AZ

“Qərb-2025” təlimlərində nüvə silahından istifadənin planlaşdırılması məşq ediləcək  

Belarusun müdafiə naziri Viktor Xrenin Prezident Aleksandr Lukaşenkoya qapalı məruzədən sonra jurnalistlərə bildirib ki, Belarus-Rusiya “Qərb-2025” təlimlərində nüvə silahı və “Oreşnik” sistemindən istifadənin planlaşdırılması məşq ediləcək.

BelTA dövlət agentliyi nazirin dediklərinə istinadən xəbər verir ki, təlimlərdə nüvə silahından istifadənin planlaşdırılması üzrə təcrübə aparılacaq: “ Bu, bizim üçün strateji çəkindirmənin mühüm elementidir. Dövlət başçısının tələb etdiyi kimi, biz hər şeyə hazır olmalıyıq. Biz qərb və şimal sərhədlərimizdə vəziyyəti görürük və militarizasiyanı və hərbi fəaliyyəti sakitcə izləyə bilmərik. Biz açıqlığımızı və sülhsevərliyimizi nümayiş etdiririk, lakin dövlətimiz hər zaman hər bir vəziyyətə hazır olmalıdır”.

Müdafiə naziri əlavə edib ki, belarus hərbçiləri və rusiyalı həmkarları təlimlər zamanı “Oreşnik” sistemindən istifadənin planlaşdırılmasını da məşq edəcəklər.

Belarus və Rusiya silahlı qüvvələrinin “Qərb-2025” birgə təlimləri sentyabrın 12-dən 16-dək keçiriləcək.Təlimi Respublika Silahlı Qüvvələrinin Baş Qərargahı idarə edəcək.

 Təlimin mövzusunun “İttifaq dövlətinin hərbi təhlükəsizliyinin təmin edilməsi maraqları naminə qoşun qruplarının (qüvvələrin) istifadəsi” olduğu bildirilir. Təlimlərin ümumi məqsədi Belarus və Rusiya Federasiyasının İttifaq dövlətinin hərbi təhlükəsizliyini təmin etmək imkanlarını, mümkün təcavüzü dəf etməyə hazırlığını yoxlamaq olacaq.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
79
azerbaijan-news.az

1Mənbələr