Çərşənbə axşamı gecə saatlarında Seul məhkəməsi Cənubi Koreyanın keçmiş birinci xanımı Kim Qonq-Hinin rüşvətxorluq, səhm dələduzluğu və nüfuzdan sui-istifadə ittihamları ilə həbs olunmasına order verib...
Poliqon Reuters-ə istinadən xəbər verir ki, ittihamları rədd edən Kim ölkənin cinayət ittihamı ilə həbs edilən ilk keçmiş birinci xanımı olub.
O, aprel ayında hərbi vəziyyətin tətbiqinə uğursuz cəhdə görə vəzifədən uzaqlaşdırıldıqdan sonra həbsdə olan əri, keçmiş prezident Yun Seok-Yeola qoşulur. Yun hazırda ömürlük həbs və ya ölüm cəzası ilə nəticələnə bilən qiyam ittihamı ilə mühakimə olunur.
İstintaq iddia edir ki, Kim biznesmenlərdən, din xadimlərindən və siyasi vasitəçilərdən öz maraqları ilə bağlı məsələlərdə müsbət qərarlar vermək müqabilində 43 min dollarlıq "Van Cleef" kulon, iki "Chanel" əl çantası və brilyant boyunbağı da daxil olmaqla bahalı hədiyyələr alıb. Prokurorların sözlərinə görə, kulon 2022-ci ildə NATO sammitində taxmaq üçün tikinti şirkəti tərəfindən verilib və qanunun tələb etdiyi kimi maliyyə hesabatlarında göstərilməyib.
Kimin müdafiəsi zinət əşyalarının saxta olduğunu, 20 il əvvəl Honq-Konqdan alındığını israr edir və ittihamları əsassız hesab edir. Məhkəmə sübutların məhv edilməsi və istintaqa müdaxilə riski ilə bağlı ittiham tərəfinin arqumentləri ilə razılaşıb.
Xatırladaq ki, 2024-cü ilin dekabrında Cənubi Koreyada hərbi vəziyyət elan edilmişdi. Bu qərarı prezident Yun Seok-Yeol, guya Şimali Koreyayönlü qüvvələrin kökünü kəsmək və konstitusiya nizamını qorumaq üçün qəbul edib. Seul küçələrində hərbi texnika peyda olub, insanlar etiraz əlaməti olaraq küçələrə çıxıb.
Elə həmin gün Yun Seok-Yeol parlamentin qərarına uyğun olaraq hərbi vəziyyəti ləğv edəcəyini açıqlayıb. Dekabrın 31-də Cənubi Koreya məhkəməsi parlament tərəfindən impiçment elan edilmiş prezident Yun Seok-Yeolun qısamüddətli hərbi vəziyyət elan etməsi ilə əlaqədar qiyam ittihamı ilə həbs edilməsi, ofisində və iqamətgahında axtarış aparılması üçün orderlər verib.
Poliqon.info