AZ

Sözünün sahibi, xalqının sevimlisi

Hər bir xalq müəyyən dövrdə dövləti idarə etməsi üçün özünə lider seçir.

Sonra öz taleyini ona etibar edir.

Xalqa rəhbərlik etmək çox böyük məsuliyyətdir!

İnsanlar müxtəlif, arzular çox, tələb və tələbat da get-gedə artır.

Əlbəttə, hamını razı salmaq, hər kəsi istəyinə çatdırmaq bəlkə də mümkün olan məsələ deyil!

Amma xalqın gözü mizan-tərəzidir, - demişlər.

Xalq edilənləri, görülən işləri dəyərləndirməyi bacarır.

Həm də seçkiqabağı kampaniyalarda verilən vədlərin necə icra olunduğunu da izləyir, yoxlayır.

Mətbuatda, kütləvi tədbirlərdə, sosial şəbəkələrdə görülən işlərə öz qiymətini açıq şəkildə verərək, münasibətini bildirir.

Əsl münasibət isə növbəti seçkilərdə qutuya atılan bülletenlərdə daha dəqiq ifadə olunur.

İlham Əliyev Azərbaycanın heç də asan və rahat olmayan günlərində dövlət başçısı seçilmişdi.

İqtisadiyyat zəif, problem və çətinliklər çox, imkanlar isə aşağı idi.

Lakin o öz xalqı ilə açıq və səmimi oldu, hər zaman onunla düz danışdı, açıq danışdı.

Xalqına verdiyi vədin məsuliyyətini düzgün dəyərləndirdi!

Ən əvvəl "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" dedi.

Artıq onun ilk dəfə prezident seçildiyindən 20 ildən çox müddət keçib.

Xalq beş dəfə öz sevimli rəhbərinə etimad göstərib.

İlham Əliyev isə daim verdiyi sözün üstündə durub!

Daim xalqla görüşüb, onun arzu və istəklərini reallaşdırmağa çalışıb və gözlənildiyindən də çox nailiyyətlərə imza atıb!

Bu xüsusiyyətlərinə görə Azərbaycanda da, dünyada da onu çoxu sevir!

Dünya azərbaycanlıları harada yaşamalarından asılı olmayaraq, onu özlərinin lideri, arxası və köməyi hesab edirlər.

***

Azərbaycan Prezidenti cənab İlham Əliyev jurnalistlərə açıq siyasi liderdir!

İstənilən zaman, istənilən mövzuda ona ünvanlanan bütün sualları məharətlə, məntiqlə, faktlar əsasında və qaneedici şəkildə cavablandırmağı bacarır!

Həm də təkcə ölkə jurnalistlərinin deyil, dünyanın hər yerindən Azərbaycana gəlmiş bütün insanların.

Dəfələrlə belə maraqlı sual-cavabların şahidinə çevrilmişik.

İlk dəfə belə görüşlər kütləvi şəkildə 44 günlük Zəfər müharibəsi davam etdiyi zaman baş verdi.

Azərbaycan Prezidenti dünyanın fərqli ölkələrindən gəlmiş, ən müxtəlif qəzetlərdə, televiziya kanallarında, informasiya agentliklərində çalışan jurnalistlərə 30-dan çox müsahibə verdi.

Ona ünvanlanan sualların heç də hamısı xoş niyyətlə verilmirdi, hətta "feyk informasiyalar"a əsaslananları da vardı.

Bir sualı da cavabsız qoymadı:

* Azərbaycanın ədalətli müharibəsi barədə əsl həqiqətləri göstərdi.

* "Feyk xəbərlər"lə bizi borclu çıxarmağa çalışanları konkret faktlarla yerlərində oturtdu.

* Qərəzli suallarla üstümüzə gəlmək istəyənləri öz dövlətlərindən gətirdiyi fakt və misallarla susdurdu.

* Həqiqəti öyrənmək istəyənləri isə tarixi faktlar və məlumatlar əsasında bilgiləndirdi.

44 günlük Zəfər müharibəsi möhtəşəm qələbə ilə başa çatdıqdan, Ermənistan kapitulyasiya aktını imzaladıqdan sonra isə 26 fevral 2021-ci ildə Xarici İşlər Nazirliyində dünyanın hər tərəfindən gəlmiş jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirildi.

COVID-19 hələ də davam etdiyindən tədbir onlayn formatda keçirilirdi.

Bu sual-cavab, iştirakçılardan birinin söylədiyi kimi, beş saatadək davam etdiyindən "Ginnesin Rekordlar Kitabı"na düşə bilərdi.

