AZ

Kartof qızartmalarındaki böyük təhlükə - Yeni araşdırma üzə çıxardı

British Medical Journal-da dərc olunan genişmiqyaslı araşdırma kartof qızartmasının müntəzəm istifadəsinin 2-ci tip diabet riskini artırdığını göstərib.

Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, həftədə üç dəfə qızardılmış kartof yeyənlərdə risk 20 faiz, beş dəfə yeyənlərdə isə 27 faiz yüksəlir.

Tədqiqatda qeyd olunub ki, qaynadılmış, bişmiş və ya kartof püresi istehlakı da riski 5 faiz artırır, lakin bu göstərici qızardılmış kartofa nisbətən xeyli aşağıdır. 1984-2021-ci illəri əhatə edən araşdırmada 205 min ABŞ səhiyyə işçisinin pəhriz vərdişləri izlənilib.

Araşdırma həmçinin kartofu tam taxıllarla əvəz etməyin 2-ci tip diabet riskini 8 faiz azaltdığını üzə çıxarıb. Dietoloq Dr. Kawther Hashem bildirib ki, kartof sağlam pəhrizin bir hissəsi ola bilər, lakin bişirilmə üsulu çox önəmlidir:
"Haşlanmış, bişmiş və ya püresi yağda az, lif, C vitamini və kaliumla zəngindir. Qızardıldığında isə yağ və duz miqdarı artdığı üçün diabet və çəki riski yüksəlir."

Milli.Az

Seçilən
16
1
milli.az

2Mənbələr