AZ

Azərbaycanın investisiya imkanları yüksəlir

I yarımildə əsas kapitala 9,9 milyard manat yatırılıb

Son illərdə Azərbaycan iqtisadi siyasətində əsas istiqamətlərdən biri də biznes və investisiya mühitinin köklü şəkildə yaxşılaşdırılması, sahibkarlığın inkişafı üçün daha əlverişli şəraitin yaradılması olub. Bu məqsədlə həyata keçirilən sistemli islahatlar, qəbul edilən qanun və normativ aktlar, institusional mexanizmlərin təkmilləşdirilməsi ölkənin yatırım cazibədarlığını artırmaqla yerli və xarici investorlar üçün yeni imkanlar açıb.

Bütün bu istiqamətlərdə reallaşdırılan layihələr ölkədə investisiya yatırımına müsbət təsir göstərib. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar – iyul aylarında respublikada əsas kapitala 9 milyard 912 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz çox) investisiya yönəldilib. Son 1 ildə isə neft-qaz sektoruna investisiyalar 18,4 faiz azalsa da, qeyri-neft-qaz sektoruna investisiyalar isə 15 faiz çoxalıb. Hesabat dövründə istifadə olunmuş investisiyanın 5 milyard 46 milyon manatı (51 faiz) məhsul istehsalı, 3 milyard 335 milyon manatı (34 faiz) xidmət sahələrinə, 1 milyard 531 milyon manatı (15 faiz) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Bu göstəricilərin əldə edilməsi səbəblərindən danışarkən, ilk növbədə, onu xatırladaq ki, Azərbaycan hökuməti ötən illərdə investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığının təmin edilməsi və biznes fəaliyyətinin hüquqi zəmanətlərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıb. “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyaların qorunması haqqında” qanunların qəbulu bu sahədə hüquqi əsasların möhkəmləndirilməsinə xidmət edib, yerli və xarici sahibkarlara eyni hüquqların tanınmasını, bərabər rəqabət mühitinin yaradılmasını və investisiyaların qorunmasını gerçəkləşdirib. Bundan başqa, mübahisələrin operativ həlli üçün yaradılmış apelyasiya şuraları sahibkarların qarşılaşdığı inzibati maneələrin tez bir zamanda aradan qaldırılmasını, dövlət orqanları ilə biznes sektoru arasında etimad mühitinin möhkəmlənməsini şərtləndirib.

Prezident İlham Əliyevin biznes fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılmasını və mövcud prosedurların sadələşdirilməsini nəzərdə tutan 2 noyabr 2015-ci il tarixli fərmanına əsasən, dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla, bütün lisenziyalar “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməyə başlanılıb. Bu yenilik sahibkarların vaxt və resurs itkilərini minimuma endirib, həmçinin lisenziyalaşmada şəffaflıq və operativliyi artırıb.

Azərbaycanda biznes qeydiyyatı və idarəetmə mexanizmlərində “bir pəncərə” sistemi hazırda uğurla tətbiq olunur. Sahibkarlıq subyektlərinin qeydiyyatı, vergi bəyannamələri təqdimatının sadələşdirilməsi və digər əsas prosedurlar elektron platformalara inteqrasiya edilib, fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn şəkildə qeydiyyatdan keçirilməsi, vergi öhdəliklərini elektron şəkildə yerinə yetirilməsi müsbət nəticələrlə diqqət çəkir. Nazirlər Kabinetinin qərarı ilə elektron imzanın alınma müddətinin 2 gündən 1 günə endirilməsi də biznesin sürətli qeydiyyatı üçün mühüm addımdır. Bu, xüsusilə kiçik və orta sahibkarlıq subyektləri üçün zaman və maliyyət baxımından ciddi üstünlük yaradır.

Qeyd edək ki, 2015-ci ilin oktyabrında Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması respublikada logistika sektorunun inkişafında yeni mərhələ açıb. Şuranın səmərəli fəaliyyəti nəticəsində ölkə ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, limanlar və terminallar vasitəsilə daşınan tranzit yüklərin vahid idarəetmə mexanizmi ilə koordinasiyası gerçəkləşdirilib. “Bir pəncərə” prinsipi burada da tətbiq olunaraq, yükdaşımaların sürəti artırılıb, inzibati prosedurlar minimuma endirilib. Eyni zamanda, “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”na uyğun olaraq, tikinti layihələrinin ekspertizasının da “bir pəncərə” prinsipi ilə gerçəkləşdirilməsi sayəsində inşaat sektorunda şəffaflığın və operativliyin səviyyəsi yüksəlib.

“İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” ilə Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda bir sıra əhəmiyyətli güzəştlər müəyyənləşdirilib. Bununla da investisiya təşviqi sənədini alan hüquqi şəxslər və fərdi sahibkarlar mənfəət və gəlirin 50 faizinin vergisini, əmlaka görə əmlak vergisini və mülkiyyətində və ya istifadəsindəki torpaqlara görə torpaq vergisini, həmçinin idxala yönəldilən texnika, texnoloji avadanlıqlar, habelə qurğular üzrə əlavə dəyər vergisini ödəməkdən 7 il müddətinə azad edilib.

Bütün bu tədbirlər nəticəsində Azərbaycan beynəlxalq biznes reytinqlərində mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Dünya Bankının “Doing Business” hesabatında ölkəmiz ən çox islahat aparan dövlətlər sırasında yer alıb. İnvestorların cəlb olunması sahəsində əldə edilən uğurlar isə iqtisadiyyatın şaxələndirilməsi strategiyasının məntiqi nəticəsinə çevrilib.

Elektron xidmətlərin və rəqəmsal idarəetmə mexanizmlərinin geniş tətbiqi ilə biznes mühitində qeyri – rəsmi iqtisadiyyatın həcmi azalıb, dövlət – biznes münasibətlərində şəffaflıq yüksəlib. Nəticədə həm dövlət büdcəsinə əlavə gəlir gəlib, həm də rəqabət qabiliyyətli sahibkarlıq mühitinin formalaşması güclənib.

Bütün bu tədbirlər deməyə əsas verir ki, Azərbaycanda investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi daim diqqətdə saxlanılır. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşlarının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir. Hədəflər isə son nəticədə yüksək göstəriciləri şərtləndirir.

Beləliklə, Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar ardıcıllıq və davamlılıq prinsipi əsasında icra olunur. Hüquqi bazanın möhkəmləndirilməsi, inzibati prosedurların sadələşdirilməsi, elektron xidmətlərin tətbiqi, logistika və infrastrukturda “bir pəncərə” mexanizminin genişləndirilməsi ölkəni regionun investisiya mərkəzlərindən birinə çevirir. Bu siyasət gələcək illərdə də davam etdirilərək, respublikanın iqtisadi inkişaf strategiyasının əsas dayaq sütunlarından biri olaraq qalacaq.

 

 

Seçilən
21
xalqqazeti.az

1Mənbələr