AZ

Bir stəkanla keçmişə necə qayıtmaq olar? İstanbulun Vefa Bozacısı ndan REPORTAJ

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Hər kəsin İstanbulda görmək istədiyi ünvanlar fərqli ola bilər. Amma bəzi yerlər var ki, səni turist yox, şəhərin bir parçası kimi hiss etdirir. Bu ünvanlardan biri də "Vefa Bozacısı"dır. "Seranit Azərbaycan"ın təşkil etdiyi mediatur çərçivəsində şahidi olduğum tarixin bu parçası keçmişin gündəlik həyata sızdığı, yaddaşın qədəhlərlə ötürüldüyü bir məkandır.

Bu yazı, bir qurtum bozanın arxasında gizlənmiş tarixə, xatirələrə və şəhərin ruhuna doğru bir səfərdir. Yolumuz Vefa səmtindəki bu qədim dükanadır. Qapını açırsınızsa, keçmiş sizi artıq salamlayır və gülümsəyir... Çünki "Vefa Bozacı"sı həm İstanbulun, həm də Osmanlı mədəniyyətinin canlı yadigarıdır.

Boza 1876-cı ildən bəri istehsal olunmağa başlayan Vefa səmtində eyni ailənin nəsildən-nəslə ötürdüyü içkidir. Hacı Sadık bəyin başlatdığı bu yol, artıq İstanbulun sosial-mədəni yaddaşını daşıyan bir nöqtəyə çevrilib.

Divarda Atatürkün 1937-ci ildə orada boza içdiyi stəkan belə suvenir kimi qorunub saxlanır. İçəridəki nostalji ab-havaya isə söz yoxdur.

Vefa Bozacısına gedəndə hava isti, küçələr insanlar kimi yorğun idi, amma dükana girəndə darı, darçın və köhnə xatirələrin qoxusu sərin bir yaz səhəri kimi qarşıladı məni. Elə boza da soyuq və qatı içilir. Nə tam şirindir, nə də turş. Ən əsası isə bu dadda tarixin ruhu gizlənir. Zarafat deyil, bura Osmanlı İmperiyasından Türkiyə Cümhuriyyətinə, Birinci Dünya müharibəsindən İkinci Dünya müharibəsinə qədər nələr şahid olmayıb ki?

Boza nədir?

Bir stəkanla keçmişə necə qayıtmaq olar? - İstanbulun "Vefa Bozacısı"ndan REPORTAJ

Boza mütəxəssisi İbrahim Alturan Oxu.Az-a açıqlamasında içkinin hazırlanma qaydası və tarixindən danışıb:

"Boza darı, şəkər və sudan hazırlanır. Faydaları həddindən artıq çoxdur. Öskürək, bağırsaq xəstəlikləri, eyni zamanda, süd verən analar üçün çox xeyri var. Tərkibində A, B, C və D vitaminləri var".

"Gələn il 150 illiyimizi qeyd edəcəyik. Bu vaxta qədər hər millətdən turistlər bura gəlib, bozanın dadına baxıblar. Bəyənənlər də olub, ilk dəfə içdiyi üçün dadı qəribə gəlib deyə fikir bildirməkdə çətinlik çəkənlər də. İçkinin və məkanın adı isə Şeyx Vefa həzrətlərinin adından götürülüb. Ümumiyyətlə, Vefa məhəlləsi onun adını daşıdığı üçün burada, demək olar ki, hər yer onun adı ilə bağlıdır", - deyə Alturan vurğulayıb.

O, bozanın çox çətin hazırlandığını bildirib:

"Əvvəlcə darı üyüdülür, 150 dərəcə suda qaynadılır və 2-3 saatdan sonra bişib xamır olur. Bundan sonra soyudulub mikserdən keçirilir və süzülür. Daha sonra yenidən süzülür, tərkibinə şəkər qatılır və hazır olur".

Əgər bir gün yolunuz bura düşsə, mütləq boza için, həm də yavaş-yavaş. Yanınızdakı masa da boş olsa, baxın. Çünki o boşluqda mütləq ki, İstanbulun keçmişindən bir xatirə boylanır.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
oxu.az

1Mənbələr