Cənubi Qafqazın timsalında Avrasiya regionunda yeni strateji dövr, fərqli reallıq başlanır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanla Vaşinqtonda - Ağ Evdəki görüşündə Birgə Bəyannamənin imzalanması və sülh sazişinin paraflanması yalnız regionun tarixinə deyil, ümumiyyətlə, qlobal diplomatiya və siyasət salnaməsinə əbədi həkk olunmuş möhtəşəm hadisədir. Azərbaycanla Ermənistan arasında uzun illərdən sonra əbədi sülhün əldə olunmasına, bölgəmizdə bütün tərəflər üçün qarşılıqlı əməkdaşlıq, dayanıqlı inkişaf mühitinin yaranmasına, bu torpaqlarda yaşayan insanların rifah və xoşbəxtliyinə yol açan belə bir mühüm addımla Cənubi Qafqazın timsalında Avrasiya regionu üçün yeni strateji dövr, fərqli reallıq başlanır.
2020-ci ildə 44 günlük müharibə nəticəsində qazandığımız tarixi Zəfər, 2023-cü ildə həyata keçirilmiş 23 saatlıq antiterror əməliyyatı ilə Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin tam təmin olunması, Qələbəmizin bütün dünyada qəbul edilməsi kimi bu yeni gerçəkliyin müəllifi isə gücü, qətiyyəti xalqımızın sarsılmaz dəstəyindən, Vətənə, xalqa sevgisindən gələn Prezident İlham Əliyevdir.
Artıq qlobal miqyaslı siyasi nüfuz aktoruna çevrilmiş cənab İlham Əliyevin ölkəmiz adına son bir neçə ildə əldə etdiyi əlahiddə nəticələrin mahiyyətinə diqqət yetirdikdə, həmin nailiyyətlərin bu qədər çevik şəkildə - qısa zaman ərzində qazanıldığına bəzən heyrətlənənlər də olur. Lakin son illərin bu parlaq uğurlarına fokuslanarkən onlara gətirib çıxarmış hazırlıq proseslərinin mükəmməlliyini də diqqətdən kənarda qoymamalıyıq.
Bu proseslər hazırda göz önündəki tarixi nəticələr kimi qısa zamanda baş verməyib, hər birinə illərin, onilliklərin zəhməti, əziyyəti sərf olunub. 8 avqust 2025-ci ildə Ağ Evdə dövlət rəhbərimizin iştirakı ilə baş verən və qəlbi Vətənə bağlı bütün dünya azərbaycanlılarını qürurlandıran o unudulmaz anlar da, əslində, illərlə görülmüş uğurlu işlərin, düzgün atılmış strateji addımların, düzgün hesablanmış qərarların məntiqi nəticəsidir.
Ağ Evdəki o əzəmətli anların ilk epizodları, əslində, çox-çox əvvəldən - cənab İlham Əliyevin 2003-cü il oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti kimi ilk dəfə and içdiyi dəqiqələrdən başlanır...
Həmin andiçmə mərasimindəki çıxışın mətnini illər sonra tarixçi nəzəri ilə yenidən gözdən keçirdikcə, hər cümləsi üzərində düşündükcə, təxminən 22 il əvvəl səsləndirilmiş kəlmələrlə müasir reallıqlar arasında paralellər apardıqca əmin olursan ki, cənab İlham Əliyev o zaman Azərbaycan xalqı qarşısında sadəcə and içmirdi. O, 22 il ərzində tarixin ən qüdrətli Azərbaycanına gətirib çıxaracaq böyük, çətin və əzab-əziyyətli, amma şərəf və qürur dolu yolun dəqiq strateji xəritəsini təqdim edirdi.
8 avqust 2025-ci ildə dünyanın birnömrəli paytaxtı Vaşinqtonda, birnömrəli ofisi Ağ Evdə, dünyanın ən qüdrətli dövlətinin Prezidenti D.Trampın iştirakı ilə yaşanan o anlar, həmin məqamları əbədiləşdirən görüntülər tarixin ən güclü Azərbaycanının möhtəşəm rəsmidir...
Ən əsası isə Prezident İlham Əliyevin qüdrətli liderliyinin, müzəffər komandanlığının, peşəkar diplomatiyasının, mahir siyasətinin ən parlaq rəmzi, təntənəsidir!..
