AZ

Ermənistanla sərhədlərdə etimad quruculuğu tədbirləri başlanır...


Zaur İbrahimli: “Hələ atəşkəs dövründə etimad quruculuğu ilə bağlı addımlar atılmışdı”

Azərbaycan və Ermənistan sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin icrası üçün ikitərəfli komissiyalar yaradacaq. Bu, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmış mətnində əksini tapıb.

Qeyd edilib ki, Tərəflər bu Sazişin tam icrasına zəmanət verir və hazırkı Sazişin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcəklər. Bu Komissiya Tərəflər arasında razılaşdırılacaq modallıqlar əsasında fəaliyyət göstərəcək: “Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər”.

Maraqlıdır, ekspertlər Azərbaycanla Ermənistan arasında etimad quruculuğu məsələsinin mahiyyətini necə təsəvvür edir?

“Etimad quruculuğu üçün hər hansı bir təxribat və insidentlərin qarşısını almaq üçün birgə çevik mexanizmlər yaradıla bilər”

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, ikitərəfli komissiya yaradılması, onun fəaliyyətinin təşkili ilə bağlı tərəflərin uğurlu təcrübəsi var: “Delimitasiya və demarkasiya, sərhəd təhlükəsizliyi ilə bağlı komissiyaların fəaliyyəti göz önündədir. Bu komissiyaların fəaliyyəti hər iki ölkənin müvafiq hüquqi prosedurları ilə təsdiqlənmiş reqlament əsasında icra edilir. Həmçinin, Gürcüstan sərhədindən başlayaraq cənub istiqamətinədövlətlərarası delimitasiya və demarkasiya işlərinə başlanılıb. Sülh sazişinin paraflanmış mətnində bu fəaliyyətin davam etdirilməsi ilə bağlı müddəa var. Həmin müddəadan da görünür ki, tərəflər hər hansı üçüncü tərəfin sənədinə istinad etməyəcək, yalnız özləri delimitasiya və demarkasiya prosesini həyata keçirəcək. Bu olduqca müsbət addımdır, ümumiyyətlə, üçüncü tərəfin prosesə müdaxiləsi üçün heç bir zəmin yaranmır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, sülh sazişinin icrası ilə bağlı ayrıca komissiyaların yaranması hər iki tərəfdən müxtəlif sahələri təmsil edən mütəxəssislərdən ibarət olacaq: “Bu komissiyalar müvafiq təkliflər hazırlayacaq. Həmin təkliflər ölkə rəhbərliyi səviyyəsində müzakirə olunacaq və icraya yönəldiləcək.

Onu da deyim ki, hələ atəşkəs dövründə etimad quruculuğu ilə bağlı addımlar atılmışdı. Ölkələrin ictimaiyyəti arasında, media strukturlarının kommunikasiyası olub. Qarşıdakı dövr ərzində də bu istiqamətdə tədbirlər davam edəcək. Eyni zamanda, cəmiyyətlərin sülhə hazırlanması istiqamətində işlər görülməlidir. Bu, Ermənistana aiddir. Vaşinqtonda paraflanan sülh sazişi ilə bağlı konsensus var. Bu baxımdan Ermənistan hakimiyyəti, Paşinyan komandası əhalini buna hazırlamaq üçün böyük miqyaslı işlər görməlidir. Etimad quruculuğu üçün hər hansı bir təxribat, insidentlərin qarşısını almaq üçün birgə çevik mexanizmlər yaradıla bilər. Ümumiyyətlə, etimad quruculuğu o deməkdir ki, İrəvanın istəyi qəbul olunmayıb və üçüncü tərəflərə məxsus qüvvələrin çıxarılması delimitasiya prosesinin başa çatmasından öncə həyata keçirilməlidir”.

Z.İbrahimlinin sözlərinə görə, sərhəd bölgəsində təhlükəsizliyin təmin olunması xüsusi yanaşma tələb edir, bu olduqca vacib məsələdir. Bu mexanizm nə qədər effektli olarsa, anlaşılmazlıqdan qaçmaq o qədər rahat olar: “Mümkün təxribatların, təsadüfi insidentlərin arzuolunmaz nəticələr çıxarmaması üçün anında addımlar atılmalıdır. Bunun üçün də lazımi işlər görüləcək”.

Günel CƏLİLOVA

Seçilən
8
baki-xeber.com

1Mənbələr