Yeniazerbaycan portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bu günlərdə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” in paraflanması ilə Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının fəaliyyətinin dayandırılmasının zəruriliyi yenidən gündəmə gəlib. Sənəddə vurğulanır ki, Azərbaycan və Ermənistan qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər.
Layihəyə əsasən, tərəflər qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər. Beləliklə, Aİ-nin fəliyyətinin məqsədi bilinməyən missiyasının sərhədlərimizdə anlaşılmaz müşahidələr aparmaları ikitərəfli razılaşmaya əsasən mümkün olmayacaq, Ağ Evdə paraflanan saziş bunu hüquqi baxımdan mümkünsüz edir.
Makronun bədnam layihəsi
Heç kəsə sirr deyil ki, bu missiya Makronun bədnam layihəsi idi. Məqsəd də Aİ-nin, Qərbin Ermənistanda hərbi mövcudluğunu təşkil etmək, kəşfiyyat işləri aparmaq, Ermənistanla Azərbaycan arasında münasiətləri gərginləşdirməkdir. Artıq iki tərəfin də qəbul etdiyi sülh gündəliyi var. Buna görə də Aİ missiyası fəaliyyətini dayandırmalıdlr.
Postmüharibə dövründə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan sülhyaratma prosesində indiki səviyyəyə çatılanadək bir sıra çətin mərhələlərdən keçilib, Ermənistanın və bu ölkəni dəstəkləyən qüvvələrin, o cümlədən də Fransa kimi dövlətlərin manipulyasiya cəhdlərinin qarşısını almaq lazım gəlib. Aİ missiyasının zamanında Ermənistanda yerləşdirilməsi də məlum qüvvələrin süh prosesini əngəlləmək cəhdlərindən biri idi. 2022-ci ilin oktyabrında Praqada baş tutan sammit çərçivəsində Ermənistan baş naziri Fransanın dəstəyi ilə iki ölkə arasındakı sərhədə Aİ-nin missiyasının göndərilməsini israr etdi. Sammitdə aparılan müzakirələrdən sonra Azərbaycanın razılığı əsasında Avropa İttifaqının qısamüddətli və məhdud tərkibli missiyasının Ermənistana göndərilməsinə qərar verildi. Həmin missiya üçün nəzərdə tutulan vaxt limiti 2022-ci ilin dekabrında tamamlandı. Bundan sonra Makronun təkidi ilə Ermənistan daha uzunmüddətli missiya istəyini gündəmə gətirdi və məlum adekvat qərar verildi. Bu dəfə missiyanın tərkibi 200 nəfərdək genişləndirildi və sonra daha bir neçə nəfər bu tərkibə əlavə edildi. Son dəyişikliklərə əsasən, missiyanın Ermənistanda qalma müddəti 2027-ci ilədək artırılıb.
Mülki, yoxsa hərbi missiya?
Aİ-nin Ermənistandakı mülki adlandırılan missiyası barədə söhbət açanda, adətən, dəqiqləşdirməyə zərurət yaranır: Mülki, yoxsa hərbi missiya? Şübhələrin məntiqi əsası var. Bəli, missiya avantürasındakı qaranlıq məqamların üzə çıxması üçün çox gözləmək lazım gəlmədi. Bəlli oldu ki, Ermənistana mülki missiya adı altında əslində hərbiləşdirilmiş dəstələr göndərilib. Həmin missiyanın tərkibində Fransanın və Almaniyanın xüsusi xidmət orqanlarının təmsilçilərinin yer alması bunu əyani şəkildə təsdiqləyir. Məsələn, missiyaya rəhbərlik edən Markus Ritter kimdir? Onun tərcümeyi-halı bu sualın ən yaxşı cavabıdır. Markus Ritterin dosyesinə nəzər salanda onun polis adı altında fəaliyyət göstərən təcrübəli kəşfiyyatçı olduğu üzə çıxır. Bu şəxs 2004-2005-ci illərdə Kosovoda BMT missiyasının qərargah rəisi, 2007-2008-ci illərdə BMT-nin Gürcüstandakı müşahidə missiyasının qərargah rəisi, 2012-2013-cü illərdə Aİ-nin Cənubi Sudanda proqramlaşdırma və əməliyyatlar missiyasının şöbə müdiri, həmçinin 2017-2019-cu illərdə Aİ-nin Bağdaddakı məsləhət missiyasının rəhbəri vəzifələrində çalışıb. Aydındır ki, bu cür məsul tapşırıqların yerinə yetirilməsi xüsusi hazırlıq, kəşfiyyat bacarıqları tələb edir.
Aİ missiyasının “mülki” olmasına kölgə salan başqa bir məqama diqqət yetirək: Avropalı emissarlarla birgə fəaliyyətə cəlb olunanlar yerli personal da sırf hərbçilərdən ibarətdir. Belə ki, yerli personal, missiyayaya qoşulan məsləhətçilər qismində hazırda xidmətdə olan və yaxud istefaya getmiş erməni zabitlər və xüsusi xidmət orqanlarının əməkdaşları iştirak edirlər. Oların köməyi ilə missiyanın fəaliyyətinə Rusiyanın hərbi məktəblərində təhsil almış erməni hərbçilər cəlb olunur. Bütün bu kimi faktlar ortada ikən Ermənistanı dəstəkləyən Fransa kimi ölkələr və Aİ missiyasının rəhbərliyi riyakarlıq edərək kimi aldatmağa çalışırlar? Axı yalanlarla uzağa getmək mümkün deyil.
