BAKI, 13 avqust. TELEQRAF
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Teleqraf-a müsahibəsində Prezidentin İlham Əliyevin ABŞ səfəri, əldə edilə nəticələr, Zəngəzur dəhlizinin icarə əsasında açılması və digər mövzulardan danışıb.
Onunla müsahibəni təqdim edirik.
- Mətin bəy, Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması yekunlaşdı. Yekun sülh sazişinin Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasından sonra imzalanacağı açıqlanıb. Bu halda Zəngəzur dəhlizinin sülh sazişindən öncə açılmaq ehtimalı varmı?
- Bu ehtimal yüksəkdir. Zəngəzur dəhlizinin açılması ilə bağlı Vaşinqtonda razılıq əldə edilib. Digər məsələlər ABŞ ilə Ermənistan arasında həll olunmalıdır. Tərəflərin hər ikisi maraqlıdır ki, yaxın perspektivdə dəhliz açılsın. Yaxın zamanlarda Ermənistan hökuməti ilə ABŞ arasında Zəngəzur dəhlizinin açılmasına yönəlik praktiki addımların şahidi ola bilərik.
- Zəngəzur dəhlizinin açılmasına qarşı region dövlətləri, xüsusilə Rusiya və İran daha aqresiv münasibət sərgiləyir. Kremlin siyasi müstəvidəki bəyanatları fonunda İrandan daha aqressiv yanaşmalar var. İranı narahat edən nədir?
- Rusiya və İran dəhlizin açılmasına ciddi maneə törədə bilməyəcək. İran özündə belə bu prosesə ikili yanaşma var. Ölkə daxilində radikal qanad Zəngəzur dəhlizinin açılmasına qarşı aqressiv mövqe nümayiş etdirir. Hətta bu qruplardan təhdid mesajları da eşidilir.
İran Prezidenti Məsud Pezeşkianın təmsil olunduğu qrup isə məsələyə fərqli yanaşır. Bu qrup açılacaq dəhlizin İranın maraqlarına ziddi olmadığını qeyd edir. İstənilən halda İranın bu prosesə mane olmaq gücü yoxdur. Bu ölkənin özünün daxilində kifayət qədər problemləri var. Tehran buna cəhd edərsə, ciddi problemlərlə üzləşə bilər.
- Bəs Rusiya?..
- Kremldən dəhlizlə bağlı əks fikirlər səsləndirilsə də, açıq demarşlar gələcəyi ehtimalı azdır. Amma perspektivdə Rusiya və İranın prosesin qarşısını almaq üçün müəyyən birgə cəhdləri olacaq. Bu cəhdlərin nəticəyə gətirib çıxaracağı ehtimalı azdır.
- ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə qarardan sonra sülh üçün yeganə əngəl Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsi qalır. İrəvan bu öhdəliyi qısa zamanda icra edə biləcəkmi?
- Ermənistan hökumətinin hazırda üzərində böyük bir məsuliyyət var. Onlar qarşıdakı perspektivdə sülh sazişinin imzalanması üçün konstitusiya dəyişikliyinə getməlidirlər. Bunun fonunda Ermənistan daxilindəki siyasi vəziyyət nəzərə alınsa, konstitusiya dəyişikliyi kifayət qədər mürəkkəb məsələ kimi qalır.
2026-cı ilin iyununda Ermənistanda parlament seçkiləri keçirələcək. Eyni zamanda ölkədə konstitusiya dəyişikliyinə qarşı revanşist qüvvələr var. Revanşistləri isə bəlli qüvvələr və dövlətlər dəstəkləyir. Onlar çalışacaqlar konstitusiya dəyişikliyinə mümkün qədər mane olsunlar.
Minsk Qrupunun buraxılması ilə bağlı artıq birgə qərar qəbul edilib. Əgər erməni tərəfi regionda qalıcı sülhə nail olmaq istəyirsə, yubatmadan konstitusiya dəyişikliyinə getməlidir.