüstan ərazisinə atdığı mərmilərin boru xəttini zədələyəcəyi ehtimalı var idi. Həmin savaş uzansaydı Kreml qəsdən boru xəttini zədələyə bilərdi. Çünki, Azərbaycan neftinin Gürcüstan və Türkiyə üzərindən dünya bazarlarına nəqli Kremlin yaralı yerlərindən biri idi. Kremlin müharibə ssenarisində dəyişən heç nə yoxdur, sadəcə indi hədəfdə Gürcüstan deyil, Ukraynadır və bu dəfə Azərbaycan qazının Ukrayna üzərindən nəql olunan boru xəttinə zərbə endiriblər. Bunun Rusiya-Azərbaycan münasibətlərinin gərginliyi ilə əlaqəsi azdır. Azərbaycan Ukraynaya qaz nəql etməyə başlayıb. Kreml raket zərbələri vasitəsilə bunun qarşısını almağa çalışır. Yəni Azərbaycan-Rusiya münasibətlərində bəlli gərginlik olmasaydı belə, Kreml Ukraynaya nəql həyata keçirilən boru xəttinə zərbə endirəcəkdi.

Rusiya ordusu Kremlin təlimatıyla Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı yanacaq mərkəzlərini hədəf alıb. Əvvəlcə Azərbaycan qazını Ukraynaya nəql edən boru xəttinə, bir neçə gün sonra isə Dövlət Neft Şirkətinin Odessa şəhərindəki yanacaq mərkəzinə raket zərbələri endirdilər. Rusiya Azərbaycanla onsuz da gərgin olan münasibətləri daha da sərtləşdirib.

Dövlət Neft Şirkətinin xarici ölkədəki yanacaq mərkəzinə zərbə endirmək və orada çalışan insanlara zərər yetirmək faktiki Azərbaycanı hədəf almaq deməkdir. Buna görə də rəsmi Bakı adekvat addımlar barədə düşünmək məcburiyyətindədir. Belə vəziyyətdə Azərbaycanın Ukraynaya silah satışına embarqonu qaldıra biləcəyi anonsunun verilməsi tam yerindədir.

- Şuşa Media Forumunda iştirak edən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bu dəfə Vaşinqton razılaşmasının əleyhinə açıqlama verib. Markovun ölkəmizə qarşı münasibətini belə tezliklə dəyişməsinə səbəb nədir?

- Markov Vaşinqtonda ortaq bəyanata imza atan baş nazir Nikol Paşinyanın həm Rusiyaya, həm də İrana qarşı ikiqat xəyanət etdiyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ İranla sərhədə yaxın ərazilərdə gizli məlumatları kəşfiyyat yolu ilə toplamağa başlaya bilər. O deyib ki, İrəvanın xəyanəti yalnız Rusiyaya deyil, həm də İrana qarşıdır. İran uzun illər Ermənistana dəstək verib, amma indi İrəvan ABŞ-a hərbi baza yaratmağa icazə verib. Həmin ərazidə amerikalılar kəşfiyyat sistemləri yerləşdirəcək və gələcəkdə ABŞ-ın İrana qarşı mümkün aqressiyasına dəstək göstərəcək. Bu, həm Rusiyaya, həm də İrana qarşı ikiqat xəyanətdir. Əlbəttə ki, Sergey Markovun söylədikləri cəfəngiyyatdır. ABŞ şirkəti Zəngəzur dəhlizinin tikintisi və işlədilməsi ilə bağlı konsorsium yaradacaq. Hamının dörd gözlə baxdığı və baxacağı dəhlizdə amerikalılar kəşfiyyat sistemlərini necə yerləşdirə bilərlər? Əksinə, Ermənistanda kəşfiyyat sistemi quraşdırmaq Rusiya üçün daha asandır. Çünki, Rusiyanın Gümrüdə Ermənistan hökumətinin nəzarət edə bilmədiyi hərbi bazası var. Rusiya həmin bazada istədiyini yerləşdirə bilər və bunu illər boyu edib. Markov açıqlamasında Ermənistanın adını çəksə də, dolayısıyla Azərbaycanı da hədəf göstərib. Çünki, dəhlizin açılmasını əsas istəyən dövlət Azərbaycandır və Vaşinqtonda qəbul olunan ortaq bəyanatda Prezident İlham Əliyevin də imzası var. Markov isə Şuşa Media Forumundan sonra Kremldən və Rusiya mediasından ona ünvanlanan tənqidlərdən yaxasını qurtarmaq üçün Zəngəzur dəhlizi ilə bağlı şübhə toxumu yaratmağı qarşısına məqsəd qoyub.

- Rusiya və İran gözlənildiyi kimi açıq hədəyə keçdilər. Dəhlizin açılmasına maneə ola bilərlərmi?

- Gözlənildiyi kimi, İrandakı mühafizəkar dairələr Vaşinqton razılaşmasının əleyhinə çıxdılar. Mühafizəkarların əsas təmsilçilərindən biri ali dini liderin müşaviri Əli Əkbər Vilayəti Vaşinqton razılaşmasını qəbul edən tərəfləri hədələyib. Vilayətinin sözlərinə görə, guya İran Vaşinqton razılaşmasının Zəngəzur dəhlizi ilə bağlı bəndinin yerinə yetirilməsinə imkan verməyəcək. Ancaq Vilayəti bu prosesə İranın necə maneə olacağını izah edə bilməyib. Bunlar bölgədə dəyişən şərtləri hələ də nəzərə almırlar. Emənistandakı radikallar ABŞ-ın vasitəçiliyinin əleyhinə olmadıqlarını söyləsələr də, Vaşinqton razılaşmasının Ermənistanın xeyrinə olmadığını izah etməyə çalışırlar. Ancaq onların “izahının” da məntiqi yoxdur, sadəcə Minsk Qrupunun ləğvinə, Zəngəzur dəhlizinin açılması perspektivinə yas tuturlar. Üçüncü qüvvə də peyda olub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova birbaşa Vaşinqton razılaşmasının əleyhinə açıqlama verməsə də, Ermənistanın Rusiyadan qopa bilməyəcəyinə dair sətiraltı mesajlar verib.

