Yaponiyanın Kyuşu bölgəsində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 3 nəfər həyatını itirib, azı 4 nəfər isə itkin düşmüş hesab olunur.
Xalqcebhesi.az xəbər verir ki, həftə başından bəri davam edən güclü yağışlar Kyuşu bölgəsində sel və torpaq sürüşmələrinə səbəb olub. Yerli rəsmilərin verdiyi məlumata görə, Kaqosima prefekturasının Aira şəhərində yaşayan 50 yaşlarında bir kişi torpaq sürüşməsi nəticəsində həyatını itirib. Kumamoto prefekturasının Kosa qəsəbəsində yaşayan digər bir 50 yaşlı kişinin də torpaq sürüşməsi nəticəsində öldüyü bildirilib. Kumamoto prefekturasının Yatsuşiro şəhərində isə 70 yaşlarında bir qadın sel sularının sürüklədiyi avtomobildə ölü halda tapılıb.
Bundan əlavə, 2-si Kumamoto, 2-si Fukuoka prefekturasında olmaqla, ümumilikdə 4 nəfərin itkin düşdüyü və axtarış işlərinin davam etdiyi bildirilib.
Kyuşu bölgəsində baş verən sel və torpaq sürüşmələri maddi ziyana da səbəb olub. Kaqosima, Kumamoto və Fukuoka prefekturalarında azı 3 evin çökdüyü, 700-dən çox evin isə seldən zərər gördüyü qeyd edilib. Yaponiya Meteorologiya Agentliyi (JMA) bölgənin müxtəlif hissələrində yağıntı riskinin davam etdiyini vurğulayaraq, sakinləri sel və torpaq sürüşməsi təhlükəsinə qarşı hazırlıqlı olmağa çağırıb.
Məryəm Quliyeva