AZ

Pezeşkianın türk dili siyasəti bölgə dövlətləri ilə münasibətləri tam dəyişə bilər - şovinistlər qoysa...


Faiq Ələkbərli: “İranda milli adların verilməsi problemi öz həllini tapmalıdır”

İranda uşaqlara türk adlarının qoyulmasına tətbiq edilən məhdudiyyətlərlə bağlı başladılan "Balamın adı" kampaniyasına İran Prezidenti Məsud Pezeşkian reaksiya verib. Bu barədə "Azad İran" məlumat yayıb.

Məlumata görə, M.Pezeşkian 15 761 nəfərin imzaladığı petisiyanı nəzərə alaraq, İran Vətəndaş Qeydiyyatı İdarəsinə adlarla bağlı qoyulan qadağaların araşdırılması və aradan qaldırılması ilə bağlı göstəriş verib.

Xatırladaq ki, bir müddət öncə Azərbaycan türkləri arasında uşaqlara türk adlarının verilməsinin rəsmiləşdirilməməsi ilə bağlı problem yaranmışdı. Bu səbəblə vətəndaşlar "Balamın adı" kampaniyasına start verərək, Prezident Məsud Pezeşkiana, daxili işlər nazirinə və parlament sədrinə açıq məktub ünvanlamışdılar.

Pezeşkianın türk adları, türk dili ilə bağlı kursu İranın Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə münasibətlərinə necə təsir edə bilər?

“Pezeşkianın məlum addımı türk dövlətlərində də müsbət qarşılanacaq, çünki İran adlanan ölkə yalnız farslardan ibarət deyil”

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 100 ildir İran adlanan ölkəni qeyri-türklər idarə edir: “Pəhləvilər rejimi birmənalı şəkildə türk dilinə, mədəniyyətinə, türçülüyə qənim kəsilib. Baxmayaraq, Pəhləvilər rejimində idarəetmədə azərbaycanlı və türklər də yer alıb. Ancaq mahiyyət etibarı ilə pəhləvilər rejimi irançılığa əsaslandığı üçün azərbaycanlılıq və türkçülük böyük təqib və repressiyalara məruz qaldı. Bunu İran İslam rejimi də davam etdirdi. Halbuki, inqilabın ilk illərində İran İslam rejiminin başlanğıcında qeyri-fars xalqlarına müəyyən azadlıqların verilməsi özünü büruzə verdi. Xüsusilə, Konstitusiyanın 15-ci maddəsində qeyri-fars xalqlarının öz dillərində məktəbinin olması, mədəniyyətin təbliği, jurnal və qəzetlərin olması öz əksini tapmışdı. Bu müəyyən dərəcədə həyata keçdi. Ancaq İran İslam rejimi zaman-zaman həmin 15-ci maddəni arxa plana keçirdi, nəticədə 45-46 illik dövrdə türklərə qarşı repressiya gücləndi. Hətta iş o yerə gəlib çatdı ki, türklər öz övladlarına türk adı verə bilmədilər. "Balamın adı" kampaniyası məhz buna etirazdır. Insanlar öz balasına doğma saydığı türk adı qoymaq istəyir, övladlarını türk kimi böyütmək istəyir. Xatırladım ki, Pezeşkian prezident seçilməzdən öncə bununla bağlı fikrini bildirmişdi. Prezident seçiləndən sonra isə o, türk kimliyini ifadə etməyə çalışır. Pezeşkian öz türk kimliyinin fərqində olan bir şəxs kimi bu cür problemlərin həllinə yardımçı ola bilər. İstənilən halda molla rejimi başa düşür ki, türklərə güzəşt edilməlidir. Əslində bu güzəşt yox, bizim təbii haqqımızdır. Təbii haqları da artıq əldə etməliyik. Tək türk adları deyil, öz mədəniyyətimizi təbliğ etməliyik, türk dilində məktəblər açılmalıdır. İran dövləti öz Konstitusiyasında 15-ci maddəni həyata keçirmək məcburiyyətindədir. İrandakı xalqların ana dilində danışması, öz mədəni hüquqlarını istifadə etməsi reallığa çevrilməlidir. Türk dilində məktəblər olmalı, milli təşkilatlar, mədəni təsisatlar qurulmalıdır. Artıq bunun zamanıdır. İranın başqa yolu yoxdur, əks halda öz sonlarını sürətləndirəcəklər".

Həmsöhbətimiz hesab edir ki, Pezeşkianın məlum addımı türk dövlətlərində də müsbət qarşılanacaq, çünki İran adlanan ölkə yalnız farslardan ibarət deyil: “Burda əhalinin yarısı türklər, azərbaycan türkləridir. Bu səbəbdən də Pezeşkianın bu addımını molla rejimi də dəstəkləməlidir. Onların başqa çıxış yolu yoxdur. Çünki molla rejiminin türkçülüyə qarşı çıxması onların sonunu yaxınlaşdırır. Bu kimi addımlar onların ömrünü uzada bilər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, İranda milli adların verilməsi problemi öz həllini tapmalıdır. Heç bir ölkənin belə qadağa qoymağa haqqı yoxdur. İstənilən xalqın öz milli adlarını yaşatması təbii haqlarıdır.

Günel CƏLİLOVA

Seçilən
3
baki-xeber.com

1Mənbələr