AZ

Dünya bu görüşü gözləyir – Alyaska sammiti isə sual altında: Tramp və Putin görüşəcək?

Sabah Alyaskada baş tutacaq Tramp–Putin görüşü dünya siyasətində diqqətlə izlənilən hadisələrdən biridir. ABŞ və Rusiya liderlərinin birbaşa dialoqu, həm beynəlxalq münasibətlərdə gərginliyin yumşaldılması, həm də strateji maraqların yenidən tənzimlənməsi baxımından əhəmiyyət kəsb edir.
Sabah Alyaskada keçiriləcək Tramp–Putin görüşündən ümumilikdə hansı nəticələr gözlənilir? Bu görüş dünya siyasətində hansı yeni mərhələnin başlanğıcı ola bilər? Tərəflər konkret razılaşmalara nail ola biləcəklərmi?
 
Bu barədə Moderator.az-a danışan politoloq Turab Rzayev bildirib ki, Alyaskada Tramp–Putin görüşünün olacağı hələ tam dəqiq deyil. Əvvəllər planlanan İstanbul görüşü baş tutmadığı üçün Alyaska görüşünün də baş tutma ehtimalı bəlli deyil. Onun sözlərinə görə, bir tərəfdən Tramp Putini Alyaskaya dəvət edir, digər tərəfdən isə Rusiyadan fərqli məlumatlar gəlir:
 
“Əgər görüş deyildiyi kimi baş tutarsa,  əsas müzakirə mövzusu  Rusiya- Ukrayna müharibəsi olacaq. Bundan əlavə, Rusiya sanksiyaları, Cənubi Qafqaz və Mərkəzi Asiyada ABŞ siyasəti, həmçinin Yaxın Şərq siyasəti də gündəmdə ola bilər. Amma tərəflər arasında görüşdə əsas mövzu məhz Ukrayna ilə bağlı olacaq. Tramp Rusiyadan konkret mövqe istəyir — istəyir ki, Rusiya müharibəni dayandırsın, atəşkəsə riayət etsin. Məhz buna görə Rusiyanı sanksiyalarla hədələyir, Putinə kölgə filotuna təzyiq göstərəcəyi mesajını verir. Eyni zamanda, Tramp Rusiyadan neft və qaz alan ölkələrə — Çinə və Hindistana — yeni sanksiyalar tətbiq edəcəyini bildirib. Artıq Hindistana qarşı 25 faiz həcmində sanksiya tətbiq edilib.
Rusiya isə danışıqlarda daha çox vaxt udmaq, bu vaxt ərzində Ukraynada strateji üstünlük əldə etmək üçün çalışır. Bu, Trampı narahat edir. Ona görə də  Ağ Ev rəhbəri Rusiyaya qarşı ritorikasını tez-tez dəyişir. Yəqin ki, görüşdə Rusiyadan müəyyən öhdəliklər tələb olunacaq, amma Rusiya da əvəzində öz istəklərini irəli sürəcək. Böyük ehtimalla, Rusiya ən azı dörd vilayətin və Krımın onda qalmasını istəyəcək. Trampın buna nə qədər razılaşacağı bəlli deyil. İstənilən halda Rusiyaya müəyyən güzəştlər edilməlidir. Bu baş verərsə, Ukraynanın buna nə qədər razı olacağı sualdır. Trampın dediyi kimi, Zelenskinin əlində kifayət qədər “kart” yoxdur, çünki o, faktiki olaraq silah və maliyyə yardımı üçün ABŞ-dan asılıdır.”
Politoloq qeyd edib ki, müəyyən məqamda  Ukrayna prezidenti Zelenski böyük ehtimalla Trampın mövqeyinə ciddi müqavimət göstərə bilməyəcək. Bu vəziyyət Avropa İttifaqı ilə ABŞ və Britaniya arasında yenidən parçalanmaya səbəb ola bilər. Əvvəllər də oxşar hal baş vermişdi: 
 
“Tramp Zelenskini Oval ofisdən qovduqdan  sonra Londonda görüş keçirilmiş və Britaniya ilə İttifaq ölkələri Ukraynaya dəstək verəcəklərini açıqlamışdılar. Hazırkı şəraitdə Avropa İttifaqı həm Trampın sanksiya siyasətindən yayınmağa çalışır, həm də Ukrayna ilə bağlı mövqeyini yumşaltmağa məcbur qalır. Çünki əlavə yardım göndərmək imkanları məhduddur və ABŞ-sız Rusiya qarşısında dayana bilmirlər. Bu səbəbdən Ukraynanı müəyyən güzəştlərə razı salmağa çalışa bilərlər.
Bununla belə, Ukraynanın belə bir razılaşmanı qəbul edib-etməyəcəyi sual altındadır. Avropa İttifaqı, xüsusilə Almaniya və Fransa, yenə də Ukraynaya dəstək vermək və Rusiyaya qarşı sərt mövqe nümayiş etdirmək istəyir. Almaniya artıq hərbi yardımları artırmaq, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemləri göndərmək niyyətində olduğunu bildirib. Lakin bu yardımların kifayət edib-etməyəcəyi hələ də müəmmalıdır”.
 
Turab Rzayev hesab edir ki, Tramp və Putin arasında baş tutacaq görüşün Alyaskada keçirilməsinin simvolik əhəmiyyəti var. Alyaska vaxtilə Rusiya tərəfindən ABŞ-a verilmişdi və bu, iki ölkə arasında dostluğun simvolu kimi qəbul olunur:
 
“Bu, müharibə yolu ilə deyil, ticarət yolu ilə baş verib. Həmçinin başqa iddialar da  var: ABŞ-da vətəndaş müharibəsi dövründə Rusiya xüsusi olaraq ABŞ-ın yaranmasına və möhkəmlənməsinə dəstək verib, Britaniyaya qarşı çıxaraq ABŞ-ın vahidliyini müdafiə edib. Bunun qarşılığında Alyaskanın ABŞ-a verilməsi məsələsi də həmin dövrdə baş verən hadisələrlə əlaqələndirilir.
Məhz buna görə Alyaskada görüşün keçirilməsi Rusiya ilə ABŞ arasında tarixi birlik, dostluq və əməkdaşlığın rəmzi kimi başa düşülə bilər”.
 
Mehin Mehmanqızı
 
Seçilən
13
moderator.az

1Mənbələr