“Problemlər bir-birinin ardınca artır, amma heç kim bu problemləri ciddi şəkildə həll etməyə çalışmır… Elm və Təhsil Nazirliyi isə heç təhsil sahəsinin problemlərinin monitorinqini aparmır, handa qala, onların həll yollarını axtarsın…”
“Bu sahədə digər bir gərginlik mənbəyi isə təxminən 25 il əvvəl heç bir real ehtiyac duyulmadan Azərbaycan Müəllimlər İnstitutunun yaradılması oldu…”
Təhsil eksperti İlham Əhmədov Moderator.az-a açıqlamasında son dövrlər müəllimlərin MİQ imtahanlarından yüksək balla keçmələrinə baxmayaraq vakant yerlərin olmaması və işlə təmin edilməmələri məsələsini şərh edib.
O bildirib ki, müəllimlərin işə qəbul imtahanlarının nəticələri ilə bağlı müxtəlif gərginliklər yaşanır və bəzi ixtisaslarda çalışan müəllimlər 90 bal və daha yüksək nəticə əldə etmələrinə baxmayaraq işə qəbul ola bilmirlər. Əhmədov bu vəziyyətin Azərbaycanda son 30 ildə təhsil sistemində edilən ciddi səhvlərlə əlaqəli olduğunu vurğulayıb. O, qeyd edib ki, bu problem yalnız müəllimlik sahəsində deyil, əmək bazarında digər ixtisaslar üzrə də çox sayda diplomlu, savadlı insanlar on illərdir ki, işsizdir.
Ekspertin sözlərinə görə, hər il ali məktəblərə qəbul planlarının artırılması və işsizlik məsələsi əmək bazarında disproporsiyaya yol açır. Həmçinin, Azərbaycan hər 100 min nəfərə düşən ali təhsillilər baxımından regionda geridə qalır. Məsələn, bu göstəriciyə görə hətta Orta Asiya və qonşu Cənubi Qafqaz ölkələri də bizdən irəlidədir. Bu problem isə uzun müddət ərzində diqqətdən kənarda qalıb və buna qarşı effektiv tədbirlər görülməyib.
Ali təhsilin kütləviləşməsi tendensiyasının güclənməsi ilə bağlı danışan ekspert, xüsusilə 2000-2010-cu illərdə onlayn təhsil sahəsində böyük inkişaf yaşandığını qeyd edib: “Məsələn, 2000-ci ildə Rusiyada təxminən 1 milyon şagird orta məktəbi bitirirdi, amma universitetlərin qəbul planı 1 milyon 100 min nəfər idi... Lakin bu kütləviliklə yanaşı, əmək bazarının və iqtisadiyyatın da bu ali savadlı kütləni qəbul edə bilməsi vacibdir. Və yaxud həmin şəxslər özləri biznes qurmalı və ya sahibkarlıq fəaliyyətinə yönəlməlidirlər. Bu başqa sferanın problemləridir. Bu məsələ çox ciddi və müxtəlif aspektlərə malikdir. Ali təhsilli şəxslərin və alimlərin sahibkarlıq fəaliyyətinə başlaması da çətinliklərlə üzləşir. Çünki bu sahədə də monopoliya, qanunların sərtliyi və ya düzgün tətbiq edilməməsi, verginin çox olması və s. Kimi əngəllər peyda olur. Bütün bu problemlər bir-biri ilə çox sıx bağlıdır...”
Konkret olaraq müəllimlərin işə qəbul problemlərinə gəldikdə, İlham Əhmədov bir çox müəllimlərin sosial şəbəkələrdə yazdıqlarına istinad edərək bəzi regionlarda məktəb direktorları və məmurların vakant yerləri gizlətmələri və sonra qanun pozuntuları ilə müqavilə bağlamaları barədə məlumat verməsindən danışıb.
“Nəticədə sonradan müəyyən şərtlər və qanun pozuntuları ilə müqavilələr bağlanaraq insanlar işə qəbul edilir. Digər hallarda dərs saatları gizlədilir, sonra isə başqa müəllimlər arasında bölüşdürülür. Bu vəziyyət təhsil sistemindəki ciddi nöqsanlardan biridir, amma bu nöqsanların aradan qaldırılması da həmin problemin həlli yolu deyil. Yəni əgər deyilən nöqsanlar aradan qaldırılsa da, bu problem həllini tapmayacaq”,- deyə ekspert bildirib.
Ekspert problemlərin həlli üçün ciddi araşdırmaların aparılmalı olduğunu və bu sahədə 20 il əvvəl hazırlanmış "Fasiləsiz Pedaqoji Təhsil Strategiyası və Konsepsiyası"nın icrasız qaldığını xatırladıb. Təəssüf ki, Təhsil Nazirliyi və Dünya Bankı tərəfindən hazırlanmış bu sənədin icrasına hökumət tərəfindən maliyyə vəsaiti ayrılmadığı üçün o, həyata keçirilmədi. Onun sözlərinə görə, təhlilsiz və impulsiv qərarlar qəbul etmək əvəzinə, təhsil sistemində daha sistemli yanaşmalar həyata keçirilməlidir.
Problemlər bir-birinin ardınca artır, amma heç kim bu problemləri ciddi şəkildə həll etməyə çalışmır. Daha da pisi, bu problemlərin dəqiq analizi və dərk edilməsi belə aparılmır. Elm və Təhsil Nazirliyi isə heç təhsil sahəsinin problemlərinin monitorinqini aparmır, handa qala, onların həll yollarını axtarsın…”
İlham Əhmədov həmçinin, təxminən 25 il əvvəl yaradılan Azərbaycan Müəllimlər İnstitutunun və onun filiallarının fəaliyyətinin səmərəsiz olduğunu bildirib:
“Bu sahədə digər bir gərginlik mənbəyi isə təxminən 25 il əvvəl heç bir real ehtiyac duyulmadan Azərbaycan Müəllimlər İnstitutunun yaradılması oldu
Bu institutun regionlarda 11 filialı quruldu və çox tələsik şəkildə müəllimlər oraya cəlb edildi. Təəssüf ki, bu filiallarda fəaliyyət göstərən müəllimlərin və professor-müəllim heyətinin potensialı çox zəif idi. Nəticədə, həmin kollektivlər də özlərindəki zəif potensialla natamam müəllimlər yetişdirməyə başladı və əmək bazarına tam hazırlıqsız kadrlar təqdim etdilər. Bu da əmək bazarında gərginliyi daha da artırdı.
Bu vəziyyət həm də sistemsizliyin və plansızlığın bir təzahürüdür. Təsəvvür edin ki, dövlət Müəllimlər İnstitutu və onun filiallarının açılmasına o qədər pul xərclədi, amma nəticədə hazırlıqsız müəllimlər meydanda daxil oldu və bu da əmək bazarında daha da şişməyə və gərginliyə səbəb oldu. Bu cür səhv qərarlar da təhsil sisteminin ciddi problemlərinin daha dərinləşməsinə və inkişaf etməsinə yol açıb…”
Sultan Laçın