AZ

"Əsas məsələ Trampla Putinin razılaşması deyil..." Zərdüşt Əlizadə

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp ilə rusiyalı həmkarı Vladimir Putinin gözlənilən görüşü avqustun 15-də Alyaska ştatında baş tutacaq. Görüşdə Ukrayna müharibəsi və ikitərəfli münasibətlərin müzakirə olunacağı gözlənilir.

Bəs, Alyaska görüşündən gözləntilər nədən ibarətdir?

Mövzu ilə bağlı siyasi şərhçi Zərdüşt Əlizadə Bakupost.az-a açıqlamasında bildirib ki, görüşdə Amerika və Rusiya prezidentləri iki dövlət arasındakı mürəkkəb məsələləri müzakirə edəcək:

“Hər halda dünya mətbuatı yazır ki, görüşün əsas mövzusu Ukrayna olacaq. Tramp deyib ki, Ukraynada sülhə nail olacağam. Artıq Amerika mətbuatı açıq yazır ki, atəşkəsin əldə edilməsi üçün Moskva Ukraynanın Krımdan və dörd vilayətdən əl çəkməsini, onların Rusiya ərazisi olduğunu tanımasını tələb edəcək. Həmçinin Ukraynadan NATO üzvlüyündən imtina və özünün neytral dövlət statusunu etiraf etməyi istəyirlər. Bunlar Rusiyanın tələbləridir. Bildirilir ki, Tramp da bu tələbləri qəbul etməyə meyillidir. Lakin məndə sual yaranır: Məgər Tramp Ukrayna xalqı və Ukrayna prezidentidir? Ukrayna dövlətinin, onun ərazisinin və suverenliyinin müqəddəratını Tramp həll etmir. Bunu Ukrayna xalqı, Ukrayna prezidenti və Ukrayna ordusu həll edir.

Xatırlatmaq istəyirəm ki, Qarabağı itirmiş Azərbaycan rəhbərliyinə 1994-cü ildə atəşkəsdən sonra bütün Qərb dövlətləri tərəfindən az qala israrla məsləhət verilirdi ki, Qarabağdan əl çəksin. Azərbaycan hakimiyyəti nə etdi? 30 ildən sonra Qarabağı qaytardı. Ukrayna da bunu edə bilər. Ukrayna prezidenti açıq şəkildə deyib ki, xalq mənə ərazilərdən imtina hüququ vermir və Ukrayna Konstitusiyası da ərazilərdən imtina hüququnu qadağan edir”.

Z.Əlizadə vurğulayıb ki, əsas məsələ Trampla Putinin razılaşması deyil, Ukrayna xalqının öz vətənini qorumaq əzmi, qüdrəti və dözümüdür:

“Əgər Ukrayna xalqı öz torpaqlarından imtina etməsə, heç kəs onu buna məcbur edə bilməz. Trampın rəhbərliyi altında Amerika Ukraynanı dəstəkləməkdən imtina edib. Lakin Avropa dövlətləri hələlik Ukraynanın müdafiə hüququnu tanıyır və israrla bildirirlər ki, biz heç vaxt Ukrayna ərazisinin Rusiya tərəfindən işğalının tanınmasına razı olmayacağıq”.

Lalə Novruz,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
www.bakupost.az

1Mənbələr