AZ

Teatr və konsert: hansına üstünlük veririk və nəyə görə?..

ain.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Teatr və konsert... Hər ikisi insanın asudə vaxtını gözəl və səmərəli şəkildə keçirməsi üçün vasitədir. Lakin bunların bir-birindən fərqli cəhətləri də var. Teatr həm öyrədir, həm əyləndirir, konsert isə yalnız əyləndirir. Müasir dövrümüzdə konsert seçimi teatr seçimindən dəfələrlə çoxdur. İndi teatrlar da konsertlər qədər çox tamaşaçı gözlədiyi halda, konsert zalları ağzınadək dolu olur və yaxud konsert üçün seçilən hər hansı məkanda necə deyərlər, iynə atsan, yerə düşmür. Konsertə meyilimiz qonşu dövlətlərin də diqqətini cəlb edib. Çox tez-tez şəhərimizə gələn müğənni qonaqlar və onların təntənəli qarşılanması, gedib bir də qayıtmaları həm dediklərimizi, həm də bir çox başqa məqamları təsdiq edir. Bəs bizim teatr sevgimizin də yerini konsertlərin almasının səbəbi nədir? Bu barədə danışaq...

Çoxsaylı tamaşaçıya həsrət teatrlar...

Bizim üçün teatr nədir, ondan nə öyrənirik? Teatr oxuduğumuz bir əsərin qəhrəmanlarını canlı şəkildə təsəvvür edə bilməyimizdir. Dünənədək kitab vasitəsilə tanıdığımız qəhrəmanlarımız bir teatr tamaşasında gözümüzün qarşısındadır və bizə həmin kitabı oxuyarkən yaşadığımız hissləri canlı şəkildə yenidən təqdim edir. Teatr həm də haqqında məlumatımız olmayan bir hadisənin səhnə variantıdır. Bu zaman isə hər pərdə, hər səhnə dəyişdikcə ürək döyüntülərimiz də artır. Ona görə ki, hadisələrin necə sona çatacağı bizim üçün həddən artıq maraqlıdır...

Teatr... Səhnə işıqları-bəzən kölgəlik, bəzən qaranlıq, bəzən gur işıqlar, dəyişən səhnə dekorasiyaları... Bütün bunların fonunda istedadlı aktyorların yaratdığı obrazlar, mimika və jestlərlə qəhrəmanlarını olduğu kimi canlandıra bilmələri sanki adamı həmin dövrə aparır, o dövrün və hadisələrin qonağı olaraq nələrisə öyrənmiş olursan.

Teatr bir tarixdir, desək, yanılmarıq. Çünki ayrı-ayrı dövrlərin hadisələrini o qədər anlaşıqlı şəkildə açıqlayır ki, buna yalnız heyran qalmaq olur... Teatrların hər yeni tamaşası həm də bir kitabdır. Gedirsən teatra, tamaşa edirsən, 1,5-2 saat ərzində bir kitabı oxuyub başa çıxırsan. Teatrdan ayrıldıqda artıq bu gün nə isə öyrəndiyini anlayırsan.

Teatrlarımızın da öz tamaşaçıları var. O tamaşaçılar ki, illərdir, teatr afişalarını izləyir, tamaşalara baxır. Necə deyərlər, həyatlarını teatrsız təsəvvür edə bilmir. Lakin etiraf etməliyik ki, teatrların tamaşaçıları konsertlərinki qədər deyil. Səbəb?

Konsertə, yoxsa?..

Onu da etiraf edək ki, artıq illərdir ki, biz əsl dəyərlərimizi dəyənləndirə bilmirik. Sanki hansısa bir qüvvə bizimlə dəyərlərimiz arasında elə bir körpü yaradıb ki, ona doğru bu körpü ilə gedərkən yarıda qırılır, biz qalırıq bu tərəfdə, dəyərlərimiz isə o tərəfdə. Nəticədə isə qaldığımız yerdə yeni bir həyata başlayırıq. Bu həyat körpünün o tərəfindəki həyatdan çox fərqlənir. Burada haqqında danışdığımız teatr sevgisi azdır, əyləncə axtaranlar, bu əyləncəni sosial şəbəkələrdə paylaşanlar, özünü reklam edənlər, bununla sanki sosial ehtiyacının ödənildiyini anlayanlar daha çoxdur.

