AZ

Səfir: Fransa Burkina Fasoya qarşı apardığı dezinformasiya müharibəsini Azərbaycana qarşı da edir - MÜSAHİBƏ

Qərbi Afrikada yerləşən və maddi sərvətlərlə zəngin olan Burkina Fasonun Azərbaycandakı qeyri-rezident səfiri Vinta Some “Report”un Türkiyə bürosuna müsahibəverib.

İqamətgahı Ankarada yerləşən səfir müsahibədə vaxtilə Fransa müstəmləkəsi olan ölkəsinə qarşı edilən dezinformasiya müharibəsinə son qoyulmasına xüsusilə diqqət çəkib;

- Cənab səfir, Azərbaycanla əlaqələrin inkişafı üçün hansı sahələri prioritet hesab edirsiniz?

- Suallarınızı cavablandırmazdan öncə məni səfiri olduğum Azərbaycanın vətəndaşları ilə görüşdürdüyünüz üçün sizə - Report İnformasiya Agentliyinə təşəkkür edirəm.

Azərbaycan Burkina Faso üçün mühüm tərəfdaşdır. Diplomatik əlaqələrimiz 1994-cü ilə - Azərbaycan müstəqillik əldə etdikdən bir neçə il sonraya təsadüf edir. Əməkdaşlığımızda irəliləyişələr olsa da, mən deyərdim ki, hələ də rüşeym səviyyəsində qalır. Hər iki tərəf qarşılıqlı maraq doğuran sahələri müəyyən etmək üçün çalışır. Bu kontekstdə mənim missiyam Uaqaduqu-Bakı oxunu Burkina diplomatiyasının strateji oxlarından birinə çevirməkdir. Bunun üçün də əsas fəaliyyətim ölkələrimiz arasında əməkdaşlığın canlandırılması üzərində işləməkdən ibarət olacaq.

Hazırda iki ölkə arasında əməkdaşlıq üçün çərçivə sazişi layihəsinin yekunlaşdırılması üzərində işləyirik. Bu ona görə vacibdir ki, saziş bütün digər fəaliyyətlər üçün hüquqi baza yaradacaq. Hazırda saziş imzalanana qədər bir sıra müxtəlif istiqamətlərdə konkret tədbirlər görülür. Yaranan canlanmanı hər iki tərəf konkret addımlarla nümayiş etdirir.

- Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünüz zamanı iki ölkə arasında iqtisadi-ticarət sektorunda əməkdaşlığın müəyyənləşdirilməsi məsələlərinə də toxunulub. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

- Burkina Faso Qərbi Afrikanın mərkəzində yerləşir. Bu coğrafi mövqe ona iqtisadiyyat və ticarət də daxil olmaqla bir sıra sahələrdə müəyyən strateji üstünlük verir. Bundan əlavə, daxildə ölkəmiz iqtisadiyyatın və ticarət mübadiləsinin təşviqi üçün əlverişli mühitə malikdir. İnvestorların və kommersiya mübadilələrinin ehtiyaclarına uyğunlaşdırılmış biznes mühitini misal göstərmək olar. Hər iki ölkənin sərvətlərinin kəşfiyyatı və istismarı üzrə çalışmaq üçün potensial var.

Biz Azərbaycanın Burkina Fasodakı investisiyalarını asanlaşdırmağa və təmin etməyə hazırıq, ölkəmizdən olan iş adamlarını Azərbaycana maraq göstərməyə həvəsləndiririk. Əminəm ki, hər iki tərəf üçün biznes imkanları mövcuddur.

- Azərbaycanla Burkina Faso arasında ticarət dövriyyəsi 2023-cü ilə qədər idxal-ixrac üzərində qurulub. Sizin fəaliyyətiniz dönəmində iki ölkə arasında ticarət dövriyyəsində hansı irəliləyişlər gözlənilir? Burkina Fasonun Azərbaycandan nə alması mümkündür? Azərbaycan Burkina Fasodan əsasən hansı məhsulları ala bilər?

- 2021-2023-cü illərdə ölkələrarası ticarət həcmi qənaətbəxş deyil. Bundan sonra mahiyyətcə idxal-ixracla məhdudlaşan bu ticarət həcmi daha çox strukturlaşdırılan investisiyalarla, investorlarla, texnologiya transferilə, həm də əsasən gənc və dinamik əhalimiz üçün iş yerləri yaratmaqla inkişaf etməlidir.

Hər iki tərəfdə müxtəlif sektorlar hələ araşdırılmayıb. Biz çalışacağıq ki, Azərbaycan tərəfi ilə Burkina Faso arasında ticarətin həcmi ikitərəfli münasibətlərimizin keyfiyyətini əks etdirsin. Ticarət baxımından bir çox sektorlar Burkina Fasonu maraqlandıra bilər. Bura karbohidrogenlər, energetika və xüsusilə də Azərbaycanın təcrübəsini təsdiq etdiyi "yaşıl enerji" sahəsi, bir sıra sahələrdə qabaqcıl texnologiyalar, müdafiə sənayesi məhsulları, kənd təsərrüfatı məhsulları və s. daxildir.

