AZ

"Netanyahu şəxsi maraqlarını qorumaq üçün Yaxın Şərqdə gərginliyi saxlayır" -ŞƏRH

İsrail Baş naziri Binyamin Netanyahu HƏMAS-la qismən atəşkəs və əsir mübadiləsi razılaşması ehtimalının artıq geridə qaldığını bildirib.

Bəs bu münaqişənin sonu necə olacaq?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirdi ki, hazırda Netanyahunun rəhbərlik etdiyi İsrail hökuməti ilə bağlı ciddi problemlər mövcuddur:

"Daxildə hökumətə qarşı etirazlar getdikcə artır. Qəzzada həyata keçirilən qeyri-adekvat əməliyyatlar nəticəsində İsrail Baş nazirinə qarşı Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs orderi verilib. İsrailin müttəfiqi sayılan bir sıra ölkələr bəyan ediblər ki, Netanyahu həmin ölkələrə səfər edəcəyi halda həbs olunacaq. Eyni zamanda İsrailli bir neçə nazirə qarşı da sanksiyalar tətbiq olunub. Bu, İsrail üçün mənfi nəticələr doğurur, çünki diplomatik manevr imkanları məhdudlaşır və daha ciddi problemə çevrilir. Belə olan halda Netanyahunun hakimiyyətdə qalma şansları azalır".

Ekspertin sözlərinə görə, Netanyahu daxildə ona qarşı yönələn ittihamları arxa plana keçirmək üçün müxtəlif addımlar atmağa məcburdur:

"Xüsusilə Yaxın Şərqdə gərginliyin davam etdirilməsi, bunun İsrail dövlətinə qarşı təhdid kimi təqdim olunması ilə daxildəki etirazları arxa plana keçirməyə çalışır. İrana qarşı atılan addımlar, Livan, Suriya və Qəzza əməliyyatlarının davam etdirilməsi də bu siyasətin tərkib hissəsidir. Bu isə ABŞ-nin maraqlarına uyğun gəlmir. Tramp hakimiyyətə gələrkən Yaxın Şərqdə sülhə nail olmaq niyyətində olduğunu bəyan etmişdi. Netanyahu həm daxildə korrupsiya ittihamları, həm də beynəlxalq təzyiqlərlə üz-üzədir. Dünyada ona qarşı ciddi ittihamlar var, İsrailə qarşı təzyiqlər artır. Suveren Fələstin dövlətinin yaradılması istiqamətində təsir mexanizmləri hazırlanır, bir sıra dövlətlər artıq onu tanıyacaqlarını bəyan ediblər. Halbuki həmin dövlətlər əvvəllər İsrailə yaxın münasibətdə idilər və limitsiz hərbi dəstək verirdilər.

Beynəlxalq ictimai rəyin İsrailə münasibətin mənfiyə doğru dəyişməsi, hökumətlərin Netayahu hökuməti ilə əlaqələrə məsafə qoyması və Netanyahuya qarşı beynəlxalq təzyiqlərin artması onu daxildə də hədəfə çevirir. Bu səbəbdən Netanyahu yalnız  hakimiyyətdə qalma şanslarını qorumağa çalışır. İsrail dövlətinin maraqları onun şəxsi maraqlarına qurban verilir. Bu, sionist təşkilatları arasında da narazılıq yaradıb. Dünya Sionist Təşkilatının rəhbərliyinin İsrail hökumətinə qarşı sərt açıqlamaları da bunu sübut edir. Netanyahu hakimiyyətdən getsə, nə İsraildə, nə də xaricdə təhlükəsiz qala bilməyəcəyini düşündüyü üçün hərbi əməliyyatların davam etməsini, Yaxın Şərqdə gərginliyin saxlanmasını və İsrailə qarşı təhdid görüntüsü yaradılmasını məqsədəuyğun sayır. Beynəlxalq ictimaiyyət, xüsusilə Türkiyə, Fələstin dövlətinin qurulması istiqamətində fəallıq göstərir. Bir sıra dövlətlər bu istiqamətdə həmrəylik nümayiş etdirirlər. Artıq dövlətlər İsraillə münasibətlərini Netanyahudan sonrakı dövr üçün müəyyənləşdirirlər. Belə şəraitdə Netanyahunun hakimiyyətdə qalma ehtimalı günbəgün azalır və HƏMAS-la mübarizə İsrail hökumətinin sonunu gətirə bilər",- deyə sonda müsahibimiz fikirlərini yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Seçilən
7
1
redaktor.az

2Mənbələr