Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə və Astara rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə “Şəfəq” Ekoturizm ictimai birliyinin icra etdiyi “Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində 05.08.2025-ci il tarixində Astara rayonun Sım kəndində, 12.08.2025-ci il tarixində isə Siyakü kəndində seminar-müzakirə xarakterli tədbir həyata keçirilib.
Tədbirlərdə ümumilikdə 35 nəfərdən yuxarı kənd yaşıl turizmi və kənd təsərrüfatının müxtəlif istiqamətlərində çalışan sahibkarlar, bu sahəyə maraqlı yerli kənd sakinləri iştirak edib.
Tədbirin proqramı və layihənin məqsədi, layihəyə maliyyə dəstəyi göstərən QHT Agentliyi ilə bağlı birliyin prezidenti, layihə rəhbəri Vamiq Babayev tərəfindən geniş məlumat verilib, layihənin hədəfləri iştirakçıların diqqətinə çatdırılıb. Siyakü kəndində təşkil edilən tədbirdə iştirak edən Astara rayon İcra Hakimiyyətinin əməkdaşı Sübhan Əlizadə və Siyakü kənd İƏV üzrə nümayəndəsi Xəlil Zahirov çıxış edərək dövlətin turizm sahəsinə, o cümlədən kənd turizminə diqqət və qayğısını qeyd edib, kənddə turizmin müxtəlif növlərinin inkişafı ilə bağlı icra olunan layihələr barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb və belə layihələrin kənddə icra edilməsinin əhəmiyyətini vurğulayıblar.
Birliyin idarə heyyətinin üzvü, layihə üzrə ekspert Rafət Şirəliyev tərəfindən hər iki tədbirdə iştirakçılarla kənd yaşıl turizm fəaliyyəti, turizm və kənd təsərrüfatının uyğunlaşdırılması, kənd turizmi məhsulları və onların yaradılması, faydaları, regionda yaşıl turizm imkanları, kənd yaşıl turizmi sahibkarlıq fəaliyyəti kimi, biznes yanaşması mövzusunda məlumatları bölüşüb və müzakirələr aparılıb.
Geniş müzakirələrdən sonra iştirakçılar tədbirin onlar üçün əhəmiyyətini qeyd edib gələcəkdə kənd təsərrüfatı sahibkarlarına kənd yaşıl turizm fəaliyyətinin qurulmasında əlavə dəstəyin verilməsinin vacib olduğunu qeyd ediblər.
Məlumat üçün bildiririk ki, layihənin yekununda KİV, QHT, Turizm şirkətlərinin nümayəndələri və digər ictimai-fəal gənclərin iştirakı ilə Astara və Lənkəran rayonuna 2 günlük infoturun təşkili də nəzərdə tutulub və bu barədə tədbir iştirakçılarına məlumat verilib.
Qeyd edək ki, layihənin məqsədi müvafiq olaraq istehsal və xidmət sahəsində kiçik və orta sahibkarlığı inkişaf etdirmək, ailə kəndli təsərrüfatlarının fəaliyyətini stimullaşdırmaq, onların məşğulluq problemlərinin həllinə kömək etmək və kənd yaşıl turizm məhsul və xidmətlərinin alıcılara çatdırılmasını təşviq etməkdir.







