AZ

Qələbədən sülhə uzanan yol

Ses qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanın müxtəlif dövrlərdə bölünüb parçalandığı, işğallara məruz qaldığı faktı tarixin səhifələrində daim gözlərimizin önündə vərəqlənib. Bu mərd, igid, bacarıqlı xalqın hər zaman doğru yol göstərən, xalqın mənafeyini öz şəxsi maraqlarından üstün tutan bir rəhbərə, bir liderə ehtiyacı olub.

Bu rəhbər, əlbəttə ki, Ümummilli Lider Heydər Əliyev idi. Xalqın ən çətin vaxtında, ölkənin bölünüb parçalanma təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə Ümummilli Lider onu sevən xalqın çağırışı ilə özünün və ailə üzvlərinin həyatını təhlükəyə ataraq alovlar içində qalan Azərbaycana gəldi. Bu keşməkeşli, ağır siyasi dönəmdə millətinə, xalqına, ölkəsinə sahib çıxdı. Onun Azərbaycanı və xalqını necə sevdiyini çıxışlarının birində dediyi bu sözlərdən aydın görmək olar:

“Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq”.

Ümummilli Lider hakimiyyətə gəldikdən sonra ölkə daxilində sabitliyi bərpa etdi, siyasi hərc-mərcliyi aradan qaldırdı, dövlət siyasətini beynəlxalq, iqtisadi, mədəni və sosial inkişafa yönəltdi.

Müasir və müstəqil Azərbaycanın tarixində baş verən ən əhəmiyyətli hadisələrdən biri də “Əsrin müqaviləsi”nin imzalanması oldu. Bu mühüm razılaşma məhz Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində ərsəyə gəldi. Həmin dövrün siyasi hadisələrinə və Azərbaycanın daxili ictimai-siyasi vəziyyətinə nəzər saldıqda Heydər Əliyevin dünyamiqyaslı dahi siyasi xadim olduğu aydın görünür.

Ulu Öndərin siyasətində Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunması mühüm yer tuturdu. 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxış edən dahi rəhbər bu mötəbər kürsüdən Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı.

Yuxarıda sadalananlar dünya siyasi tarixində, eləcə də müstəqil Azərbaycanın tarixində mühüm hadisələrdir. Çətin geosiyasi şəraitdə yerləşən Azərbaycan üçün daxili və xarici siyasətdə əldə edilən uğurlar asanlıqla qazanılmamışdır. Bu nailiyyətləri isə yalnız bir şəxs əldə edə bilərdi – Ulu Öndər Heydər Əliyev. O, yoxdan bir Azərbaycan var etmiş və böyük siyasi güclərə ölkəmizin mövcudluğunu bir daha sübut etmişdir.

Bu siyasi kursu yalnız Heydər Əliyev məktəbini görmüş, onun siyasi irsinə bələd olan və həmin əzmi, qətiyyəti özündə daşıyan şəxs davam etdirə bilərdi. Bu şəxs də, əlbəttə ki, Cənab Prezident İlham Əliyev idi.

Hakimiyyətə gəldiyi ilk gündən ölkə iqtisadiyyatını, mədəniyyətini, vətəndaşların sosial rifahını yüksələn xətt üzrə inkişaf etdirən Prezident İlham Əliyevin ən başlıca məqsədlərindən biri ölkəmizin ərazi bütövlüyünü bərpa etmək idi. Çünki o, ata vəsiyyətini yerinə yetirməli, bir milyondan çox qaçqın və məcburi köçkünü doğma torpaqlarına qaytarmalı idi. Bunun üçün ilk olaraq hərbi infrastruktur və maddi-texniki baza gücləndirildi, sonra isə ölkəmizin nüfuzu beynəlxalq aləmdə daha da artırıldı.

Uzunmüddətli siyasi uğurlardan sonra cənab Ali Baş Komandanın dediyi kimi torpaqlarımızın istisna olamayan hərbi yolla işğaldan azad edilməsi prosesi başlandı. Azərbaycan 44 günlük “Vətən Müharibəsi”ndə Müzəffər Ali Baş Komandanın rəhbərliyi, şanlı Azərbaycan Ordusunun gücü və xalqın birliyi sayəsində haqq etdiyi qələbəni qazandı. Ardınca keçirilən lokal xarakterli antiterror əməliyyatı ilə də respublikamızın ərazi bütövlüyü tam bərpa edildi.