Daha bir özəllik isə ondan ibarət idi ki, cənab İlham Əliyev sualları üç dildə - Azərbaycan, rus və ingilis dillərində cavablandırırdı.

İlham Əliyevin verdiyi cavablar dolğun, faktlara söykənən, maraqlı, uzaqgörən olduğundan, proqnoz və öncəsöyləmələri isə özünü doğrultduğundan onunla görüşə can atanların sayı da get-gedə artır.

Artıq hər il dünyanın fikir və strateji araşdırma mərkəzlərində çalışanların və İlham Əliyevin iştirakı ilə ADA Universitetində beynəlxalq forumun keçirilməsi ənənə şəklini almışdır.

Daha bir tədbir isə bir neçə müddət əvvəl üçüncü dəfə Şuşada keçirilən Qlobal Media Forumudur.

Sonuncu forumda suallardan birini cavablandırarkən cənab İlham Əliyev maraqlı bir məqama da toxunaraq dedi:

"Hesab edirəm ki, biz obyektiv və dürüst olmalıyıq, yalan danışmamalıyıq. Düşünürəm ki, bu, yəqin ki, əsas prinsiplərdən biridir: ilk növbədə öz xalqına həqiqəti söyləmək".

Bəli, bu həm də İlham Əliyevin həyat və fəaliyyət prinsipidir!

Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən indiyədək həmişə xalqına düz söz söyləyib, verdiyi bütün vədləri şərəflə yerinə yetirib!

Heç zaman sözünün arxasından qaçmayıb!

* İlham Əliyev bu gün təkcə ölkəmizdə deyil, bütün dünyada sözünün sahibi olan lider kimi tanınır.

* İlham Əliyev ilk dəfə Prezident seçilərkən andiçmə mərasimindən üzü bəri xalqına verdiyi bütün vədlərinə əməl edib.

Ən böyük vədi isə "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" söyləməsi idi.

Bu günədək həmin vədinə də dönmədən əməl edir!

***

Ulu Öndər Heydər Əliyevin vəsiyyətinə sadiq qalan Azərbaycan xalqı böyük ümid və həvəslə İlham Əliyevə səs verdi.

Azərbaycanda sabitlik bərpa olunsa da, müstəqilliyimiz əbədiliyə və dönməzliyə çevrilsə də, müəyyən təhlükə və problemlər hələ də mövcud idi.

Elə prezident seçkilərindən dərhal sonra xain xislətlilər hərəkətə keçərək bizi sınamağa başladılar.

ABŞ-nin Milli Demokratiya İnstitutu hökuməti devirmək planı qurmuşdu.

O dövrdə "rəngli inqilablar" və "ərəb baharları" dəbdə idi.

Azərbaycanda 2005-ci ildə keçirilməsi nəzərdə tutulan "narıncı inqilab" ABŞ Dövlət Departamenti tərəfindən təşkil olunmuşdu.

Vətən xainlərindən ibarət "5-ci kolon" gen-bol maliyyələşdirildiyindən xeyli fəallaşmışdı.

Həmin dövrdə xeyli iqtisadi çətinlik və problem vardı.

Bütün bunların həlli xeyli vəsait və zaman, ən əsası möhkəm iradə, gərgin iş və səmərəli fəaliyyət tələb edirdi.

İlham Əliyev prezidentliyinin ilk günlərindən xalqla açıq danışdı.

* Düz danışdı!

* Sonadək verdiyi sözün üstündə dayandı!

* Dediklərinə əməl etdi!

* Hətta bəzən mümkün olmayanları mümkünə çevirdi!

***

AXC-Müsavat iqtidarı sözdə demokratiyadan, insan hüquq və azadlıqlarından, mətbuat azadlığından, bazar iqtisadiyyatından danışsa da, əməldə onların təmini üçün heç bir iş görmədi və ya görə bilmədi.

Bütün bunların təminatı sayılan yeni Konstitusiya qəbul olunmadı, müharibədə məğlubiyyətə uğrayaraq yeni məcburi köçkün dəstələri yaradıldı və onların bir qismi yaşamaq üçün Bakıya buraxılmadı.

Mətbuata senzura nəzarəti ləğv olunmadı, əksinə, "hərbi senzura" adı ilə ikinci bir senzura yaradılaraq azad söz tamamilə dövlət nəzarətinə keçirildi. 

Dövlət əmlakının özgəninkiləşdirilməsi prosesinə başlanılmadı, bazar iqtisadiyyatına keçid baş vermədi.

Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması təmin edilmədi və s.

