Xüsusilə qeyd etmək lazımdır ki, Vətən müharibəsindəki tarixi Zəfərimizlə əsrlərin problemini aradan qaldırmış Azərbaycan Respublikasının Prezidenti gələcək nəsillərin də eyni münaqişədən əziyyət çəkməməsi, heç bir tərəfdən yeni insan faciələrinin baş verməməsi üçün strateji planda ən yüksək təminatlar yaratmaq istəyir. Ermənistanın qarşısında qoyulmuş Konstitusiya dəyişikliyi tələbi də bu niyyətdən irəli gəlir. Müvafiq müddəaların Ermənistan Konstitusiyasından çıxarılması rəsmi İrəvanın bacarmayacağı bir iş deyil. Ümumiyyətlə, öz siyasətini daim reallıq prinsipi əsasında qurararaq məntiqi, ardıcıl şəkildə davam etdirən, haqlı mövqeyi üzərində qətiyyətlə dayanan Azərbaycan Prezidenti heç zaman Ermənistan qarşısında həlli mümkünsüz tələblər qoymayıb. Nə münaqişənin ən gərgin vaxtlarında, nə də sülh danışıqları prosesində belə qeyri-real şərtlər olmayıb. Azərbaycanın irəli sürdüyü bütün şərtlər reallığa, hər iki tərəf üçün maksimum faydalı nəticələrə hədəflənib. Prezident İlham Əliyevin bu tarixi görüşdən dərhal sonra Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibədə bu kimi məqamları xüsusilə vurğulaması onu göstərir ki, rəsmi İrəvanın qarşısında duran vəzifələrin cəld və dayanmadan icrası xalqların dayanıqlı sülh şəraitində yaşamalarını daha da tezləşdirə bilər: "Ermənistanın, necə deyərlər, ev tapşırıqları da var. Bildiyiniz kimi, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər. Lakin bu gün mən bəzi suallara münasibətimi bildirəndə dedim ki, bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib. Hesab edirəm ki, bu həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir... Əlbəttə, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var, həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz haqq-ədaləti müharibə yolu ilə bərpa etdik. İndi isə buna siyasi müstəvidə də nöqtəni qoyduq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31