Xaricdən ət idxalı dayanır — Ətin qiyməti nə qədər bahalaşacaq?
"Ətin qiymətinin bahalaşması hansısa ekspertin beynin məhsuludur. Qazaxıstan, Qırğızıstan, hətta Rusiya və Gürcüstan bizə ona görə diri mal-qara satır ki, ətin keyfiyyətində fərq olmasın. Onlar bununla digər xərclərdən canlarını qurtarmış olurlar".
Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin Beyləqan rayon nümayəndəsi Mehman Əliyev deyib.
O bildirib ki, yaxın illərdə bahalaşma baş verməyəcək:
"Həqiqətən diri mal-qara yox, kəsilmiş şəkildə idxal olunarsa, müvafiq olaraq qiymətdə dəyişiklik olacaq. Bütün hallarda təşviş hazırda yaratmağa ehtiyac yoxdur.
Ölkəmizdə neçə illərdir hər il ətin qiymətində bu və ya digər səviyyədə artımlar olur. Bunun da real səbəbləri var. Daxili bazar öz-özünü nizamlayır. Biz xaricdən ət və ya diri mal-qara idxal etməsək, ətin qiyməti təsəvvür edə bilməyəcəyimiz dərəcədə yüksələ bilər. Buna görə də idxal zəruridir".
Ekspertin fikrincə, fermerlər bunu daxili bazarın qorunmaması kimi qəbul edə bilərlər:
"Nəzərə almaq lazımdır ki, əhalinin maddi imkan səviyyəsi o dərəcədə deyil ki, baha qiymətə ət ala bilsin. Ona görə də İqtisadiyyat Nazirliyi və xüsusilə Kənd Təsərrüfatı Nazirliyi ən vacib qida məhsulu olan ətin qiymətinin stabil qalmasına maraqlı olmalı, qabaqlayıcı tədbirlər həyata keçirməlidirlər.
Yaxın illərdə xaricdən ət idxalında elə bir ciddi problem yaranmayacaq. Sadəcə, bu informasiya insanların diqqətini çəkmək və həmin media orqanının reytinqini artırmaq məqsədi daşıyır".
Qeyd edək ki, ətin qiymətinin 20 manatı keçəcəyinə dair fikirlər səsləndirilir.
Əfsanə Kamal
Demokrat.az