Güclü Liderlə böyük hədəflərə doğru
Cənab İlham Əliyev 22 il əvvəl dilə gətirdiyi bütün sözləri, verdiyi bütün ümidləri bu illərdə ona inanan, ardınca addım-addım milli məqsədlərə doğru irəliləyən milyonlarla vətəndaşımızla birgə reallığa çevirdi.
Azərbaycan Prezidenti deyirdi ki, "biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik". Bu gün Azərbaycan müasir dünyamızın ən zəngin, qüdrətli dövlətləri sırasındadır və dayanıqlı inkişafı ilə öz mövqeyini getdikcə yüksəldir.
Bu həqiqət Ağ Evin binasından daha aydın görünürdü!
Dövlətimizin lideri belə bir zərurəti diqqətə çatdırırdı ki, "Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır". Azərbaycan Prezidenti düşüncələrindəki belə bir ordunu qurmağı bacardı. Azərbaycan Ordusunu hərbi qüdrətinə, maddi-texniki təchizatına, döyüş ruhuna görə dünyanın ən güclü orduları cərgəsində qərarlaşdırdı.
Ağ Evdə Müzəffər Ali Baş Komandanın məğrur və qalib görkəmi bu hədəfin necə reallaşdığını ən xırda çalarınadək bütün dünyaya bəyan etdi!
Azərbaycan Prezidenti əminliyini ifadə edirdi ki, "Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir". Cənab İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi inkişaf kursunu davam etdirərək, onun formalaşdırdığı ilkin əsaslar üzərində Azərbaycanı qısa zamanda sosial-iqtisadi inkişaf göstəricilərinə görə regionun və dünyanın lider ölkələrindən biri pilləsinə yüksəltdi. Ölkəmizdə həyat standartlarını dəyişən, respublikamızı başdan-başa inkişaf və abadlıq meydanına çevirən bu nailiyyətlər ordu quruculuğu üçün də geniş imkanlar açdı. Eyni zamanda Azərbaycanın getdikcə güclənən beynəlxalq nüfuzu, geostrateji proseslərdə oynadığı əhəmiyyətli rol, etibarlı tərəfdaş kimi qura bildiyi strateji əlaqələr ordumuzun maddi-texniki təchizatının ən müasir standartlar əsasında aparılmasına şərait yaratdı.
Ağ Evdə cənab İlham Əliyevə dünya lideri D.Trampın səmimi dost münasibəti, baş nazir N.Paşinyanın isə qibtə ilə baxması bu ali məqsədin Şuşa, Xankəndi zirvəsinə çatmasını nümayiş etdirdi!
Qətiyyətin təntənəsi
Bu kəlmələr isə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, üzləşdiyi işğal probleminin həlli məsələsinə baxışla bağlı qətiyyətli mövqeyin ifadəsi kimi Azərbaycan Respublikasının Prezidenti statusunda and içdiyi ilk dəqiqələrdən cənab İlham Əliyevin fəaliyyət kredosuna çevrildi: "Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".
Müzəffər Ali Baş Komandan 2020-ci ilin Vətən müharibəsində, 2023-cü ilin antiterror əməliyyatında ordumuzun gücü ilə əldə etdiyimiz şanlı Qələbəyə, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bütün dünyada - hətta Ermənistanda da qəbul edilməsi faktına qədər bu mövqeyindən bir addım da olsun geri çəkilmədi.
Həyata keçirdiyi siyasəti, diplomatiyanı, strateji gedişləri məhz belə bir haqlı mövqe, belə bir aydın həqiqət ətrafında qurdu. İllərlə Azərbaycana və dövlət rəhbəri kimi şəxsinə yönələn təzyiq və təhdidlər onun qətiyyətini sarsıda bilmədi. Nəticədə cənab İlham Əliyev dövlətimiz, xalqımız adına istədiyinə nail oldu.
Bu, qətiyyətin təntənəsidir: Azərbaycan Prezidenti əsrlərin müşkülünü yoluna qoydu, təkcə Azərbaycanı deyil, ümumilikdə Cənubi Qafqazı böyük bir çıxılmazlıqdan aydın, rəvan inkişaf yoluna çıxardı!
