"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi “Lester”in və Nigeriya yığmasının üzvü Uilfred Ndidini heyətinə qatıb. Bu keçid “ağ-qaralar”a Türkiyə mətbuatının iddia etdiyi kimi 9,5 milyon avroya yox, 8 milyon avroya başa gəlib. 28 yaşlı futbolçu ilə “3+1” illik müqavilə imzalanıb. Onun illik qazancı 4 milyon avro təşkil edəcək.
Böyük premyer-liqa təcrübəsinə malik olan Ndidi 2017-ci ildən “Lester”in şərəfini qoruyurdu. Dayaq yarımmüdafiəçisi kimi oynayan təcrübəli futbolçunun Orkun Kökçü ilə birlikdə “Beşiktaş”da bu zonanı bir xeyli gücləndirəcəyi güman olunur. Ndidi “Beşiktaş”ın tarixinə 5-ci nigeriyalı, 190-cı əcnəbi futbolçu kimi düşüb. Ona qədər İstanbul nəhəngində nigeriyalılardan Daniel Amokaçi, Kristofer Ohen, İke Şorunmu və Maykl Eneramo forma geyib. Nigeriya yığmasında 65 oyuna çıxan Ndidi “Lester”də ümumilikdə 303 rəsmi qarşılaşmada forma geyərək 18 qol vurub və çempionşipdə əldə etdiyi çempionluqdan savayı iki titul qazanıb. Ndidi yeni klubunda “4” nömrəli forma ilə oynayacaq.
Bu arada başqan Sərdal Adalı dünən keçirdiyi mətbuat konfransında transfer və digər mövzularda açıqlamalar verib. O, güclənməyə ehtiyac duyan mövqeləri də açıqlayıb:
“Orkun Kökçu transfer zamanı bizim kluba nə qədər bağlı olduğunu göstərdi. Onu “Beşiktaş”a gətirmək bizə qismət oldu. Bu camiənin əsl əfsanəsi olacaq və titullar, çempionluqlar qazanacaq. Artıq nisbətən gənc oyunçulara üstünlük verməyə çalışırıq. Yuraseklə Orkunun 24, Abrahamın 27, Ndidinin 28 yaşı var. Bu oyunçular bizə uzun illər xidmət edə, üstəlik gələcəkdə pul qazandıraraq ayrıla bilərlər. 32-34 yaşlı futbolçulara görə təzminat ödəməyəcəyik. Onlara bir ildən artıq müqavilə təklif etməyəcəyik. Komandamızın hələ də güclənməyə ehtiyacının olduğunu bilirik. Səhvə yol verməyə ixtiyarımız yoxdu. Alqış qazanmaq istəsəm, keçmişdə olduğu kimi 30-35 yaşlı futbolçuların transferini iyulun ortalarına qədər tamamlayardım. Amma biz sosial şəbəkənin istəyi ilə hərəkət etmirik. Hər şeyi yaxşıca düşünəndən sonra qərar verəcəyik. İlk növbədə sol vinger və sağ müdafiəçi almaq istəyirik. Başqa mövqelər üçün də transfer fürsəti yaransa, dəyərləndirəcəyik. Baş məşqçimizin arxasındayıq. Superliqada ilk oyunumuza çıxmadan məşqçinin istefası gündəmə gətirilir. Bizim yolumuz uzundu. Hər xal itkisindən sonra xaos yaratmaq lazım deyil. Sulşerə münasibətdə bu qədər haqsızlıq etməyin mənası yoxdu. Onun limiti böyükdü. Çünki “Beşiktaş” psxioloji cəhətdən çökmüş vəziyyətdə olarkən bu məsuliyyəti üzərinə götürməyə razı oldu. Ancaq transferlər tamamlanandan sonra artıq söz məşqçinin olacaq. Ondan komanda oyunu sərgiləyən bir “Beşiktaş” tələb edəcəyik. Rıdvan Yılmazla danışıqlar aparsaq da, hələ anlaşmamışıq”.