Azərbaycan millisinin voleybolçusu Marqarita Stepanenko kifayət qədər rəngarəng karyera yaşayıb. O, müxtəlif illərdə Polşa, Türkiyə, Rusiya, Macarıstan və İsrail çempionatlarında çıxış etdikdən sonra Bakıya qayıdıb və yeni mövsümü UNEC-də keçirəcək.
İdman.biz-ə müsahibəsində Stepanenko yeni motivasiyası, Avropa çempionatından gözləntiləri və keçmiş illərin parlaq anları barədə danışıb.
- İsrailin “Makkabi Aşdod” klubunda mövsümü çempion kimi başa vurmusunuz, amma ayağınızın zədələnməsi səbəbindən Avropa Qızıl Liqasında milli komandaya qoşula bilmədiniz. Birinci sualım da bununla bağlıdır - zədəniz sağalıbmı?
- Bəli, mövsümü İsraildə keçirdim, finalın son oyununda ayağım burxuldu. Nəticədə bağlar qırıldı, Bakıya qayıtdım və sağalmağım üçün bir ay yarım çəkdi. Başlanğıcda necə reaksiya verəcəyimi bilmirdim, çünki bu, karyeramdakı ilk belə zədə idi. İndi isə hər şey qaydasındadır və özümü yaxşı hiss edirəm. Trenajor zalında məşq edirəm və mövsümə hazırlaşıram.
- Bakıda mövsümlərarası fasilə necə keçdi? İstirahət və enerji toplamaq mümkün oldu?
- Deyə bilərəm ki, əla keçdi. Özümə, ailəmə və digər məsələlərə kifayət qədər vaxt ayırdım. Bu müddəti faydalı keçirdim. İndi Bakıdayam və forma yığmağa çalışıram.
- Azərbaycanın da evsahibliyi edəcəyi Avropa çempionatının seçmə mərhələ başa çatıb. Qarşıdakı turnirdən gözləntiləriniz necədir?
- İndi əsas həyəcan və gözləntilər yeni mövsümlə bağlıdır. Bu suala isə Avropa çempionatına hazırlıq başladıqda daha dolğun cavab verə bilərəm. Ancaq evdə keçiriləcək turnirdən böyük gözləntilərim var – əvvəlki formanı qaytarmaq, keyfiyyətli oyun nümayiş etdirmək və azarkeşləri sevindirmək istəyirik. 2017-ci ildə Bakıda keçirilən Avropa çempionatı möhtəşəm təşkilatçılıqla yadda qalıb, komanda isə dördüncü yeri tutmuşdu. İnanıram ki, gələn il də nəticə zəif olmayacaq.
- Millimiz hazırda Avropa voleybolunun elitasında deyil, amma evdə oynamaq üstünlükdür. Turnirdə nə qədər irəliləyə bilərsiniz?
- Əvvəlcə püşkü gözləmək və kimlərlə eyni qrupda oynayacağımıza baxmaq lazımdır. Yaxşı hazırlaşsaq və ən güclü oyunçular heyətdə olsalar, uğur qazana bilərik. Evdə oynamağımız bizə kömək etməlidir.
- Keçən mövsümün ən yaddaqalan anları nə olub?
- Təbii ki, “Makkabi Aşdod”la İsrail çempionluğunu qazanmaq. Finalda ölkə kubokunun həlledici matçında 2:3 hesabı ilə uduzduğumuz “Hapoel Kfar Saba” ilə qarşılaşdıq. Buna görə finala çox motivasiyalı çıxmışdıq və final seriyasını 3:0 ilə qazanmaq çox yaddaqalan oldu.
- Karyeranızı harada davam etdirəcəyinizə qərar vermisiniz?
- Bəli, Azərbaycana qayıtmışam. Bakıda UNEC-də oynayacağam. Klubdan təklif aldım və onlara qoşulmağıma çox şadam. Peşəkar yanaşma hiss etdim və UNEC-də olmaqdan məmnunam.
- Yunanıstan, Macarıstan, Polşa, Rusiya və Azərbaycanda oynamısınız. Karyeranızın hansı dövrü ən çox yaddaqalandır?
- Təbii ki, Yunanıstan çempionatı - onda bir mövsümdə “Panatinaikos”la həm milli liqa, həm də ölkə kubokunu qazandıq. 13 ildən sonra klub iki kubok qazandı və azarkeş dəstəyi inanılmaz idi. Həmçinin Rusiya liqasında “Minçanka”nın heyətində oynadığım vaxtları da xatırlayıram. Onda komanda ilk dəfə ilk 6-lığa düşdü və yekunda beşinci yeri tutdu. Bu həm “Minçanka”, həm də mənim karyeramda əlamətdar hadisə oldu.
- Yeni mövsüm üçün məqsədləriniz nədir?
- Mən gənc UNEC komandası ilə müqavilə bağlamışam və onların böyük ambisiyaları var. Onları komanda ilə birlikdə həyata keçirmək, yaxşı və keyfiyyətli oyun göstərmək istəyirəm. Səkkiz ildən sonra Azərbaycan voleyboluna, öz ölkəmə qayıtdığım üçün yaxşı nəticələr əldə etmək arzusundayam.
Zəki Feyzullaev
İdman.biz