Ağ Ev administrasiyası Prezident Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini fəal şəkildə təşviq edir.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı rəsmi açıqlamada bu məsələdə ABŞ prezidentinə dəstək ifadə edən xarici liderlərin siyahısı dərc olunub.
Siyahıya daxildir:
- Azərbaycan Prezidenti İlham Əliyev;
- Ermənistanın Baş naziri Nikol Paşinyan;
- Kambocanın Baş naziri Hun Sen;
- Qabon Prezidenti Brays Oliqi Nqema;
- İsrailin Baş naziri Benyamin Netanyahu;
- Pakistan hökuməti;
- Ruandanın xarici işlər naziri Olivye Nduhunqirehe.
Qeyd edək ki, daha əvvəl Trampın özü beynəlxalq arenada sülhməramlı xidmətlərini dəfələrlə vurğulayıb. Trampın sözlərinə görə, o, Ruanda ilə Konqo arasında münaqişələrin sona çatmasına, Hindistan və Pakistan arasında gərginliyin azalmasına, Serbiya ilə Kosovo arasında münasibətlərin nizamlanmasına töhfə verib.
ABŞ prezidenti Misir və Efiopiya arasında sülhün qorunmasında və İsraillə bir sıra ərəb dövlətləri arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş tarixi pakt olan "Avraam razılaşmaları"nın həyata keçirilməsində roluna xüsusi diqqət yetirir.
Tramp, həmçinin, Ukrayna ilə Rusiya arasında barışığın bərqərar olmasına kömək üçün də cəhdlər edib, lakin indiyədək bu istiqamətdə ciddi nəticələr əldə edilməsinə hələ ki nail olunmayıb.
Maraqlıdır ki, Trampın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi təşəbbüsü Vaşinqtonda keçirilən üçtərəfli görüş zamanı da irəli sürülüb, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə Nobel Komitəsinə müraciət etməyi təklif edib.
"Donald Tramp buna layiqdir. O, qısa müddət ərzində uzun danışıqlar prosesini başa çatdıra bildi. Biz Ermənistanın baş naziri ilə birlikdə məktub yazıb Nobel Komitəsinə müraciət edə bilərik", - deyə Azərbaycan Prezidenti birgə bəyanat zamanı bildirib.
Qeyd edək ki, Nobel Sülh Mükafatı - silah istehsalı sahəsində fəaliyyətinə baxmayaraq, sülhün möhkəmlənməsinə töhfə verməyə çalışan isveçli ixtiraçı və sənayeçi Alfred Nobel tərəfindən təsis edilən beş mükafatdan biridir. İsveçdə təqdim edilən digər Nobel mükafatlarından fərqli olaraq, Sülh Mükafatı laureatları Norveçin paytaxtı Osloda müəyyənləşir.
Mükafatın məbləği Nobel Fondunun investisiya gəlirlərindən və hazırkı məzənnədən asılı olaraq dəyişir, lakin orta hesabla təxminən 100 milyon İsveç kronu (təxminən 1 milyon ABŞ dolları) təşkil edir. 2025-ci ildə bu nüfuzlu mükafat üçün 338 namizəd mübarizə aparır.