Öz maraqları üçün regionumuzu qan çanağına döndərmək istəyən və əfsuslar olsun ki, buna zaman-zaman nail olan xarici dairələrin oyununu pozdu, onların əsrlərdən bəri reallaşdırdıqları layihələri sonlandırdı, eyni zamanda bütün bunların bir də heç zaman baş verməməsi üçün möhkəm təminatlar formalaşdırdı!
Ümumiyyətlə, bu məqam Azərbaycan Respublikası Prezidentinin məsələlərə strateji yanaşmasında diqqəti cəlb edən ən xarakterik xüsusiyyətlərdəndir: cənab İlham Əliyev işi və prosesləri öz axarına, təsadüflərin, ehtimalların ümidinə buraxmır. Nəticələrin arzu edilən kimi alınmasından ötrü hər cür risklərə hesablanmış dayanıqlı təməllər yaradır.
Ermənistanla illərdən bəri davam edən hərbi münaqişənin Azərbaycanın tarixi qələbəsi ilə başa çatmasından dərhal sonra məhz qalib tərəfin, yəni rəsmi Bakının sülh təşəbbüsü ilə çıxış etməsi və bu istiqamətdə danışıqların başlanması, iki ölkə arasında əbədi sülhün əldə olunmasından ötrü Azərbaycanın 5 əsas prinsipi irəli sürməsi və sülh müqaviləsinin layihəsini hazırlaması, bəlli bir müddət bu prinsiplər əsasında aparılan danışıqlar, nəhayət, Ağ Evdə bu prinsiplər əsasında, ölkəmizin maraqlarına tam uyğun məzmunda imzalanmış Birgə Bəyannamə və sülh sazişinin paraflanması bunun daha bir nümunəsidir.
Artıq məsələ Ermənistan tərəfdədir, yekun sülh sazişinin imzalanmasından ötrü rəsmi İrəvan Konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəanı çıxarmalıdır. Ermənistana verilmiş belə bir "ev tapşırığı" qətiyyən həlli mümkünsüz məsələ deyil.
Daim ardıcıl, məntiqli, əsaslı mövqe nümayiş etdirən Azərbaycan heç vaxt Ermənistan qarşısında qeyri-real, qəbul edilə bilinməyəcək şərtlər qoymayıb. Ermənistana "ev tapşırığı"nın verilməsi isə iki xalq arasında zaman-zaman müxtəlif maraqlarla salınan nifaqın artıq birdəfəlik aradan qalxmasına, gələcək nəsillərin bir daha düşmənçilik münasibətlərindən əziyyət çəkməməsinə, regionumuzda əbədi sülh məqsədinə xidmət edir.
Belə bir məqsədin reallaşdırılması, "Azad Qafqaz Evi" ideyasının gerçəyə, bölgəmizin sülh və inkişaf cənnətinə çevrilməsi Cənubi Qafqazın ən güclü Liderinin - Azərbaycan Prezidentinin üzərinə götürdüyü yeni tarixi missiyadır!
Naxçıvanın yeni həyatı başlanır
Hələ Vətən müharibəsindəki Zəfərimizin ilk rəsmi təsdiqi - 10 noyabr Bəyanatında Azərbaycan liderinin sülh gündəliyinə daxil etməyə nail olduğu Zəngəzur dəhlizi layihəsi də bu missiyanın son dərəcə əhəmiyyətli parçasıdır.
Azərbaycan Prezidentinin dahiyanə gedişlərindən olan Zəngəzur dəhlizi təşəbbüsü ilə ilk vaxtlarda Laçın yoluna qarşı əks-balansın yaradılması da nəzərdə tutulurdu. Ermənistanda isə sadəlövhcəsinə düşünürdülər ki, Azərbaycan Qarabağda öz məqsədlərinə tam nail olandan sonra Zəngəzur dəhlizi ilə bağlı mövqeyindən geri çəkiləcək.
Rəsmi İrəvanın təxminən 5 ilə qədər müddətdə məsələni yubatması, "Sülh kəsişməsi" adlı utopik layihələrlə baş qatmağa çalışması da bu təşəbbüsü tədricən gündəlikdən çıxarmaq məqsədi güdürdü. Amma Azərbaycan Lideri yenə geri addım atmadı, bu məsələni daim gündəmdə saxladı.
