BAKI, 14 avqust. TELEQRAF
Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanı, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri, ordu generalı Bəxtiyar Ərsaya yeni vəzifə verilib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.
Sərəncama əsasən, Bəxtiyar Ərsay Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının Birinci Ordusunun komandanı təyin olunub.
Xatırladaq ki, avqustun 5-də B.Ərsaya ordu generalı rütbəsi verilib.
Qeyd edək ki, Bəxtiyar Ərsay bir müddət Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi vəzifəsində çalışıb. 2021-ci ildən Azərbaycanda Xidmət Qrupu Komandanlığında xidmətə başlayıb.
Bəxtiyar Ərsay 2022-ci ildə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib.