ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Rəqəmsal texnologiyalar və sosial şəbəkələrin “qlobal nəsil” formalaşdırdığı qloballaşma dövründə gənclər öz milli kimliklərini qoruyub saxlamaqda ciddi problemlərlə üzləşirlər. Müasir kommunikasiya vasitələri, sosial şəbəkələr, ünsiyyət və əyləncə platformaları, rəqəmsal qlobal şəbəkələr ənənəvi dəyərləri daha çox aparıcı Qərb ölkələrinin davranış normaları, tərzi, milli mənəvi-əxlaqi dəyərləri ilə əvəz edərək mədəni assimilyasiya proseslərini intensivləşdirir. Gənclərin öz kökləri ilə bağlılığını qoruyub saxlamaqla onları yad təsirlərdən necə qoruya bilərik? - Bu suallara əvvəllər daha çox Qərb dünyasından kənarda cavab axtarırdılarsa, hazırda ABŞ, Avropa dövlətlərində belə bu məsələ ciddi problem kimi qəbul edilir.
Kosmopolitizm, LGBT+, feminist ideyaları ilə fəal mübarizə dövrü başlayıb
Kosmopolitizm, LGBT+, feminist ideyaları artıq Qərb cəmiyyətlərində belə milli kimliyə təhdid yaradacaq qədər güclənib. Həmçinin, ABŞ, Avropa dövlətlərində belə uzun illər bu ideyaların və bundan qaynaqlanan dünyagörüşün təbliği, himayə edilməsi cəmiyyətlərdə qütbləşmə yaradıb və milli hədəflər uğurunda belə həmrəylik əldə etmək mümkün olmur. Əksinə, bu cür qruplar xarici ölkələr tərəfindən daxili siyasi mühitdə təzyiq aləti kimi istifadə edilir. Bəzən bu təzyiq dövlət suverenliyinin pozulmasına qədər güclənir. Bu il Macarıstan hökuməti ilk dəfə olaraq LGBT icmasının Budapeştdə iyunun 1-nə planlaşdırdığı paradı – homofobiya və transfobiyaya qarşı yürüşü qadağan etdi. Paytaxt Budapeşt polisi qərarını bu ilin aprelində qəbul olunmuş yeni konstitusiya düzəlişi ilə əsaslandırdı. Həmin düzəlişə görə, uşaqların hüquqlarının müdafiəsi ilə ziddiyyət təşkil edən fəaliyyətlər, o cümlədən LGBT tədbirləri məhdudlaşdırıla bilər. Bu qərar Avropa İttifaqında ciddi narazılıq doğurub. Aİ-nin 14 üzv dövləti Macarıstanın bu addımını pislədi və Avropa Komissiyasını dərhal hərəkətə keçməyə çağırdı. Hökumətin qanuni qadağasında baxmayaraq cinsi azlıqlar Budapeştdə illik paradlarını hökumətin və Budapeşt Baş Polis İdarəsinin rəsmi qadağasına baxmayaraq keçirdilər. Təxminən 70 Avropa Parlamenti deputatının da qatıldığı, yürüşə polis müdaxilə etmədi. Müxalifətin dəstəyi ilə seçilmiş mer bəyan edib ki, bu yürüş "bələdiyyə tədbiri" kimi keçirilir və əlavə icazə tələb etmir.
Gürcüstanda isə ötən il parlament LGBT təbliğatını və cinsiyyətinin dəyişdirilməsini qadağan edən qanun qəbul etdi. “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsini Gürcüstan parlamentinin 84 deputatı dəstəklədi. 2024 -cü ilin dekabrın 1-də Gürcüstanda “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun qüvvəyə mindi. Avropa İttifaqı bu qanunu tənqid edərək, onun Avropa dəyərlərinə uyğun olmadığını bəyan edib və Gürcüstanın Avropa inteqrasiyasına mümkün qayıdışı üçün onun ləğvini tələb edib. Lakin Gürcüstan hakimiyyəti dəfələrlə bəyan edib ki, LGBT təbliğatına əsaslanan Avropa Birliyinə üzv olmaq istəmədikləri üçün qanunu ləğv etməyəcəklər.
ABŞ-da Prezident Tramp administrasiyası ənənəvi dəyərlərin, əxlaq normalarının və dünyagörüşünün qorunması istiqamətində ardıcıl addımlar atır. Prezident Tramp 22 yanvar 2025-ci il tarixdə ABŞ ordusunda xidmət edən cinsi azlıqların ordudan kənarlaşdırılması barədə sərəncam verib. Bundan sonra məlum olub ki, ABŞ-nin hərbi sferasında 16 minə yaxın cinsi orientasiyası ənənəvi olmayan hərbi qulluqçu xidmət edir. Prezident Tramp uşaqların və yeniyetmələrin cinsini dəyişdirmələri üzrə aparılan tibbi əməliyyatların ABŞ dövləti tərəfindən maliyyələşdirilməsini yasaqlayıb. Eyni zamanda cinsini dəyişdirmiş kişilərin qadınların idman yarışlarında iştirakını qadağan edib. Eyni zamanda ölkə daxilində və xaricdə yalnız ABŞ bayrağının dalğalanmasına icazə verən sərəncam verilib. Tramp administrasiyasının bu yeni qaydası, digər bayraqların - məsələn, LGBT (cinsi azlıqlar) bayraqlarının istifadə edilməsinə qarşıdır. Ağ Evin dövlət mülkiyyətində və diplomatik məkanlarında yalnız ABŞ bayrağının nümayiş etdirilməsi birliyi, suverenliyi təmsil edir.
