ain.az bildirir, Azpolitika.az portalına istinadən.
ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda imzalanan bəyannamədə həm İrəvanın, həm də Bakının ikitərəfli münasibətlər qurmağa hazır olduqlarını təsdiq edən bənd var. Bunu Ermənistanın hakim “Mülki Müqavilə” partiyasının deputatı, parlamentin Xarici Əlaqələr üzrə daimi komitəsinin üzvü Hasmik Akopyan yerli mətbuata açıqlamasında deyib.
Akopyan Ermənistan hakimiyyətinin Ermənistanda və Azərbaycanda fəaliyyət göstərən müxtəlif ictimai təşkilatlara iki cəmiyyət arasında dialoq qurmaq üçün platformalar təqdim etməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandırıb.
O, bunun mümkünlüyünə eyham vurub və deyib ki, münasibətlər iqtisadi, sosial, idman və mədəni əlaqələri əhatə etməlidir: "Biz bir yerdən başlamalıyıq. Asan olacaqmı? Xeyr. Amma bizim cəmiyyətlərimizi hazırlamaq öhdəliyimiz var. Bəli, bəlkə bu gün deyil. Bəlkə bir neçə ildən sonra. Amma bu, uşaqlarımızın və nəvələrimizin dinc yaşaması üçün edilir. Hazırda bunun üçün lazımi zəmin yaradırıq".
Eyni zamanda o, belə addımların Ermənistanda yeni tənqid dalğasına səbəb ola biləcəyini anladıqlarını deyib. Deputatın etiraf etdiyi kimi, bu cür tənqidlər onlar üçün adi hal alıb: "Amma buna baxmayaraq, biz əminik ki, addımlarımız düzgündür. Bizi arxamızdan eşidilən bəzi qışqırıqlar dayandırmayacaq. Əsas odur ki, bizdə real sülh olsun. Buna yavaş-yavaş yaxınlaşmaq lazımdır. Həm biz, həm də Azərbaycan bunu şüurlu şəkildə edəcəyik, çünki başa düşürük ki, nədənsə başlamaq lazımdır. Aydındır ki, belə işlər dərhal və bir gecədə edilmir".
Eyni zamanda, hakim partiyanın deputatı qeyd edib ki, hələlik turistlərin qarşılıqlı səfərlərindən, bir masa arxasında birgə toplantılardan və s. söhbət getmir. Buna baxmayaraq, deputat ermənilərin və azərbaycanlıların faktiki olaraq qonşuluqda yaşadıqları ortaq sovet keçmişini xatırladıb: "Sonra hamımızın başa düşdüyü kimi, siyasi köklərə malik olan müəyyən şəraitə görə vəziyyət gərginləşdi. Bizim aramızda uzun illər davam edən və dayandırılmalı olan müharibə başladı".
Göründüyü kimi, erməni cəmiyyətini sülhə və Azərbaycanla normal münasibətə hazırlamaq asan deyil. Bu toplumda kök salmış Türk düşmənçiliyi, qatı millətçilik, erməni kilsəsinin mənfi təsirləri, Rusiya agenturasının siyasi qarşıdurmaya səbəb olan fəaliyyətləri və s. məsələlər ermənilərin Azərbaycanla normal, sivil münasibətlər qurmasını hələ uzun müddət əngəlləyəcək.
C.Məmmədli
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.