Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri ilə bağlı son statistik göstəricilər açıqlanıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Ümumilikdə ölkə üzrə bu sektordan 289 milyon 989 min manat gəlir əldə edilib.
Hotelləri ən çox gəlir əldə edən şəhər, ənənəvi olaraq, Bakı şəhəri olub. Paytaxtdakı hotellər 179 milyon 638 min manat gəlir əldə edərək ümumi məbləğin yarıdan çoxunu təkbaşına formalaşdırıb.
Ölkənin əsas turizm potensiallı rayonları olan Qusar və Qəbələ də yüksək nəticələrlə seçilir. Qusar rayonunun hotelləri 33 milyon 259 min manat gəlirlə paytaxtdan sonra ikinci yerdə qərarlaşıb. Qəbələ rayonunun hotelləri isə 18 milyon 184 min manat gəlir əldə edərək üçüncü sırada yer alıb. Siyahıda növbəti yeri isə 11 milyon 33 min manatla Quba rayonu tutur.
Müalicəvi turizm mərkəzi kimi tanınan Naftalan şəhəri 10 milyon 643 min manatlıq göstərici ilə ilk beşliyi tamamlayıb. İlk onluğa daxil olan digər rayon və şəhərlər isə Lənkəran (6 milyon 137 min manat), Şabran (5 milyon 962 min manat), Qarabağ iqtisadi rayonu (4 milyon 787 min manat), Şamaxı (4 milyon 466 min manat) və Şuşa (4 milyon 200 min manat) olub.
Siyahının sonunda isə gəlirləri olduqca aşağı olan rayonlar yer alıb. Hotelləri ən az gəlir əldə edən rayon cəmi 2 min manatla Oğuz rayonu olub. Bu göstərici Ağdərə rayonunda 3 min manat, Zərdab rayonunda 5 min manat, Xankəndi şəhərində isə 7 min manat təşkil edib.
Siyahıda aşağı yerlərdə qərarlaşan digər rayonlar arasında Neftçala (10 min manat), Daşkəsən (12 min manat), Ağdaş (13 min manat) və Ağsu (19 min manat) da var.