AZ

Etibarlı müttəfiq, sadiq tərəfdaş...

ain.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Müasir dünyada gedən inteqrasiya prosesləri bütün ölkələri, qitələri əhatə edir. Azərbaycan ötən 30 ildən çox bir müddətdə dünya birliyinin bütün sahələrdə, xüsusilə də enerji sahəsində aparıcı tərəfdaşına çevrilib. Sözsüz ki, bunun arxasında ölkə rəhbərliyinin gərgin əməyi, əzmkar və müstəqil xarici siyasət kursu dayanır. İndi Azərbaycanın iştirakı olmadan, nəinki regionda, hətta dünya miqyasında heç bir strateji layihənin reallaşması mümkün hesab edilmir.

Azərbaycanın qazandığı uğurların təməlində Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət strategiyası dayanır. Onun əsasını qoyduğu müdrik və unikal diplomatiya nümunəsi Azərbaycanın xarici dövlətlərlə mehriban, faydalı əməlkdaşlıq arxitekturasını formalaşdırıb.

Dünya birliyinə sürətli inteqrasiya

Müstəqilliyinin ilk illərindən BMT, ATƏT və İKT-yə üzv olan Azərbaycan həyata keçirilən ardıcıl siyasət nəticəsində 2001-ci ildə Avropa Şurası kimi mötəbər bir quruma qəbul edilib. Beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinə böyük önəm verən Ulu öndər Avropa Birliyi, NATO və başqa təşkilatlarla sıx əlaqələr yaratdı, bu nüfuzlu qurumlar çərçivəsində qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsi üçün fəal xarici siyasət həyata keçirdi.

Azərbaycan regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən, beynəlxalq arenada əməkdaşlığı genişləndirərək müstəqil dövlət kimi çoxlu sayda beynəlxalq təşkilata üzv oldu. Ölkəmiz eləcə də, GUAM regional qrupunun təsisçilərindən biridir. BMT Nizamnaməsinə, ATƏT və Avropa Şurası prinsiplərinə, dünya dövlətləri tərəfindən qəbul edilmiş digər beynəlxalq hüquq normalarına əsaslanan Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə fəal və genişmiqyaslı əməkdaşlığını davam etdirir. Bu əməkdaşlıq siyasi, iqtisadi, mədəni, humanitar, hərbi sahələri əhatə edərək çoxşaxəli xarakter daşıyır və ölkəmizin milli maraqlarının daha dolğun ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlərlə qarşılıqlı faydalı əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərir.

Enerji diplomatiyasının unikal uğurları

Azərbaycan dünya iqtisadiyyatına fəal inteqrasiya edərək qlobal tərəfdaşlıqda ən etimadlı dövlətlərdən birinə çevrilib. 1994-cü ildə əsası qoyulan enerji diplomatiyası ölkəmizin dünya birliyi alyansında və fəal iqtisadi-siyasi tərəfaşlar klubunda yer almasında əsaslı başlanğıcı qoydu. “Əsrin Müqaviləsi”nin ən əhəmiyyətli fazası olan “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən neftin dünya bazarlarına çıxarılması, 2006-cı ildə Azərbaycan dünyanın ən böyük tranzit arteriyalarından biri olan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istifadəyə verilməsi və neft resurslarının dünya bazarlarına çıxarılması Azərbaycanın qlobal iqtisadi imkanlarını nümayiş etdirdi .

Heydər Əliyev müəyyən etdiyi siyasi kursu daha da irəliyə aparan Prezident İlham Əliyevin yürütdüyü mükəmməl diplomatiya nümunəsi Azərbaycanın siyasi sabitliyinin möhkəmlənməsində, iqtisadi qüdrətinin artmasında, sosial rifahının güclənməsində, beynəlxalq miqyasda daha möhtəşəm və qətiyyətli Azərbaycanın mövqeyinin artmasında mühüm rol oynayıb. Yürüdülən mükəmməl xarici siyasət Azərbaycanın dünya miqyasında çox etibarlı tərəfdaş kimi nüfuz və imicini möhkəmləndirib. Azərbaycan neft bumundan sonra, Avropa bazarlarına qaz nəqli ilə Xəzər regionunda yeni bir cığır açıb, bölgədə enerji tranzitlərinin formatını da müəyyənləşdirməyə nail olub. Bakı-Tbilisi - Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrini icra edən,TANAP, TAP kəmərlərini reallaşdıran Azərbaycan Cənub Qaz dəhlizinin enerji koridorunu yaradıb. Bu uzaqgörən siyasəti sayəsində Azərbaycan dünyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib etməklə, qlobal gücünü və mövqeyini artırıb.

Yeni reallıqlar mühitində Azərbaycanın artan qüdrəti

Azərbaycanın diplomatiya tarixində qazandığı ən böyük uğurlardan biri, heç şübhəsiz, 2011-ci il oktyabrın 24-də 193 dövlətdən 155-nin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Bu, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının bir daha təsdiqlənməsi deməkdir. Azərbaycan Prezidenti dünyanın ən güclü dövlətləri ilə nəhəng siyasi platformalarda yer almaqla öz siyasi zəkası və unikal diplomatik manevri ilə dünya siyasətində lider kimi adını yazdırıb. Onun ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda, ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması və digər məharətli adımları beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan etimadı və yaxın dostluğu formalaşdırıb.

Bir çox beynəlxalq təsisatlara uğurla Sədrlik, ələxsus da, Qoşulmama Hərəkatında yaradılan həmrəylik alyansı, Türk Dövlətləri Təşkilatında əvəzolunmaz təşəbbüskarlıq və digər diplomatik nailiyyətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində sarsılmaz qüdrətini əks etdirir.

Tarixi Zəfərdən sonra daha da güclənən və güc kimi qəbul edilən Azərbaycan yeni reallıqlar mühitində siyasi, iqtisadi, enerji, nəqliyyat-logistika, ticari-kommunikativ bloklarda potensial güc amili kimi xüsusi diqqətdə dayanır. 

Qlobal miqyasda nümunəvi Azərbaycan modeli

Azərbaycan ötən ilin sonunda daha bir mötəbər tədbirə -BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konransının 29 sessiyasına (COP29) ev sahibliyi etməklə qlobal miqyasda yeni nümunəvi modeli formalaşdırdı. n COP29-a ev sahibliyini üzərinə götürdüyü ilk gündən başlayaraq özünün “yaşıl enerji” diplomatiyasını yürütməklə geniş həmrəylik platforması yaratdı.  COP29 çərçivəsində ölkəmiz beynəlxalq və yerli şirkətlərin bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsinə təşviqini də sürtələndirdi, beynəlxalq maliyyə institutları ilə iqlim həlləri üzrə də intensiv əlaqələri artıraraq yeni paltformalar qurdu, 196 ölkədən 72 min iştirakçını ölkəmizdə böyük hörmətlə, yüksək qonaqpərvərliklə qarşıladı. Məhz ölkəmizin iradəsi sayəsində İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu (İMFF) təsis edildi. Ümumilikdə, ölkəmiz tərəfindən dünya iqlim ailəsinə 14 əsas təşəbbüs irəli sürüldü və həmin təşəbbüslərin böyük əksəriyyəti üzrə praktiki işlər icra olundu. Bir sözlə, Azərbaycan COP29-u möhtəşəm iqlim tədbiri kimi tarixə yazdı.

Bütün bunlar bir daha Azərbaycanın dünyada etibarlı müttəfiq və sadiq tərəfdaş olmasını təsdiqləyən fundamental amillərdir.

Yeganə Bayramova

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə

“Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
yeniazerbaycan.com

2Mənbələr