AZ

Donnarumma satışa çıxarıldı

Parisdə çoxdan gözlənilən qərar verilib. PSJ rəhbərliyi Canluici Donnarummanı satışa çıxarıb.

Məşhur insayder Nikolo Skiranın yaydığı məlumata görə, italiyalı qapıçı və PSJ arasında müqavilənin yenilənməsi ilə bağlı razılıq əldə olunmayıb. Tərəflərin hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi. Skiranın məlumatında klubun futbolçunu azad agent kimi buraxmaq istəmədiyi qeyd olunur. Artıq futbolçunun adının Avropa Superkubokunun “Tottenhem” ilə oyunu üçün iştirak ərizəsindən çıxarıldığı da məlum olub.

26 yaşlı Canluici PSJ-yə 2021-ci ildə “Milan”dan keçib. O vaxtdan indiyədək komandanın heyətində bütün turnirlərdə 161 oyuna çıxıb və 156 top buraxıb. Son xəbərlərdə İtaliya yığması ilə Avropa çempionu olan futbolçunun “Çelsi” və “Mançester Yunayted”in maraq dairəsinə düşdüyü qeyd edilir. İngiltərə nəhənglərinin artıq onun yaxın ətrafı ilə təmas qurduqları məlum olub.

Yeri gəlmişkən, PSJ heyətinə yeni qapıçı cəlb edib: “Lill”dən Lukas Şevalye transfer edilib. Klubun mətbuat xidmətinin məlumatında 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalandığı bildirilib. 40 milyon avroya alınan əlcək sahibi yeni komandasında “30” nömrəli forma ilə çıxış edəcək. Lukas karyerası ərzində 209 oyuna çıxaraq 224 qol buraxıb və 69 matçda qapısını toxunulmaz saxlayıb.

Seçilən
4
football-plus.az

1Mənbələr