Nəhayət, ABŞ-də imzalanmış Birgə Bəyannamə ilə ən böyük məqsədlərimizdən birinə - Zəngəzur dəhlizinin açılmasına, Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına - Azərbaycandan Azərbaycana maneəsiz çıxışın təmin edilməsinə nail ola bildi.
Elmi-filoloji prinsiplərə əsaslansaq, əslində, bütün adlar şərti səciyyə daşıyır. Belə məqamlarda isə xüsusilə əhəmiyyət verilən məqam addan çox məhz mahiyyətdir. Kommunikasiya xətti "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (Trump Route for International Peace and Prosperity - TRIPP) adlandırılsa da, əslində, söhbətin mahiyyət etibarilə məhz Zəngəzur dəhlizindən - Azərbaycanın nail olmağa çalışdığı dəhlizdən getdiyi hər kəsə məlumdur.
Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxışın Ermənistanın suverenliyi çərçivəsində nəzərdə tutulması, dəhlizin idarəetməsinin ABŞ-də olması isə bir tərəfdən Azərbaycanın guya Zəngəzuru işğal edəcəyi iddiası ilə hay-küy salan ermənipərəstlərə, o cümlədən keçmiş Bayden administrasiyasına, "Human Rights Watch", "Freedom House", USAID kimi bədxah QHT-lərə, "Azadlıq Radiosu"na, digər tərəfdən isə Zəngəzur dəhlizi ilə bağlı hansısa "qırmızı xətlər"dən danışan məlum qonşularımıza ən tutarlı cavabdır.
Beləliklə, cənab İlham Əliyev əsrlərdən miras qalmış daha bir problemi aradan qaldırdı: uzun illərdən bəri blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə maneəsiz keçidi tezliklə təmin ediləcək, Naxçıvan iqtisadi rayonu yeni bir strateji inkişaf dönəminə daxil olacaq, blokada vəziyyətinin yaratdığı bütün sosial-iqtisadi çətinliklər keçmişdə qalacaq.
Ədalətin zəfəri
Azərbaycanın illərdən bəri işğal altında qalmış torpaqlarının azadlığı uğrunda apardığı haqq mübarizəsi təkcə ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizə deyildi, həm də ədalət naminə aparılan savaş idi. Ermənistan torpaqlarımızı işğal altında saxlamaqla, havadarları bu məsələdə işğalçılara dəstək verməklə ədalət normalarını, hüquq prinsiplərini pozur, milyonlarla insanda ədalətə, hüquqa, birgəyaşayış qaydalarına inamsızlıq yaradırdılar.
Azərbaycan öz tarixi qələbəsi ilə haqq-ədalətə nail oldu. Bu baxımdan cənab İlham Əliyevin ABŞ-yə səfəri zamanı ədalətin daha bir təntənəsini yaşadıq. 1992-ci ilin oktyabrında Ermənistanın lobbi qruplarının təsiri altındakı konqresmenlərin təşəbbüsü ilə Azərbaycana qarşı qəbul olunmuş "Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş ləğv edildi, eyni zamanda Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi niyyəti liderlər tərəfindən təsdiqləndi.
Bu baxımdan Azərbaycan və ABŞ prezidentlərinin ölkələrimiz arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında imzaladıqları Anlaşma Memorandumu çox mühüm əhəmiyyət daşıyır. Sənəd yaxın gələcəkdə qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat-kommunikasiya, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində çoxşaxəli əməkdaşlıqları nəzərdə tutmaqla ölkəmiz üçün müasir çağırışlar mühitində geniş imkanlar açır.
22 il əvvəl Azərbaycan Respublikasının Prezidenti kimi ölkə vətəndaşları qarşısında and içərkən cənab İlham Əliyevin nitqində ümid dolu bu kəlmələr də səslənmişdi: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir".
Bunlar indi artıq ümid deyil, Azərbaycanın möhtəşəm nailiyyətləri miqyasında nəhəng reallıqdır. Hər keçən gün xoşbəxt gələcəyinə qovuşan, inkişaf edən, güclənən Vətənimizin timsalında bu qürur dolu gerçəkliyin əhatə dairəsi də genişlənir.
Arzu ABDULLAYEV,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent