Ruslar Vladimir Putinlə Donald Trampın görüşü ərəfəsində Kremlin Donetsk vilayətini tamamilə ələ keçirmək kampaniyası çərçivəsində Dobropilya şəhəri ərazisində irəliləyib...
Poliqon-nun Reuters-ə istinadən məlumatına görə, Kremlin keçmiş müşaviri Sergey Markov qeyd edib ki, Rusiyanın hücumu istənilən razılaşmanın bir hissəsi kimi Ukraynaya ərazini vermək üçün təzyiqi artıra bilər: "Bu irəliləyiş danışıqlarda Putin və Trampa hədiyyə kimidir".
Nəşr xatırladıb ki, Tramp artıq istənilən sülh sazişinin müəyyən ərazilərin mübadiləsini əhatə edəcəyini deyib, lakin Ukrayna prezidenti Volodimir Zelenski və onun avropalı müttəfiqləri ona Rusiyadan daha böyük güzəştlərə getməsi üçün təzyiq ediləcəyindən ehtiyat edirlər.
Jurnalistlər qeyd ediblər ki, Ağ Ev Ukraynada atəşkəsin əldə olunmasında irəliləyişlə bağlı gözləntiləri yumşaldaraq, görüşü "dinləmə məşqi" adlandırıb. Bundan əlavə, ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Tramp Putini şəxsən qiymətləndirmək istəyir.
"Prezident hesab edir ki, bu şəxslə danışıqlar masası arxasında danışmaq, onunla şəxsən görüşmək, şəxsən onu dinləmək və ona baxaraq qiymət vermək lazımdır", deyə Rubio Trampın niyyətləri barədə bildirib.
Zelenskinin niyə Alyaska görüşündə iştirak etməyəcəyini soruşduqda, Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlərə bildirib ki, ikitərəfli görüşü Putin təklif edib və Tramp "bu müharibəni necə bitirmək" barədə daha yaxşı başa düşmək üçün razılaşıb. O əlavə edib ki, Tramp Putin və Zelenski ilə üçtərəfli görüşə açıqdır.
Poliqon.info