ain.az, Sherg.az portalına istinadən məlumat verir.
Bu problemin həlli yalnız ailələrin, məktəblərin və medianın birgə və davamlı maarifləndirmə işi ilə mümkündür
Azərbaycanda erkən yaşda qadınlar arasında abort sayı artıb.
Bu barədə məlumat “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində öz əksini tapıb.
Statistik məcmuədə bildirilir ki, 2024-cü ildə Azərbaycanda 78 245 abort qeydə alınıb. Onlardan 72 abort 15-17 yaş qrupuna aiddir.
Statistik rəqəmlərdən də görünür ki, 2023-cü illə müqayisədə 2024-cü ildə 15-17 yaş qrupunda abort sayında artım baş verib. Belə ki, 2023-cü ildə bu yaş qrupu üzrə abort sayı 68 olub.
15-19 yaşlılar arasında isə aborta müraciət sayı 2751 nəfərdir. 2024-cü ildə bu yaş qrupu üzrə də abortların sayında artım müşahidə olunur. Belə ki, 2023-cü illə müqayisədə 15-19 yaş qrupu üzrə aborta müraciət edənlərin sayı 155 nəfər çox olub.
Abort üçün müraciət edənlərdən 2 679 nəfər 18-19 yaş qrupuna aiddir. Bu yaş qrupu üzrə də 2023-cü ildə 2024-cü illə müqayisədə abort üçün müraciət edənlərin sayı 151 nəfər çox olub.

Psixoloq Zeynəb Əyyubova “Sherg.az”a bildirdi ki, son illərdə rəqəmlər göstərir ki, yetkinlik yaşına çatmadan hamiləlik və abort halları artmaqdadır:
“Bu, sadəcə tibbi məsələ deyil, həm də ciddi sosial-psixoloji problemdir. Səbəblərə baxdıqda ailələrdə açıq ünsiyyətin zəif olması, məktəblərdə seksual maarifləndirmənin kifayət qədər aparılmaması, sosial şəbəkələrdə filtrsiz və yanlış məlumatların çoxluğu diqqət çəkir. Eyni zamanda, gənclərin emosional ehtiyaclarının qarşılanmaması və erkən romantik münasibətlərə meyl də risk faktorları sırasındadır. Erkən yaşda hamiləlik və abortun psixoloji təsirləri çox qatlıdır. Qısa müddətdə gənclərdə günahkarlıq, utanc, özünə inam itkisi, depressiya və hətta post-abort sindromu kimi hallar yarana bilər. Bu sindrom yuxusuzluq, narahatlıq, emosional boşluq hissi ilə müşahidə olunur. Uzun müddətdə isə münasibətlərdə etimad çətinlikləri, ana olmağa qarşı qorxu və ya əksinə həddindən artıq həvəs, həyat planlarında pozulma və motivasiya itkisi kimi nəticələrə səbəb ola bilər. Yeniyetmələrdə emosional sistemin tam formalaşmaması bu travmanın daha dərin iz qoymasına gətirib çıxarır. Bu halların qarşısını almaq üçün ailələr övladları ilə 9–10 yaşından etibarən bədən, münasibətlər və sərhədlər barədə yaşa uyğun şəkildə açıq söhbətlər aparmalıdır. Emosional dəstək mühiti yaradılmalı, uşaqların sualları utanmadan cavablandırılmalıdır. Valideynlərin özləri də bu mövzuda maariflənməli, övladlarına düzgün və elmi məlumat verə bilməlidirlər.
Məktəblərdə isə tədris proqramına psixoloji-sosial bacarıqlar dərsləri daxil edilməli, məktəb psixoloqları şagirdlərlə həm qrup, həm də fərdi söhbətlər aparmalıdır. Sosial media təhlükəsizliyi və informasiya savadlılığı mövzularında dərslər keçilməlidir ki, gənclər gördükləri məzmunu tənqidi düşüncə ilə qiymətləndirsinlər. Sosial şəbəkələrin təsiri həm mənfi, həm də müsbət ola bilər. Düzgün platformalar vasitəsilə maarifləndirici kontent paylaşmaq, gənclərə dəstək qrupları yaratmaq mümkündür. Amma yanlış məlumatların və seksual məzmunun normallaşdırılması riski böyükdür. Burada valideyn nəzarəti, media savadlılığı tədrisi və alternativ sağlam məşğuliyyətlərin təşviqi çox vacibdir. Unutmayaq ki, erkən yaşda hamiləlik və abort, gəncin psixoloji sağlamlığına, gələcək münasibətlərinə və həyat motivasiyasına dərin təsir göstərir. Bu problemin həlli yalnız ailələrin, məktəblərin və medianın birgə və davamlı maarifləndirmə işi ilə mümkündür”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.