AZ

Rusiya dəhlizin bu ölkənin nəzarətinə olmasını istəyib: Kremlin iki variantı vardı - MÜSAHİBƏ

BAKI, 13 avqust. TELEQRAF

ReAl Partiyasının sədri Natiq Cəfərli "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Natiq bəy, Vaşinqton görüşünün nəticəsi olaraq sülh sazişinin paraflanmış mətni açıqlandı. Rəsmi Bakının Vaşinqton platformasında ortaya qoyduğu mövqeyi şərtləndirən əsas amillər nədən ibarət idi?

- Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri, Prezident Donald Trampla keçirilən görüşlər, Ermənistanın Baş naziri Nikol Paşinyanla aparılan müzakirələr, imzalanan sənədlər olduqca önəmli idi. Bütün bunlar Azərbaycan dövlətinin, Ordusunun, ölkəmizin qurduğu ittifaqların nəticəsidir. Bunlar olmasaydı nə Vaşinqton görüşü baş tutacaqdı, nə sülh müqaviləsində Azərbaycanın istəklərini nəzərə alan bir mətn üzə çıxacaqdı, nə də Zəngəzur dəhlizi açılacaqdı.

Azərbaycan dövlətinin Türkiyə ilə müttəfiqliyi, digər tərəfdaş və dost ölkələrlə qurulan diplomatik xətlər ona gətirib çıxardı ki, Cənubi Qafqazda tarixən hegemon olduğunu düşünən qüvvələr, o cümlədən Rusiya və İran artıq zamanın gəldiyini və geri addımlar atmağın məcburiyyətini yaşadılar. Bu, əldə edilən uğurlarda çox vacib məqamdır.

Bəzən elə bir təsəvvür yaranır ki, Vaşinqton görüşü özü-özünə yarandı, qısa zamanda ortalığa çıxdı və sair. Əslində bu, son 5 ildə aparılan ardıcıl siyasətin nəticəsi idi. Son 200 ildə ilk dəfədir ki, Cənubi Qafqazda yeni siyasi və geosiyasi konfiqurasiya yaranıb. Bu, Azərbaycan diplomatiyasının, dövlətinin, əsgərinin zəfəridir. Vaşinqton görüşü bunu bir daha təsdiqlədi.

- Sülh sənədinin mahiyyəti və Azərbaycanın maraqları burada özünü daha çox hansı formada əksini tapıb?

- Paraflanmış sülh mətni ilə bağlı əvvəlcədən bəzi ipucları var idi. Əslində sülh mətni çox korrekt, diplomatik dil və üslubla yazılmış bir sənəddir. Azərbaycanın istəklərinin hamısı bu sənəddə öz əksini tapıb.

Sülh müqaviləsinin qarşısında duran ən böyük maneələrdən biri qarşılıqlı iddiaların geri çəkilməsi, Ermənistan konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılması və Minsk Qrupunun buraxılması ilə bağlı idi.

Müqavilədə həmçinin qarşılıqlı məhkəmə iddialarının geri çəkilməsi məsələsi də yer alıb. Vaşinqton sənədində isə paralel olaraq Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciət imzalandı. Artıq bu iki əsas fundamental məsələ həllini tapıb.

- Azərbaycan-Ermənistan sərhədində və digər müstəvilərdə üçüncü qüvvələrə aid məsələ sülh müqaviləsində necə təsbit edilib?

- Üçüncü qüvvələrin Azərbaycan-Ermənistan sərhədində olmaması məsələsi paraflanmış sülh sənədində əksini tapıb. Bu, önəmli məsələdir. Buna dair bəzi analitiklər Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhədində olan "missiyası" amilini önə çəkirdilər. Rəsmi Bakının əsas tələblərindən biri bu idi. Söhbət təkcə Avropa İttifaqının “missiyası”ndan getmir. Həmçinin Rusiyanın Azərbaycan-Ermənistan sərhədində hansısa bir formada yerləşdirilməsi cəhdləri də mövcuddur.

Azərbaycan tərəfindən bu günə qədər səsləndirilən bir çox məqamlar həddindən artıq korrekt şəkildə, diplomatik dildə və üslubda, məğlub tərəfi alçaltmadan (bu da Azərbaycanın diplomatik böyüklüyünün göstəricisidir) sülh sənədi hazırlanıb. Hiss olunur ki, mətnin hər vergülü, nöqtəsi, hərfi üzərində çox ciddi iş gedib.

- Zəngəzur dəhlizinin açılması ilə bağlı əldə edilən razılaşma var. Qısa zamanda dəhlizin açılmaq ehtimalı barədə nə deyərsiz? Proses necə irəliləyəcək?

- Bundan sonrakı dövr artıq Ermənistandan asılıdır. Zəngəzur dəhlizinin açılması ABŞ ilə Ermənistanın birgə atacağı addımlardan asılıdır. Azərbaycan tərəfinin Zəngəzur dəhlizinin 99 illik icarə əsasında açılmasına dair məsələdə imzası yoxdur. Bu, ABŞ ilə Ermənistan arasında olan məsələdir.

- Qonşu ölkələrin, xüsusən Rusiya və İranın dəhlizin icarə əsasında açılması ilə bağlı narahatlığını necə şərh edərsiz?

- Rusiya və İran Zəngəzur dəhlizinin Vaşinqtonla İrəvan arasında əldə edilən razılaşma əsasında açılacağını bildiyi halda Ermənistanı yox, Azərbaycanı hədəfə almağa çalışırlar. Bu, çox qəribə bir yanaşmadır. Sənədi imzalayan Ermənistandır, dəhliz də onun nəzarət etdiyi ərazidən keçəcək.

- Bəs onda Moskva və Tehran niyə Azərbaycanı hədəf alır?

- Onlar da yaxşı bilirlər ki, məsələnin həllində Azərbaycanın atdığı diplomatik addımların nəticəsi böyükdür. Buna görə də Azərbaycanı hədəfə almağa çalışırlar.

- Azərbaycanın bu məsələdə əsas marağı nə idi?

- Rəsmi Bakı Zəngəzurda rus sərhədçilərinin olmasını istəmir. Çünki Rusiya tərəfi istədiyi vaxt bu dəhlizi açıb-bağlayacaqdı. Bu da Azərbaycan üçün sərfəli deyil. Rusiyanın davranışları indi hər kəsə bəllidir.

- Dəhlizin ancaq Ermənistanın nəzarətində açılması Rusiya üçün nə dərəcə maraqlı olardı?

- Rusiya bunda da maraqlı idi. Dəhlizin tək Ermənistanın məsuliyyətində olması bu yolda baş verən isənilən hadisə Bakı və İrəvanı üz-üzə qoyacaqdı. Bu, yeni müharibə və toqquşma təhlükəsi yaradacaqdı.

Bəlkə də Rusiya məhz bu kontekstdə çox istəyirdi ki, belə bir konfiqurasiya yaransın, Ermənistan tək məsuliyyət daşıyan tərəf olsu. Beləliklə, Kreml istədiyi vaxtda təxribatlarla Cənubi Qafqazda vəziyyəti gərginləşdirsin.

Ona görə də ABŞ-nin fiziki olaraq Zəngəzurda olması belə təxribatların qarşısını alacaq əsas amil kimi dəyərləndirilməlidir. Bu da, sözsüz ki, İranı və Rusiyanı narahat edir.

Seçilən
7
1
teleqraf.com

2Mənbələr