Beləliklə, Vaşinqton razılaşmasının əleyhinə olanların Azərbaycana təzyiq alətləri yoxdur. Onlar Nikol Paşinyanın üstünə tökülüşüblər. Buna görə də Paşinyan Vaşinqton razılaşmalarının yerinə yetirilməsini uzatmamalıdır. Vaşinqton razılaşması Paşinyanın erməni cəmiyyətində mövqelərini gücləndirəcək. Bu ona imkan verir ki, parlament seçkilərini erkənə çəkib Konstitusiya dəyişikliyi etməklə Azərbaycanla sülh müqaviləsinin imzalanması işini də bitirsin.

- Minsk Qrupunun buraxılması prosesi necə həyata keciriləcək? ATƏT və ya keçmiş həmsədrlər - Fransa, Rusiya buna maneə yarada bilərmi?

- Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin imzaladığı müxtəlif sənədlərin bir faydası da ondadır ki, bu razılaşmalar ABŞ və Avropa ölkələrindəki anti-Azərbaycan qüvvələrin “fəaliyyət” imkanlarını daraldacaq. Bu baxımdan, ABŞ Prezidenti Donald Trampın dondurmağa vəd etdiyi 907-ci düzəlişin də yaxın gələcəkdə Konqres tərəfindən qüvvədən düşürülməsi aktuallaşacaq. Çünki, əgər ABŞ Azərbaycanla strateji tərəfdaşlıq sazişini imzalayırsa, konqresmenlər 907-ci düzəlişin hansı məntiqlə hələ də qüvvədə qalmasını izah etməli olacaqlar. Əlbəttə, 907-ci düzəlişin ortadan qaldırılması üçün bizdən də diplomatik fəallığın artırılması tələb olunacaq. Fransa, Belçika və Niderlanddakı anti-Azərbaycan dairələr üçün də çətin olacaq. Bu ölkələrin və ümumilikdə Avropa qitəsinin təhlükəsizliyinin təminatçısı rolunda çıxış edən ABŞ Azərbaycanı strateji tərəfdaş kimi görəcəksə və üstəgəl Ermənistan-Azərbaycan sülh sazişi imzalanıb iki ölkə arasında əməkdaşlıq hərəkətə gələcəksə, Avropadakı anti-Azərbaycan mərkəzlərin də “fəaliyyət” imkanları daralacaq. Buna baxmayaraq, ABŞ və Avropadakı erməni lobbisi ortamı bulandırmaq üçün sakit dayanmayacaq.

- Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakıyla Azərbaycan və Ermənistan liderləri arasında imzalanan sənədlərə Moskva və Tehranın reaksiyası necədir?

- Kreml Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla imzalayacaqları strateji tərəfdaşlıq sazişlərinin əleyhinə çıxa bilmədi. Rusiya Xarici İşlər Nazirliyinin Vaşinqtonda imzalanacaq sazişlərə qarşı açıq-aşkar bəyanat yaya bilməyəcəyi ehtimalı da özünü doğrultdu. Çünki, Rusiya Prezidenti Vladimir Putinin özü Ukrayna mövzusuyla bağlı Donald Trampla sıx təmas içindədir və iki lider yaxınlarda görüşdü. Belə vəziyyətdə Rusiyanın ABŞ-ın Cənubi Qafqazda sülh yaratmaq təşəbbüslərinə maneə olması Putinin Tramp əleyhinə siyasət yürütməsi anlamına gələr ki, Kreml sahibi buna risk etmədi. Buna baxmayaraq, Kreml nəzarətindəki media və şovenist qruplar vasitəsilə ABŞ-la saziş imzalayan Azərbaycan və Ermənistan əleyhinə təbliğatı gücləndirib. Eyni ilə Tehran da birbaşa Vaşinqtondakı razılaşmaların əleyhinə çıxmadan öz əks siyasətini aparırı. Lakin İran prezidenti Məsud Pezeşkian Azərbaycanla sıx əlaqələrin tərəfdarıdır. Bu səbəbdən İranın rəsmi qurumları ABŞ-ın Cənubi Qafqazdakı fəallığının əleyhinə çıxmayacaqlar. Buna baxmayaraq, həmişəki kimi İrandakı mühafizəkarlar “sinələrini” qabağa veiblər. Bu məqamda mühafizəkarların ilk dəfə Bakı ilə yanaşı İrəvanı da hədəf seçəcəyini proqnozlaşdırmaq olar. Həmin mühafizəkarların Azərbaycanı hədəf almalarına öyrəşmişik. Vaşinqtondakı sənədlərə Ermənistanın Baş naziri Nikol Paşinyan da imza atıb və o, ABŞ şirkətinin Zəngəzur dəhlizini icarəyə götürməsinə razılaşıb. Yəni ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsində Azərbaycanla yanaşı Ermənistan da rol oynayacaq. Bu baxımdan, İranın mühafizəkar dairələri Paşinyana qarşı da təbliğat kampaniyasına başlayacaq.

Seçilən
3
hafta.az

1Mənbələr