Aİ-nin fəaliyyətində sual doğuran məqamlar
Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətində cavabı olmayan, suallar doğuran çoxsaylı məqamlar sadalamaq mümkündür. Əvvəla, qərarda missiyanın sərhəd ərazilərində fəaliyyət göstərəcəyi bildirilir. Burada söhbət hansı sərhədlərdən gedir? İndiyədək qalib Azərbaycan heç bir ilkin şərt irəli srmədən iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyasının aparılmasını təkid etsə də, bu proses yubanır. Bugünədək iki ölkə arasındakı sərhədlərin yalnız kiçik bir hissəsi delimitasiya və demarkasiya olunub. Dünya təcrübəsindən də bəlli olduğu kimi, bu, uzun sürən bir prosesdir. Əgər sərhədlər müəyyənləşdirilməyibsə, Aİ-nin missiyası hansı ərazilər boyunca müşahidələr aparır? Aİ-nin tələm-tələsik regiona missiya göndərməklə bağlı qərar verməsi əvəzinə, sülhyaratma prosesində konstruktiv şəkildə iştirak etməsi daha yaxşı olmazdımı? Nə üçün özünü vasitəçi kimi sırımağa çalışan Makron həmişə qərəzli və birtərəfli mövqe tutub, separatizmə dəstək verən açıqlamalarla çıxış edib? Məhz Makronun və digərlərinin belə qərəzli yanaşmalarının nəticəsidir ki, Brüssel formatı iflasa uğradı və sülh prosesi Vaşinqton masasına daşındı. D.Trampın səyləri sayəsində onun vasitəçiliyi ilə sülhyaratma prosesində yeni mərhələ başlayıb, artıq tərəflər bir vaxtlar antaqonist görünən bütün bəndləri razılaşdırıblar və bundan sonra da gələcək fəaliyyətlərini bu çərçivədə həyata keçirəcəklər.
Başqa bir ziddiyyətli məqama diqqət yetirək. Mülki missiyanın üzərinə təhlükəsizliklə bağlı müəyyən öhdəliklər qoyulub. Beynəlxalq praktikada mülki missiyanın təhlükəsizlik məsələlərini araşdırmasına dair presedentlərə rast gəlinmir. Bu, xüsusi xidmət orqanlarının və yaxud hərbi qurumların fəaliyyət sferasına daxil olan bir məsələdir. Belə qənaət hasil olur ki, Aİ-nin Ermənistana göndərdiyi emissarlar “mülki missiya” adı altında fərqli fəaliyyət həyata keçirirlər. Yeri gəlmişkən, bununla bağlı zaman-zaman Azərbaycan və Rusiya öz narazılıqlarını ifadə ediblər. Bu narazılıqlar da ondan qaynaqlanır ki, missiya üzvlərinin qonşu dövlətlərə qarşı kəşfiyyat məlumatları toplayıb ötürmələrinə dair məlumatlar mətbuata məlum olub. Sonradan missiya sızdırlan məlumatları təkzib etməyib.
Mülki adlandırılan missiya guya sərhədlər boyunca insidentlərin və əhali üçün risklərin azalmasına kömək edəcəkdi. Bu, riyakarlığın son həddi sayıla bilər. Azərbaycanın şərti sərhədlər boyunca təxribatlar törətmək kimi bir niyyəti yoxdur və heç vaxt bunu etməyib. İndiyədək yaşanan bütün gərginliklərin fitilini xaricdəki bəlli dairələr və Ermənistandakı ayrı-ayrı qüvvələr alovlandırıb. Əgər Aİ münasibətlərində səmimidirsə, Ermənistana missiya göndərmək qərarı verməzdən öncə bunu nəzərə almalı idi.
Missiyada mülki əməliyyat komandirindən bəhs olunur. Bu termin də absurdur və heç də xoş məramdan xəbər vermir.
Bu və bir sıra digər məqamları ümumiləşdirsək, yekun qənaəti ifadə edə bilərik. Aydın şəkildə görünür ki, Ermənistana Aİ-nin missiyasının göndərilməsi Makronun növbəti manipulyasiyadır və artıq buna son qoyulması məqamı yetişib. Son iki il yarımda missiya sülhyaratma prosesinə hansısa bir töhfə verməyib, öz fəaliyyətini “binokl diplomatiyası” sərgiləməklə başa çatmış hesab edib. Belə mövcudluq ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini xatırladır. Artıq de-fakto mövcud olmayan Minsk qrupu hüquqi baxımdan da tarixin toz basmış arxivinə göndərilir. Azərbaycan və Ermənistan qurumun de-yure ləğvi ilə bağlı ATƏT-ə müraciət ünvanlayıblar. İndi isə səhnəni tərk etmək, arzuolunmaz qonağın yola salınması növbəsi Aİ-nin Ermənistandakı missiyasına çatıb...
Mübariz FEYİZLİ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.