AZ

"Qəbələ"nin yeni transferi: "Real"da Əşrəf Hakimi ilə birlikdə oynamışam" - MÜSAHİBƏ

"Qəbələ"nin yeni transferi Xayme Syerra "Report"un suallarını cavablandırıb. 27 yaşlı ispan futbolçu Azərbaycan təmsilçisinə keçidindən və qarşıdakı hədəflərindən söz açıb.

- İlk olaraq "Qəbələ"yə keçidinizlə bağlı fikirlərinizi öyrənmək istərdik. Təəssüratlarınız necədir?
- Təəssüratlarım yaxşıdır. Klubda hər şey yüksək səviyyədədir və peşəkar təşkilatçılıq var. "Qəbələ" yaxşı məşq bazasına malikdir. Burada yaxşı işlər görülür. Bu, bir klub üçün ən vacib şeylərdən biridir.

- "Qəbələ"yə gəlməmişdən əvvəl Azərbaycan futbolu haqqında məlumatınız var idi?
- Düzünü desəm, xeyr. Demək olar ki, ölkə futbolu haqqında məlumatsız idim. Buraya gəlməmişdən öncə informasiyaları agentlər vasitəsi ilə əldə etdim. Daha sonra ölkənizdəki komandalar barədə araşdırma apardım.

- Azərbaycanda oynamış hansısa ispan futbolçu ilə məsləhətləşdiniz?
- Mikel Alvaro ilə danışmışam. O, daha əvvəl "Keşlə"də (hazırkı "Şamaxı") oynayıb. Ölkənizin liqası haqqında mənə yüksək fikirlər bildirdi. Azərbaycan barədə də xoş sözlər söylədi.

- "Qəbələ" ötən mövsüm I Liqada çempion olduqdan sonra elitaya qayıdıb. Sizcə, komandanın cari mövsüm əsas hədəfi nə olmalıdır?
- İlk növbədə əsas məqsəd hər matçda qalib gəlməkdir. Ondan sonra növbəti nəticələr barədə düşünmək olar.

- İspaniyanın məşhur "Real" klubunun yetirməsisiniz. Amma La Liqada elə də çox forma şansı əldə etməmisiniz. Bunu nə ilə əlaqələndirirsiniz?
- Ölkəmdə "Leqanes" komandasında çıxış etmişəm. Ondan sonra bəzi qərarlar verməli oldum. Ardınca isə legioner həyatı yaşamağı seçdim və Belçikaya yollandım.

- 2004-2014-cü illərdə Madrid təmsilçisinin akademiyasında olmusunuz. Hansı tanınmış futbolçularla birlikdə çıxış etmisiniz?
- Bir sıra tanınmış futbolçularla birlikdə oynamışam. Hazırda Fransa təmsilçisi PSJ-də çıxış edən Əşrəf Hakiminin adını çəkə bilərəm. "Real"ın aşağı yaş qruplarında onunla birlikdə çıxış etmişik.

Seçilən
28
3
report.az

4Mənbələr