AZ

Analitik Ekspertiza Mərkəzi: O şəxslər həkim deyillər

BAKI, 13 avqust. TELEQRAF

Tibb kadrlarının vahid dövlət registrində olan məlumata əsasən Hafiz İsazadə orta tibb təhsilli (diş texniki), Turab Məmmədli isə orta tibb təhsilli ortoped-stomatoloqdur.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” Qanununun 12-ci maddəsinə əsasən, həkimlik fəaliyyətini yalnız ali tibbi təhsili təsdiq edən diplomu və müvafiq dövlət qeydiyyatı (sertifikasiyası) olan şəxslər həyata keçirə bilər.

"Orta tibb təhsili alan şəxslərin həkim-stomatoloq kimi fəaliyyət göstərməsi qanunvericiliyə görə yolverilməzdir.

“Dövlət nəzarəti haqqında” Qanunun 6-cı maddəsinə və “Səhiyyə sahəsində nəzarətin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq, Analitik Ekspertiza Mərkəzi yalnız təsdiqedici sənədlərlə daxil olan rəsmi müraciətlər əsasında araşdırma aparır. Bu müraciətlər hüquqi əsaslarla qiymətləndirilir və zərurət yarandıqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir.

Mediada yayımlanan sözügedən fakt üzrə məsələ Mərkəzin işçi qrupu tərəfindən araşdırılacaq, nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda bildirilib.

Qeyd edək ki, şikayət əsasında Baku TV iki klinikada çəkiliş edib. "L.A. Dent" klinikasında Turab Məmmədli adlı stomatoloqun tibbi təhsili olmadan klinikada həkim kimi fəaliyyət göstərdiyi ortaya çıxıb. Klinika direktoru həkimin burada xəstə qəbul etdiyindən xəbərsiz olduqlarını deyir.

Digər bir hal da "Qaragözova" klinikasında baş verib. Orda da Hafiz İsazadə adlı şəxsin tibbi təhsili olmadan stomatoloq kimi işlədiyini sübut edən görüntülər var. Klinika rəhbəri məsələ ilə bağlı açıqlama verməyib.

Seçilən
15
teleqraf.com

1Mənbələr