AZ

Konfrans Liqası: Azərbaycan təmsilçiləri bu gün cavab oyunlarını keçirəcəklər

Bakı, 13 avqust, AZƏRTAC

"Sabah" və "Araz-Naxçıvan" komandaları bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyunlarını keçirəcəklər.

AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi Masazırdakı "Bank Respublika Arena"da Bolqarıstanın "Levski" klubu ilə qarşılaşacaq. Ukraynalı baş hakim Mikola Balakinin idarə edəcəyi görüş saat 20:00-da start götürəcək.

Sofiyadakı ilk qarşılaşmada meydan sahibləri minimal hesablı qələbə qazanıblar. Bu cütün qalibi pley-off mərhələsində "AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsünü sınağa çəkəcək.

"Araz-Naxçıvan" isə Kiprdə "Omoniya" ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq matçın baş hakimi danimarkalı Yakob Kehlet olacaq. Naxçıvan təmsilçisi Bakıda keçirilmiş ilk görüşdə 0:4 hesabı ilə uduzub. Bu cütün qalibi Avropa Liqasında çıxış edən PAOK (Yunanıstan) - "Volfsberq" (Avstriya) cütünün məğlubu ilə qarşılaşacaq.

 

Seçilən
63
35
azertag.az

10Mənbələr