Elə bu səbəblərdən də müasir dövrdə konsert sevgisi teatr sevgisini üstələyir. Çünki artıq əksər insan öyrənməyə, biliyini artırmağa meylli deyil, əylənməyə meyllidir. İndi əksər insan, xüsusilə də gənc nəsil hay-küyə səbəb olacaq hadisələr axtarır. Ona görə də şəhərimizdə tez-tez keçirilən konsertlərə axın-axın insan toplaşır. Onu da qeyd edək ki, biz nədənsə öz aktyor-müğənnilərimizi ya qiymətləndirmək, ya da bu barədə fikirləşmək istəmirik. Xarici müğənnilərə, nə bilim, psixoloqlara, varlanmağın yolunu bizə onunla görüşün bileti qiymətinə satanlara daha çox dəyər veririk. Bəs bunun səbəbi?

Şöhrət xəstəliyi

Deməli, biz “şöhrət” adlı xəstəliyin illərdir ki, daşıyıcılarıyıq. Müalicə olunmağımızın yollarını kənardan nə qədər diktə etsələr də, lakin qulaqlarımıza pambıq tıxmışıq ki, eşitməyək, ya da elə bu, xəstəliyin əlamətidir ki, karlığımıza da səbəb olub. Nəticədə isə öz bildiyimiz yolla getməkdəyik. Bu yolda isə şöhrət xəstəliyi bizimlə birgə addımlayır.

Xeyli araşdırmadan sonra bu qənaətə gəlmişəm ki, biz konsertə nə üçün gedirik. Musiqi dinləməyəmi? Xeyr. Asudə vaxtımızı keçirməyəmi? Xeyr. Belədirsə əgər, o qədər xeyriyyə və ya bayram konsertləri olur ki, şəhərimizdə. Lakin bu tədbirlərdə pullu konsertlərdə olduğu qədər adam görmək mümkün deyil.

Biz o “ünlü” müğənnilərin konsertinə pul verib hələ aylar öncədən bilet alırıq ki, biletimizi sosial şəbəkələrdə paylaşaq. Konsertdən “şelfi” edək və ya fotolarımızı axın qarşısında, parıltılı işıqlar fonunda çəkib paylaşaq ki, baxın, görün, mən haradayam. Bax, məqsəd yalnız budur.

Bütün bunlarla isə konsert sevdasının yaratdığı şöhrət xəstəliyimizi bilənlərin əlinə güclü bir əsas vermişik. Onlar da ki, dayanmadan-durmadan xarici müğənnilərin konsertlərini təşkil edirlər. Əvvəlcədən sosial şəbəkələrdə reklamları gedən bu müğənnilərin konsertlərinə biletlərin qiyməti isə hamıya məlumdur: həm qapalı, həm açıq məkanda, həm qarşıda, həm arxada, həm yuxarıda, həm aşağıda... Gəlirlər, hər gün televiziya-radio və telefonlardan dəfələrlə dinlədiyimiz mahnıları başımızı aldadaraq fonoqramla “ifa” edirlər. Bizə qalan isə uzaqdan da olsa, səhnədə parıltılı, cəlbedici, bəzən yarıçılpaq paltarda həmin o sevdası ilə aylar öncədən xərc çəkib bilet aldığımız müğənninin o yana-bu yana getməsini seyr etmək və güclü “paylaşımlar” etmək olur.

Bunun adına asudə vaxt deyirikmi?

Bəli, əsasən şənbə və bazar günlərinə təsadüf edən bu cür konsertlərin adını da asudə vaxt qoyuruq və halımızdan xeyli razı qalırıq ki, gözəl əyləndik. Lakin biz əslində bu konsertlərdə nə əylənirik, nə bir şey öyrənir, yeni nə isə görürük. Bizi məmnun edən yuxarıda da qeyd etdiyim kimi, “selfilər”, fotolar, videolardır. Məhz elə bunların verdiyi əyləncəyə əylənmək, asudə vaxt deyirik.

Beləliklə, bizim teatr və konsert anlayışımız da ortaya çıxır. Teatrların ən əyləncəli məkan, asudə vaxtın ən yaxın dostu olduğunu bildiyimiz təqdirdə onu seçmirik, xaricdən gələn müğənnilərin konsertlərini, digər sahələrdən gələnlərin “ağılvermə” saatlarını baha qiymətə dinləyib, adını da qoyuruq istirahət.

Lakin onlara verdiyimiz dəyərdən bir qədər də öz aktyor və müğənnilərimizə ayırsaq, daha gözəl olmazmı?.. Bu, bizim üçün həm xeyli az vəsait hesabına başa gələr, həm də onlar da dəyər hiss etmiş olarlar. Axı “əvvəl evin içi, sonra çölü”,- deyib yaxşı ki, bu günləri görməyən atalarımız...

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
sesqazeti.az

1Mənbələr