Futbol üzrə San-Tome və Prinsipi milli komandasının qapıçısı Pedro Mateus bundan sonra “Karvan”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Yevlax klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Son olaraq Portuqaliyanın “Feyrense” klubunda çıxış etmiş qapıçı bu yay azad agent kimi özünə yeni iş yeri axtarışında idi. Bu üzdən də 28 yaşlı qolkiper “Karvan”dan aldığı təklifi müsbət dəyərləndirib. Tərəflər 1 illik müqaviləyə imza atıblar.
Pedro Mateus futbola Portuqaliyanın “Maritimo” klubunda başlayıb. “Portu” və “Leyşoynş” kimi klubların da aşağı yaş qrupları üzrə komandalarında oynamış qolkiper Kiprin “Olimpiada Limpion” komandasında legioner həyatı yaşayıb. “Sanyoanense”də də oynamış qapıçı “Feyrense”nin heyətində 18 oyuna çıxıb, 29 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlayıb.
Pedro Mateus 2023-cü ildə debüt etdiyi San-Tome və Prinsipi yığmasının heyətində 7 oyun keçirib, 14 qol buraxıb, 1 matçdan “quru” çıxıb.
Xatırladaq ki, “Karvan” Pedrodan öncə Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Souza, Kayl Spens, Qavi Tompson, Olavale Doyeni, Elvin Yunuszadə, Vadim Abdullayev, Samuel Durrant, Vüsal Məsimov, Moise Nqvisani, Şakil Sno, Uğur Cahangirov, Vitor Roşa, Səid İranxan və Coy-Slayd Mikelsi də heyətinə qatmışdı. İbrahim Qədirzadə, Rəhman Şabanov, Ceyhun Bağırzadə və Kamran İbrahimovla da yeni müqavilə imzalanıb.
Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur, Beqzod Xulikulov, Roman Hüseynov və Kənan Quliyev isə komandanı tərk ediblər.