Bakı, 13 avqust, AZƏRTAC
Şimali Makedoniyanın "Şkendiya" komandasını məğlub edərək UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan "Qarabağ"ın futbolçusu Leandro Andrade AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
– Oyun haqqında nə deyə bilərsiniz?
– Fikrimcə, kollektiv olaraq çox yaxşı oyun nümayiş etdirdik. Meydanda bir-birimizə dəstək olduq, 90 dəqiqə ərzində həm müdafiədə, həm hücumda birgə oynadıq. Komanda daxilində intizam, motivasiya və inam yüksək idi. Buna görə də qalibiyyət əldə etdik. Belə qələbələr yalnız texniki bacarıqla deyil, həm də komanda ruhu ilə qazanılır.
– Matçdan əvvəl bu cür nəticəni gözləyirdiniz?
– Açığı, oyundan əvvəl konkret hesab haqqında düşünmürdüm. Nə 1:0, nə də 5:1 nəticəsi ağlımda yox idi. Mənim əsas məqsədim baş məşqçimizin verdiyi tapşırıqları maksimum dəqiqliklə yerinə yetirmək idi. Öz oyunumda səhv etməməyə və komandaya fayda verməyə fokuslanmışdım. Qol buraxmasaydıq, sevincimiz ikiqat olardı. Bu cür məqamlarda daha diqqətli olmalı, rəqibə imkan verməməliyik.
– Yeni transferlər haqqında nə deyə bilərsiniz?
– Yeni gələn futbolçular çox tez uyğunlaşdılar. Onlar meydanda özlərini göstərməyi bacardılar və komanda ruhuna töhfə verdilər. Üstəlik, meydandan kənarda da çox səmimi, pozitiv insanlardır. Bu, çox önəmlidir, çünki bir-birini yaxşı anlayan futbolçular meydanda da daha koordinasiyalı hərəkət edir. Biz birlikdə həm güclü, həm də çevik oynaya biləcəyik.
– Çempionlar Liqasının pley-off mərhələsində şanslarınızı necə qiymətləndirirsiniz?
– Hamımız bilirik ki, pley-off mərhələsinə çıxan komanda təsadüfi olmur, hər biri güclü rəqibdir. Qarşıda bizi çətin matçlar gözləyir. Amma biz də zəif deyilik. Özümüzə inanırıq, hazırlığımızı maksimum səviyyədə aparacağıq. Qələbə qazanmaq üçün bütün gücümüzü qoyacağıq.
– Görüşün keçirildiyi Tofiq Bəhramov adına Respublika Stadionundakı atmosfer barədə fikirləriniz maraqlıdır…
– Atmosfer həqiqətən də möhtəşəm idi. Azarkeşlərimiz hər hücum zamanı səs-küylə bizə enerji verirdilər. Bu dəstək meydanda yorulduğumuzu unutdurur, irəli getməyə məcbur edir. Qələbədə onların da payı çox böyükdür. Dəstək olan, bayraq qaldıran, mahnı oxuyan hər kəsə minnətdaram. Biz onların sevgisini hiss etdik və bu, bizim üçün motivasiya oldu.