ain.az, Bakupost portalına istinadən məlumat verir.
Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə baş tutan Azərbaycan–Ermənistan danışıqları Cənubi Qafqazda yeni geosiyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Danışıqlar nəticəsində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlandırılan nəqliyyat dəhlizinin açılması və 99 il müddətinə ABŞ-nin nəzarətinə verilməsi, bölgədə maraqlı tərəflər arasında güc balansını dəyişə biləcək addım kimi dəyərləndirilir.
Bakupost.az xəbər verir ki, politoloq Turan Rzayevin fikrincə, bu dəhliz yalnız regional deyil, qlobal rəqabət kontekstində də mühüm rol oynayır:

“Sirr deyil ki, ABŞ üçün bu dəhliz həm də Çinin “Bir Kəmər, Bir Yol” layihəsinin Qafqaz ayağını balanslaşdırmaq baxımdan əhəmiyyətlidir. O zaman maraqlı bir sual yaranır: ABŞ aktiv şəkildə regiona daxil olarkən, əsas rəqibi Çin niyə səssizliyini qoruyur?
Çinin səssizliyinin müxtəlif izahı ola bilər. Lakin ilk qeyd edilməli məqam Pekinin bu kimi situasiyalarda sərgilədiyi mövqedir. Müşahidələrimdən gəldiyim qənaət budur ki, Çin adətən, strateji maraqlarına toxunan məsələlərdə açıq reaksiya verməkdə tələsmir. Xüsusən də üçüncü tərəflərin təşəbbüsləri qarşısında daha çox “gözləmə və qiymətləndirmə” mövqeyi tutur. Müqayisə üçün deyim ki, Rusiya və İran bunun tam tərsini edir.
Mövcud situasiyada Çinin səssizliyinə dair ilk və ən ağlabatan versiya alternativ marşrutların mövcudluğudur. Xüsusilə bu məqam Pekinə strateji elastiklik verir. Daha dəqiq desək, Gürcüstan və İran marşrutları Çinin nəzərindən çıxmayıb. Əksinə, son illərdə Pekin həm İrana, həm də Gürcüstana böyük miqdarda investisiya yatırıb. Digər tərəfdən, Azərbaycan özü də hər iki marşrutun davamlılığı, hətta gələcəkdə daha da inkişafında maraqlıdır. Bu baxımdan Çin Zəngəzur dəhlizinə qarşı açıq reaksiya vermədən, sakit şəkildə alternativ və ya paralel layihələrin üzərində işləyə bilər.
Lakin bir də məsələnin daha fərqli, subyektiv versiyama dayanan tərəfi var. Hesab edirəm, Azərbaycanla Çin arasında daha mühüm bir razılaşma var. Söhbət icrası illərdir siyasi, iqtisadi və texnoloji səbəblərdən reallaşmayan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsindən gedir. Transxəzər layihəsi, ya da dəhlizi həm Çin, həm də Azərbaycan üçün çox əhəmiyyətlidir.
Prezident İlham Əliyevin Çinə son səfəri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Səfər zamanı iki ölkə arasında bir çox saziş, o cümlədən strateji tərəfdaşlıq haqqında sənəd imzalandı. Bu sənəddə Transxəzər marşrutu ilə bağlı gizli razılaşmalar da ola bilər.”
Politoloqun fikrincə, bu layihənin icrası texniki baxımdan çətin və riskli olsa da, Çin üçün mümkündür:
“Uzun müddət Xəzərin statusu məsələsində fikir ayrılıqları daha qabarıq olsa da, son illərdə mübahisəli hüquqi status məsələləri artıq müəyyən qədər həllini tapıb. Məhz buna görə bu qənaətdəyəm ki, Çin üçün hüquqi manevr imkanları hazırda yaranıb.
Təbii ki, işin texniki tərəfləri var. Xəzərin dibindən optik internet kabeli artıq bəzi ölkələr arasında çəkilib. Dəmir yolu tuneli və ya sualtı qaz kəməri layihəsi də texniki baxımdan mümkündür. Düzdür, icrası kifayət qədər bahalı və risklidir, amma Çinin maliyyə və texnoloji resursları belə bir layihəni reallaşdırmaq üçün yetərlidir.
Nəzərə almaq lazımdır ki, 99 il kifayət qədər uzun bir müddətdir və Çin daha tez vaxta Transxəzər layihəsini həyata keçirib, nəzarət sahibi ola bilər. Bu zaman isə hazırda ABŞ-nin “Tramp marşrutu” fonunda etdiyini Çin edə bilər.
Çinin Rusiya ilə münasibətlərdə səmimi olduğunu düşünmürəm. Bu məsələdə balanslı görünməyə çalışan Pekin, eyni zamanda alternativ marşrutların olmasını istəyir. “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Rusiya üzərindən keçən Şimal marşrutuna alternativ olaraq Transxəzər-Orta Dəhliz (Çin–Qazaxıstan/Türkmənistan–Xəzər–Azərbaycan–Gürcüstan–Avropa) marşrutu Çinin strateji ehtiyat planıdır. Əslində, Rusiya-Ukrayna müharibəsi bu marşrutun əhəmiyyətini bir daha göstərdi.
Azərbaycan üçün isə belə bir razılaşma həm geosiyasi statusunu gücləndirir, həm də ölkəni regionun enerji və informasiya tranziti baxımından mərkəzə çevirir. Azərbaycan artıq Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Əgər Transxəzər marşrutu reallaşarsa, bu, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi və digər infrastruktur xətləri ilə inteqrasiya olunaraq Azərbaycanın qlobal logistika şəbəkəsində rolunu artırar.”
Turan Rzayev həmçinin bildirib ki, Bakı nə Qərbdən, nə Rusiyadan, nə ABŞ-dən, nə də Çindən asılı olmaq istəyir:
“Əksinə, bu güclərin maraqlarını ölkənin tranzit üstünlükləri üzərində balanslaşdırmağa çalışır. Zəngəzur dəhlizinin açılması da bu strategiyanın bir hissəsidir. Başqa cür desək, Ermənistanla normallaşma, Türkiyə ilə əlaqələrin dərinləşməsi, İranla ehtiyatlı əməkdaşlıq və Çinə yeni marşrutlar təqdim etməklə Azərbaycan özünü regionun geosiyasi “dəhliz lideri” kimi formalaşdıra bilər.
Hər halda Transxəzər layihəsi hazırda yalnız ideya və diplomatik hazırlıq mərhələsində ola bilər, lakin əgər Çin qərar verərsə, bu layihənin reallaşması üçün texniki və maliyyə resursları təmin edilə bilər. Onu da deyim ki, bu cür strateji layihələr qısamüddətli nəticələrə hesablanmır.
Azərbaycanın diplomatik çevikliyi, geosiyasi mövqeyi və enerji-logistika potensialı bu layihənin mərkəzi halqasına çevrilməsinə imkan verir. Çinin səssizliyi isə, bəlkə də, bu razılaşmanın artıq masada olduğunu, lakin açıqlanmadığını göstərir. Yəni bu səssizlik “susqun razılıq” ola bilər.”
Aysel,
BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.