BAKI, 14 avqust. TELEQRAF
Politoloq Fərhad Mehdiyev Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fərhad bəy, Azərbaycanla Ermənistan arasında sülh sazişinə dair Vaşinqtonda əldə edilən nəticələr fonunda prosesin tezliklə yekunlaşması ehtimalını necə dəyərləndirirsiniz?
- Yekun sülh sazişinin imzalanması üçün Ermənistanda ciddi islahatlar həyata keçirilməlidir. Bu da sözsüz ki, Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılması ilə bağlıdır. Vaşinqtonda imzalanan razılaşma parlamentin ratifikasiyasından keçmiş bir sənəd deyil. Bu ancaq Ermənistanın Baş naziri Nikol Paşinyanın niyyətini göstərir. Ermənistanda gələn il keçiriləcək parlament seçkiləri və sonra baş tutması gözlənilən referendum həlledici olacaq. Burada isə Azərbaycanın görəcəyi çox iş yoxdur. Bakı artıq öz işini görüb. İndi bütün yük Ermənistanın Baş naziri Nikol Paşinyanın üzərindədir. Rusiyanın buna yaratdığı maneələr var. Ümid edirlər ki, Paşinyan bir şəkildə hakimiyyətdən gedər və Ermənistan parlamentində də həmin sənədi ratifikasiya etmək mümkün olmaz.
- Yekun sülh sənədi paraflanmış mətn üzərində formalaşa bilərmi? Burada hansısa əlavələrin olması mümkündürmü?
- Proseslərin inkişafı Paşinyanın hakimiyyətdə qalması, onun Ermənistan konstitusiyasında dəyişiklikləri referendumla həyata keçirməsindən asılıdır. Ona görə də yekun sülh sənədinin imzalanması üçün Paşinyan hakimiyyətdə qalmalıdır. O hakimiyyətdə gedərsə, yeni rəhbərlik bu xətti davam etdirməyə bilər.
- Ermənistanın Baş nazirinin imzaladığı sənəd bu ölkə üçün hansı öhdəlik yaradır?
- Əslində bu belədir. Vaşinqtonda imzalanmış sənədlər Ermənistan üçün öhdəliklər yaradır. Ölkə adından Baş nazir orada sənədə imza atıb.
- Razılaşmanın bütün maddələri üçün bu keçərli ola bilərmi?
- Təbii ki, xeyr. Bu, bəzi müddəalarla çox ciddi öhdəlik yaratsa da, digər məqamlarda mümkün olmur.
- Zəngəzur dəhlizinin açılması ilə bağlı əldə edilən razılaşma prosesin irəliyə aparılması üçün nə dərəcədə təsirlidir?
- Əslində, bu dəhlizin açılması ilə bağlı imzalanan ikinci sənəddir. İlk sənəd Rusiyanın iştirakı ilə imzalanıb. İkinci sənəd isə Vaşinqtonda razılaşdırıldı. Bunlar Ermənistanın öhdəliklərini gücləndirir. Amma bütün hallarda əldə edilən razılaşmalar Ermənistan parlamenti tərəfindən ratifikasiya edilməlidir.
- ABŞ-nin zəmanəti fonunda dəhlizin açılması üçün əsaslar necə müəyyənləşəcək?
- Tramp bu işin reallaşmasına əmindir. O, bu məsələdə əmin olmasa idi, Minsk Qrupunun buraxılmasına razılıq verməzdi. Razılıq veribsə, demək ki, problemin həllini görür. Eyni zamanda, Ermənistandakı siyasi proseslərə Amerikadakı erməni lobbisi ciddi şəkildə təsir edir. Tramp da bu məsələdə müəyyən zəmanətlər verib.