Hamiləlik dövründə hormonal dəyişikliklər səbəbilə qadınlar bir sıra həzm problemləri ilə qarşılaşa bilirlər.
Pravda.az bildirir ki, ən çox görülən şikayətlərə qəbizlik, şişkinlik, reflü, ishal və babasil daxildir.
Hormonal təsirlər və böyüyən uşaqlıq mədə-bağırsaq sisteminə təzyiq göstərir. Bu da qidaların həzm olunmasını çətinləşdirir, qaz və turşu reflüsünü artırır, bağırsaq hərəkətlərini yavaşladır. Mütəxəssislər bu problemlərin qarşısını almaq üçün gündə azı 2,5 litr su içməyi, lifli qidalara üstünlük verməyi, yağlı və qazlı qidalardan uzaq durmağı tövsiyə edir.
Hərəkətsizlik də həzm prosesini ləngitdiyindən, hamilələrə həkim məsləhəti ilə yüngül fiziki aktivlik tövsiyə olunur. Çiy və yarımçıq bişmiş məhsulların, eləcə də işlənmiş ətlərin qəbulu isə yoluxucu xəstəliklər və həzm pozğunluqları riski yaradır. Bu səbəbdən, hamiləlik dövründə qida seçiminə xüsusi diqqət yetirilməlidir.
Əminə Bayramova