Qısa zamanda bu problemləri böyük ustalıqla yoluna qoyan, ölkədə möhkəm və dönməz sabitlik yaradan, dövlət müstəqilliyimizi əbədiliyə və dönməzliyə çevirən, yeni Konstitusiya qəbul edərək özəlləşdirməyə dair iki dövlət proqramını reallaşdıran, "Əsrin müqaviləsi" və Bakı-Tbilisi-Ceyhan kimi nəhəng neft layihələrini həyata keçirən Ulu Öndər Heydər Əliyev yarımçıq qalan işləri siyasi varisi cənab İlham Əliyevə vəsiyyət edərək əbədiliyə qovuşdu.

İlham Əliyev həm yarımçıq qalan işləri başa çatdırmalı, həm də dövrün tələblərindən irəli gələn problem və vəzifələri yerinə yetirməli idi. 

Xoşbəxtlikdən bütün bunları uğurla həyata keçirməyə onun zəkası da, gücü də, siyasi iradəsi və qətiyyəti də yetərincə idi.

Azərbaycan xalqı isə onun gördüyü işləri bəyənərək daim dəstəklədi. 

Bir neçə məqama diqqət yetirək.

Aqrar islahatlar uğurla həyata keçirilərək torpaq özəlləşdirilsə də, regionların inkişafında kifayət qədər problemlər vardı.

İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair 4 dövlət proqramı hazırlanaraq uğurla həyata keçirildi.

Regionlarda sahibkarlıq inkişaf etdi, yeni iş yerləri yaradıldı, beləliklə, həm də ölkə üzrə işsizlik və yoxsulluq 49-50 faizdən 4-5 faizədək endirildi.

Elektrik enerjisi çatışmazlığından bölgələrə enerji böyük fasilələrlə verilir, bu da kənd təsərrüfatında və məişətdə ciddi çətinliklər yaradırdı.

Qısa müddətdə bu sahədəki çatışmazlıqlar aradan qaldırıldı, İlham Əliyevin vəd etdiyi kimi, Azərbaycanın bütün nöqtələrində günün istənilən vaxtında elektrik enerjisi oldu.

Rusiya Azərbaycana təbii qazın ixracını dayandırdığından istehsalatda və məişətdə problemlər yaşanırdı.

İlham Əliyev bu vədini də tez bir zamanda yerinə yetirdi - Azərbaycanın bütün yaşayış məntəqələri qazlaşdırıldı və hazırda bu göstərici 95 faizi üstələyir.

İlham Əliyev dövlətə rəhbərliyinin ilk günlərindən daim qaçqın və məcburi köçkünlərin yanında oldu, çadır düşərgələrinə getdi, onların bir sıra problemlərini yerində həll etdi, eyni zamanda "Bir nəfər də qaçqın şəhərciyində qalmayacaqdır" vədini verdi.

116 qaçqın şəhərciyi və yaşayış massivi salınaraq qısa zamanda 300 mindən çox insanın yaşayış şəraitini yaxşılaşdırdı.

Yeni yol şəbəkəsi yaradıldı, Azərbaycanın bütün guşələrinə, yaşayış məntəqələrinə asfalt yollar çəkildi, körpülər salındı, hər bir rahatlıq və təhlükəsizlik təmin edildi.

Bütün bunlar Azərbaycan xalqının, onun hər bir vətəndaşının arzusu, istəyi idi.

Bütün bunları gerçəyə çevirməklə İlham Əliyev həm də "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" vədini də yerinə yetirmiş oldu.

***

Ən çətin, ən mürəkkəb məsələ torpaqların erməni işğalından azad edilməsi idi!

Azərbaycan bunu təkbaşına həyata keçirməli idi.

Çünki BMT-nin 4 qətnaməsi icra olunmur, ATƏT-in Minsk qrupu boş danışıqları ilə, əslində, işğalı əbədiləşdirməyə çalışır, həmsədr dövlətlər açıq şəkildə erməni mövqeyində dayanır, beynəlxalq hüquq ayaqlar altında tapdalanır, Ermənistana hər hansı bir təzyiq göstərilərək sanksiya tətbiq olunmurdu.

Torpaqların geri qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün bərpası təkcə məcburi köçkünlərin deyil, bütün xalqın arzusu idi.

Və İlham Əliyev məcburi köçkünləri istənilən yolla doğma el-obalarına qaytaracağına söz vermişdi.

Güclü iqtisadiyyat quran, yeni gənclər nəsli tərbiyə edən, qüdrətli ordu yaradaraq onu ən yeni və müasir silahlarla silahlandıran, milli birliyə nail olan İlham Əliyev daha bir möcüzə yaratdı!