Döyüş meydanında qazanılan qələbə diplomatik müstəvidə də davam etdirilməli idi. Gedişat göstərdi ki, cənab Prezident buna da nail olacaq. O, daim revanşist qüvvələrə “Dəmir yumruğ”un yerində olduğunu xatırladır, diplomatik yolla istədiklərimizə nail olunmazsa, lazım gələrsə, yenidən tədbir görüləcəyini vurğulayırdı. Prezident hər çıxışında Zəngəzur dəhlizinin vacibliyini qeyd edir, buradan tanklarla və toplarla deyil, mülki nəqliyyat vasitələri ilə keçəcəyimizi bildirirdi.

Nəhayət, gözlənilən siyasi mühit formalaşdı. Cənab Prezident Amerikada – özünün də dediyi kimi “dünyanın bir nömrəli ölkəsində, bir nömrəli ofisində” döyüş meydanında qazandığı qələbəni diplomatik arenada da təsdiqlədi. Vaşinqtonda keçirilən Azərbaycan-Amerika-Ermənistan üçtərəfli görüşü və imzalanan bəyannamə zamanı göstərdiyi siyasi performans dünya diplomatiya dərsliklərinə düşəcək səviyyədə idi.

Səlis və axıcı ingilis dilində danışığı, heç bir qeyd olmadan etdiyi çıxış, yerində edilmiş jest və mimikalar, Ağ Evdə azərbaycanlı jurnalistin sualına dərhal aydınlıq gətirməsi özünün necə hərtərəfli lider olduğunu bir daha nümayiş etdirdi.

Uzun müddətdir sülh müqaviləsinin imzalanması üçün çalışan Prezident İlham Əliyev Zəngəzur dəhlizi barədə istəklərinin qəbul edilməsi ilə birgə ölkəmizin iqtisadi, sosial və mədəni inkişafına töhfə verəcək mühüm nəticələr əldə etdi.

Prezidentin Vaşinqtona işgüzar səfəri Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirdi. Bunu imzalanma mərasimindən sonra dünya liderlərinin cənab prezidentə ünvanladıqları təbrik zəngləri və məktublar da təsdiqləyir.

Səfər çərçivəsində mühüm məsələlərdən biri də Minsk qrupunun fəaliyyətinin tamamilə aradan qaldırılması oldu. Bu, bölgədə marağı olan dövlətlərin prosesə birbaşa müdaxiləsinin qarşısını almaq deməkdir.

Eyni zamanda Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsinin bərpası məsələsi də həllini tapdı. Zəngəzur dəhlizi regionda nəqliyyat-kommunikasiya sisteminin bərpasına, beynəlxalq logistika zəncirində Azərbaycanın mövqeyinin güclənməsinə xidmət edəcək. Bu dəhliz yalnız gediş-gəliş yolu deyil, həm də enerji, nəqliyyat və rəqəmsal kommunikasiya baxımından strateji əhəmiyyətə malik bir “şah damar” olacaq.

Səfər zamanı Azərbaycan Dövlət Neft Şirkəti ilə Amerikanın “Exxon Mobil” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalandı. İqtisadçı mütəxəssislər bunun ölkəmiz üçün böyük faydalar gətirəcəyini bildirirlər.

Tarixi səfər çərçivəsində qəbul edilən ən mühüm qərarlardan biri də “907-ci düzəliş”in ləğvi oldu. 33 ildən sonra Azərbaycan Prezidentinin qətiyyətli xarici siyasəti nəticəsində bu məhdudiyyət aradan qaldırıldı və ölkəmizin ABŞ-dən daha geniş sahələrdə yardım almasının yolu açıldı.

Beləliklə, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyəti nəticəsində Qafqazda yeni bir tarix yazıldı: o, müharibədə qalib gəldi və sülhü təmin etdi.

Kənan Qədirli

YAP Ağdam rayon təşkilatı, Ağdam Olimpiya İdman Kompleksi ərazi partiya təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
sesqazeti.az

1Mənbələr