Azərbaycan isə bizim Afrikada böyük istehsalçısı olduğumuz kənd təsərrüfatı məhsulları - pambıq, küncüt, 2021-ci ildən markaya çevrilən şi yağı, eləcə də sənətkarlıq məmulatları ilə maraqlana bilər. Bundan başqa, Burkina Faso Qərbi Afrikanın ən böyük qızıl mədəni sektoruna malikdir. Eyni zamanda, manqan, fosfat kimi maddi sərvətlərimiz də var ki, Azərbaycan investorlarının marağına səbəb ola bilər.

- İki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün nə kimi planlarınız var?

- Bir neçə sektorda olduğu kimi, mədəniyyət sahəsinin də əlaqələrimizin rüşeym mərhələsində olduğunu etiraf etməliyik. Mədəniyyət hər bir xalqın kimliyidir və biz də Azərbaycan xalqı kimi öz mədəniyyətimizə bağlıyıq. Azərbaycan və Burkina Faso digər məsələlərlə yanaşı, artıq mədəniyyət sahəsindəki beynəlxalq forumlarda da bir-birini dəstəkləyir. Azərbaycanla müzakirə edə biləcəyimiz bir çox mədəni layihələrimiz də var.

Ölkəmiz mədəniyyət sahəsində Afrikanın əsas kəsişmə nöqtəsidir. Beynəlxalq səviyyəli mədəni tədbirlərə, o cümlədən hər il təşkil edilən Uaqaduqu Pan-Afrika Film və Televiziya Festivalı, eləcə də Beynəlxalq Əl Sənətləri Sərgisinə ev sahibliyi edirik. Bundan başqa, biz bir sıra digər mədəni tədbirlər həyata keçiririk. Bunlardan da ən mühümü Burkina Fasonun müxtəlif bölgələrinin zənginliyini və mədəni müxtəlifliyini, fərdi istedadlarını və s. qeyd edən Milli Mədəniyyət Həftəsidir.

Biz mədəni fəaliyyətlərdə qarşılıqlı şəkildə iştirak etmək üçün yarmarkalar və digər tədbirlərdə hər iki ölkənin incəsənət xadimlərinin iştirakını təşviq edəcəyik. Azərbaycan sənətkarlarını 2026-cı ilin oktyabrında keçiriləcək növbəti Beynəlxalq Əl Sənətləri Sərgisində görməkdən məmnun olarıq.

- Azərbaycandakı diplomatlar işğaldan azad edilmiş ərazilərə dəfələrlə səfər ediblər. Qarabağa səfər etmək planınız varmı?

- Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etmək üçün şərait yaranarsa, buna çox məmnun olarıq. Bununla da o əraziləri real olaraq görməklə, yaranan stereotiplərdən azad olmaq fürsəti qazanacağımıza ümid edirik.

- Siz etimadnamənizi cənab İlham Əliyevə təqdim edərkən Qarabağ zəfərindən sonra Fransanın Azərbaycana qarşı qərəzli mövqeyini qeyd etdiniz. Fransa müstəmləkəçiliyinə və zülmünə məruz qalmış bir ölkənin nümayəndəsi kimi bu barədə fikrinizi bir qədər genişləndirmənizi və Azərbaycanın neokolonializmlə mübarizəyə verdiyi dəstəyi dəyərləndirmənizi istərdik.

- Fransa Afrikanın bir çox dövlətləri, həmçinin Azərbaycan da daxil olmaqla dünyanın digər ölkələrinə qarşı mövqeyini dəyişməli və suverenliyimizə hörmətlə yanaşmalıdır. Bu ölkə Burkina Fasoya qarşı apardığı dezinformasiya müharibəsini Azərbaycana qarşı da edir. Fikrimizcə, bu, artıq on ildən çoxdur ki, bizə və ümumilikdə, Sahel ölkələrinə (Sahel - Afrikada Şimali Saxara ilə Cənubi Saxara arasında özünəməxsus keçid olan məhsuldar torpaqlara malik tropik savanna - red.) - Mavritaniya, Mali, Burkina Faso, Niger, Çad, Sudana tətbiq edilən imperialist müharibənin tərkib hissəsidir.

Biz bu cür davranışı kəskin şəkildə qınamalı və pisləməliyik. Hesab edirəm ki, Fransa keçmiş müstəmləkəçi kimi məqsədinə çatmaq üçün və bəzi beynəlxalq media üzərində güclü təsirə malik olduğuna əsaslanaraq beynəlxalq ictimai rəyin bir hissəsini manipulyasiya edir və bunu sui-istifadəyə çevirir. Biz bu dezinformasiya manevri qarşısında bütün tərəfləri ayıq-sayıqlığa və müdrikliyə çağırırıq.

Düşünürəm ki, bu, həm də ölkələrimizin dezinformasiyaya qarşı mübarizədə mümkün əməkdaşlığına imkan verəcək.

Fransanın bizim ölkələrimizdə istismar və əsarət siyasəti, başqa nüanslarla yanaşı, xalqlarımızın təkamülünü, inkişafını qəbul etməməsindən, qeyri-müəyyən yanaşmasından irəli gəlir. Ölkələrimizə hörmətsizlik, ayrı-ayrı liderlərə həqarətlər edilməsi dövlətlərimizin suverenliyinə ciddi zərbədir və bu artıq dözülməz səviyyədədir.

Seçilən
1
report.az

1Mənbələr