AZ

İşləyən kişi pensiyaçılar qadınlardan daha xoşbəxtdirlər

İsrailli sosioloqlar “təqaüd dövründə işləmək” faktorunun insanların emosional rifahına necə təsir etdiyini araşdırıblar. Alimlərin fikrincə, insanın cəmiyyətdəki sosial mövqeyini dərk etməsi təqaüd yaşına çatdıqdan sonra da önəmlidir. Bu ehtiyac, maddi təminatla yanaşı, iş fəaliyyəti sayəsində də ödənilə bilər.

Xayfa və Təl-Əviv universitetlərinin alimləri pensiya yaşına çatdıqdan sonra işləmək qərarına təsir edən amilləri, eləcə də çalışan və çalışmayan yaşlı insanların - qadın və kişilərin - həyat məmnunluğu və emosional rifah səviyyəsini müqayisə ediblər. Tədqiqatın nəticələri Journal of Happiness Studies jurnalında dərc olunub.

Araşdırma İsrailin Mərkəzi Statistika Bürosunun 2017–2020-ci illərdə topladığı sorğu məlumatları əsasında aparılıb. Nümunəyə 62 yaşdan yuxarı 3 326 qadın və 67 yaşdan yuxarı 2 003 kişi daxil edilib. Alimlər məşğulluğu tam və qismən iş vaxtı üzrə ayırıb, həmçinin iş yerlərini “yaxşı” (sabit, yüksək maaşlı) və “pis” (adətən qeyri-sabit, qismən iş vaxtlı, stresli və aşağı maaşlı) kateqoriyalara bölüblər.

Respondentlərdən ümumi həyat məmnunluqlarını, maddi durumlarını, ailə münasibətlərini qiymətləndirmək, həmçinin son bir ildə depressiya keçirmələri, yuxularına mane olan narahatlıqları və problemlərlə bacarma qabiliyyətləri barədə suallara cavab vermələri istənilib.

Nəticələr göstərib ki, iqtisadi ehtiyacları yüksək olan pensiyaçılar daha çox tam iş günü işləməyə meyllidirlər. Lakin burada gender fərqləri də var: kişilər əsasən maliyyə səbəblərinə görə tam iş gününə üstünlük verirlərsə, qadınlar daha seçici davranır, onları işin prestiji və əmək bazarındakı perspektivlər daha çox cəlb edir.

Tam iş günü çalışan kişilərin payı qadınlardan yüksək olub (18,3% və 11,7%), qismən iş günü işləyən qadınların payı isə bir qədər artıqdır (13,5% qadın, 12,6% kişi). Yaxşı iş tapmaq şansı ali təhsilli və təcrübəli şəxslərdə daha yüksək olub. Təhsil və təcrübə, işin növündən asılı olmayaraq, məmnunluğa təsir göstərib: bəziləri işin özündən razı qalıb, digərləri isə daha çox gəlirə önəm verib.

Ümumiyyətlə, işləyən pensiyaçılar işləməyənlərə nisbətən daha xoşbəxt olduqlarını bildiriblər. Onlar maddi vəziyyətlərindən razılıq ifadə edib, sosial fəallığın isə özünəinamı artırdığını vurğulayıblar.

Alimlər qeyd edirlər ki, pensiya yaşından sonra işləmək sağlam qocalmaya kömək edə və aktiv əmək həyatından təqaüdə keçidi asanlaşdıra bilər. Bu xüsusilə kişilər üçün əhəmiyyətlidir, çünki onlar üçün iş çox vaxt əsas, bəzən isə yeganə özünütanıma vasitəsi rolunu oynayır. Qadınlar isə peşəkar fəaliyyətlə yanaşı, digər sosial rolları da qoruyub saxlayırlar.

S.ELAY

XQ

Seçilən
28
1
xalqqazeti.az

2Mənbələr