Avropada milli kimlik necə qorunur?
Rəqəmsal mühitdə kənar təsirləri azaltmaq və bununla əlaqədar problemləri həll etmək üçün Avropa İttifaqı ardıcıl qanunvericilik və institusional tədbirlər görür.
Ümumi Məlumatların Qorunması Qaydası(GDPR. 2018) və Rəqəmsal Xidmətlər Aktı (DSA, 2022) ABŞ platformalarının (Google, Meta) Avropa auditoriyalarına təsirini məhdudlaşdırır. Bu normativ aktlar nəzərdə tutur ki, Avropa istifadəçi məlumatları Aİ daxilində saxlanmalıdır. Avropa Rəqəmsal Kimlik kimi layihələri dəstəklənməlidir, Avropa alternativləri təşviq edilməlidir. Mədəni müxtəlifliyin qorunmasına hörmət edilməlidir. Netflix, Amazon Prime kimi film və seriallar təqdim edən platformalar məzmunun 30 %-nin Avropa mənşəli olması tələbinə riayət etməlidir. "Creative Europe" proqramı vasitəsilə Avropa kinosuna dəstək verilməlidir.
Ayrı-ayrı Avropa ölkələri də bu cür addımlar atır. Fransa Rəqəmsal Respublika Aktı (2021) YouTube-dən fransız məzmununu təbliğ etməyi tələb edir. 2022-ci ildə Almaniyada Telegram kanallarının ekstremizmə görə bloklanması ilə əlaqədar normative-aktlar qəbul edilib. Həmçinin, Avropada son illər milli kimliyin aşınmasına təsir edən amillərin müəyyən edilməsi ilə əlaqədar çox ciddi araşdırmalar həyata keçirilir. 2021-ci ildə “Platformalarəsrində milli kimlik» National Identity in the Age of Platforms» (Van Dijck et al., 2021) tədqiqatında TikTok və Instagram-ın Aİ-də gənclərin mədəni seçimlərini necə dəyişdirdiyini araşdırır. Bu tədqiqata görə, Hollandiyada yeniyetmələrin 60%-i sosial medianın onları “daha az Hollandiya, daha çox qlobal vətəndaş” etdiyinə inandığını deyib.
Azərbaycanda hansı addımla atıla bilər?
Milli kimliyə aşınmasına zəmin yaradan təsirlərin məhdudlaşdırılması üçün davamlı, sistemli, kompleks tədbirlər həyata keçirilməlidir. İlk növbədə qabaqcıl beynəlxalq təcrübə əsasında, söz və mətbuat azadlığına, informasiya azadlığı prinsiplərinə ciddi riayət etməklə sosial şəbəkələrdə, mediada, digər əyləncə və ünsiyyət platformalarında milli-mənəvi, əxlaqi dəyərlərin gözdən salınmasına qarşı addımlar atılmalıdır. Bu istiqamətdə normativ-hüquqi baza təkmilləşdirilməli və nəzarət mexanizmləri gücləndirilməlidir. Bununla yanaşı, milli-mənəvi, əxlaqi dəyərləri, mədəni irsi, tarixi mirası müasir üsullarla təbliğ edən kontent yaradılması əsas vəzifə olmalıdır. Polşada belə bir təcrübə var: 2022-ci ildən başlayaraq “Historia Polski 2.0” layihəsi çərçivəsində TikTok və oyunlar vasitəsilə milli tarixi təbliğ edir. Hindistanda “Digital India” proqramı rəqəmsal mühitdə milli-mədəni irsi, tarixi kreativ təbliğ və təşviq edir. Təhsil sistemində bu istiqamətdə miqyaslı işlər həyata keçirilməlidir. Milli-mənəvi, əxlaqi dəyərlər, tarixi yaddaşla əlaqədar məşğələlər tədris proqramında xüsusi yer tutmalıdır. Nümunə kimi Yaponiyadan öyrənmək olar. Yaponiyada kalliqrafiya dərsləri tarixlə bağlılığı gücləndirir.
Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini dəstəyi ilə "Baki Politoloqlar Klubu" İctimai Birliyi tərəfindən icra olunan “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” layihəsi çərçivəsində hazırlanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.