AZ

Azyaşlıların məktəbə adaptasiyasında valideynin rolu

Artıq 2025-2026 cı tədris ilinin  başlamasına sayılı günlər qalıb. Yeni tədris ilinin  başlanması xüsusilə də məktəbə ilk dəfə qədəm qoyacaq azyaşlı uşaqlar üçün mühüm və həyəcanverici bir mərhələdir. Bu dövr uşaqların həyatında yeni mühit, yeni qaydalar və yeni insanlarla tanışlıq deməkdir ki, bu da onların psixoloji baxımdan hazırlıqlı olmasını tələb edir. Valideynlər övladlarının məktəbə adaptasiyasını asanlaşdırmaq üçün bu prosesə vaxtında başlamaqla böyük rol oynaya bilərlər. İlk olaraq, məktəb haqqında müsbət və ümidverici danışmaq vacibdir. Uşaq məktəbi qorxulu və ya çətin yer kimi deyil, dostlar tapacağı, maraqlı biliklər öyrənəcəyi və özünü inkişaf etdirəcəyi bir məkan kimi görməlidir. Tədris başlamazdan əvvəl uşağın məktəb binası, sinif otağı və müəllimi ilə tanış edilməsi ona daha çox rahatlıq və güvən hissi aşılayar.

Gündəlik həyat rejiminin əvvəlcədən formalaşdırılması da psixoloji hazırlığın mühüm hissəsidir. Yatmaq, oyanmaq və məktəbə hazırlaşmaq vərdişləri tədricən tətbiq edildikdə uşaq dərs gününə daha asan uyğunlaşar. Müstəqillik bacarıqlarının inkişaf etdirilməsi – geyinmək, çanta hazırlamaq və öz əşyalarına sahib çıxmaq – həm özünəinamı artırar, həm də məktəb həyatında məsuliyyət hissini gücləndirər. Uşağın məktəb barədə hisslərini və narahatlıqlarını dinləmək, onları diqqətlə qəbul etmək və birlikdə həll yolları tapmaq valideyn-övlad münasibətində inamı möhkəmləndirər. Bu prosesdə oyunlar xüsusi rol oynaya bilər. “Məktəb oynamaq” kimi rollu oyunlar vasitəsilə uşaq yeni mühiti əyləncəli şəkildə öyrənir və gələcəkdə qarşılaşacağı vəziyyətlərə emosional olaraq hazırlaşır.

Valideynlərin öz davranışları da uşağın psixoloji durumuna birbaşa təsir edir. Əgər valideyn sakit, anlayışlı və dəstəkləyici davranırsa, uşaq da bu enerjini hiss edərək özünü daha rahat hiss edəcəkdir. Əks halda, gərginlik və narahatlıq uşağa da keçə bilər. Bu səbəbdən valideynin müsbət münasibəti və motivasiyaedici sözləri uşağın məktəb həyatına inamla başlamasında həlledici rol oynayır. Nəticə etibarilə, uşağın məktəbə psixoloji hazırlanması təkcə dərs ilinin ilk günü ilə məhdudlaşmamalı, prosesə aylar əvvəl başlanmalı və mərhələli şəkildə davam etdirilməlidir. Sevgi, diqqət və anlayışla yanaşan valideynlər övladlarının yeni tədris ilinə xoş emosiyalar və yüksək motivasiya ilə başlamasına nail ola bilərlər.

V Çagırış millət vəkili 
Dilarə Cəbrayılova

Seçilən
11
azedu.az

1Mənbələr