Finlandiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri kimi, Azərbaycan və Ermənistanın Minsk prosesi və əlaqəli strukturların bağlanması ilə bağlı birgə müraciətinə cavab olaraq iştirakçı dövlətlərlə müzakirələrə rəhbərlik edəcək.
Modern.az xəbər verir ki, bu barədə Report-a təşkilatın mənzil-qərargahından bildirilib.
Təşkilatın rəsmi nümayəndəsi öz növbəsində bildirib ki, ATƏT Katibliyi bu müzakirələr nəticəsində qəbul edilən bütün qərarları həyata keçirməyə hazırdır.
ATƏT-də təsdiq ediblər ki, avqustun 11-də Azərbaycan və Ermənistandan Minsk qrupu və digər əlaqəli institutların ləğvi məsələsinin Nazirlər Şurası tərəfindən həll edilməsinin təklif olunduğu birgə müraciət daxil olub.
"Biz avqustun 8-də Vaşinqtonda imzalanmış razılaşmaları alqışlayırıq, Azərbaycanı və Ermənistanı bu nailiyyət münasibətilə təbrik edir və ABŞ administrasiyasının bu prosesə dəstəyini yüksək qiymətləndiririk", - təşkilatdan vurğulanıb.
Təşkilatın rəsmi nümayəndəsinin sözlərinə görə, ATƏT Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin edilməsinə yönəlmiş bütün səylərə sadiq qalır.
ATƏT-in Minsk qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etmək üçün yaradılmışdı. Azərbaycanın qələbəsi ilə başa çatan 2020-ci ilin payızındakı Vətən müharibəsindən sonra rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsi həll olunub və belə olan halda nə ATƏT-in Minsk qrupuna, nə də onun institutlarına ehtiyac var. Bununla əlaqədar olaraq Azərbaycan Ermənistana Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət etməyi təklif edib. Avqustun 8-də Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə Minsk qrupunun buraxılması haqqında birgə müraciət imzalayıblar. ATƏT-in Minsk qrupunun ləğvi Azərbaycanın Ermənistanla sülh sazişi imzalamaq üçün irəli sürdüyü iki şərtdən biri idi.
Üç həmsədr ölkə - ABŞ, Rusiya və Fransadan başqa, qrupa Belarus, Almaniya, İtaliya, Türkiyə, Finlandiya və İsveç, Azərbaycan və Ermənistan daxildir.