44 gün ərzində "dəmir yumruq"la düşmən ordusunu məhv etdi, Ermənistanı qarşısında diz çökdürdü, ona kapitulyasiya aktını imzalatdıraraq ərazi bütövlüyünü bərpa etdi!

Lakin möcüzə bununla bitmədi!

* Laçın dəhlizinə nəzarət ələ keçirilərək ölkənin ərazi bütövlüyünə də nail olundu!

* Daha sonra bir neçə saatlıq lokal xarakterli antiterror tədbirləri sayəsində dövlət suverenliyi və konstitusiya əsasları da təmin edildi!

* Daha sonra bütün münaqişə dövründə ermənipərəst mövqe tutan Rusiya sülhməramlı qüvvələri də xoşluqla, çalıb oxuya-oxuya ərazilərimizi tərk etdilər.

Hərbi möcüzə bu gün bərpa və quruculuq meydanında sürətlə və ürəklə davam etdirilir.

***

İlham Əliyev söz vermişdi ki, işğal altındakı torpaqları geri qaytaracaq!

Qaytardı!

İlham Əliyev söz vermişdi ki, məcburi köçkünləri doğma yurd-yuvalarına qaytaracaq!

Qaytarır!

İlham Əliyev söz vermişdi ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcək!

Çevirir!

Artıq 18 minə yaxın keçmiş məcburi köçkün doğma torpaqlara qayıdaraq dövlətin onlar üçün inşa etdirdiyi yeni mənzillərdə xoşbəxtcəsinə ömür sürür.

Prezidentimiz heç zaman onları tək qoymur!

Cənab İlham Əliyevin ən çox səfər etdiyi məkan Qarabağdır!

* Yeni obyektlərin təməlini qoyur.

* İnşası başa çatan binaların açılışını edir.

* Beynəlxalq tədbirlərdə iştirak edir.

* Dost dövlətlərin rəhbərlərini Qarabağa qonaq aparır.

* Yeni köçmüş sakinlərlə görüşlər keçirir.

Bu səfərlərin və görüşlərin hər biri Qarabağın "köhnə-təzə" sakinləri üçün bayrama, unudulmaz günlərə çevrilir.

Artıq Prezidentin daim onların yanında olmasına adət də etmişlər.

Bu həm də xalq-rəhbər birliyinin Azərbaycana məxsus xüsusi formasına çevrilmişdir.

***

Prezident İlham Əliyev Azərbaycana rəhbərliyi dövründə gördüyü işlərlə sübut edib ki, o, bütün azərbaycanlıların Prezidentidir!

Həm də təkcə Azərbaycanda yaşayanlar deyil, dünyanın istənilən nöqtəsindəki hər bir azərbaycanlı ona güvənə, arxalana bilər!

Qroznıda ölkəmizə məxsus sərnişin təyyarəsi namərdcəsinə vuruldu.

Prezidentin tapşırığı ilə dərhal hadisə yerinə Azərbaycanın nümayəndə heyəti, müvafiq strukturların əməkdaşları yollandılar.

İlk növbədə yaralılara zəruri tibbi yardımlar göstərildi, həlak olanlarla bağlı müvafiq addımlar atıldı, onların ailə üzvlərinə lazımi diqqət yetirildi.

Sonra Prezidentimiz beynəlxalq qanunlara müvafiq olaraq zəruri addımların atılmasını, faciənin törədilməsində günahı olanların aşkara çıxarılaraq cəzalandırılmasını, üzr istənilməsini və dəyən zərərə görə kompensasiya ödənilməsini tələb etdi.

Hələ ki Rusiya imperiya ambisiyalarından çıxış edərək hadisəni ört-basdır etməyə, məsuliyyətdən yayınmağa çalışır.

Lakin Azərbaycan Prezidenti öz mövqeyində qətidir!

Hətta III Şuşa Qlobal Media Forumunda məsələyə münasibət bildirərkən mövqeyinin qəti və dəyişməz olduğunu bir daha açıq şəkildə söylədi:

"Təəssüflər olsun ki, biz Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Artıq bu hadisədən yeddi ay keçibdir. Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardır. Onlar da gözəl bilirlər nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii tələb idi. Qoy öz günahlarını etiraf etsinlər. Bizim təyyarəni vuranlar cəzalandırılsın və ailələrə təzminat ödənilsin, qurbanların və yaralıların ailələrinə, AZAL-ın təyyarəsinə görə də təzminat ödənilməlidir". 

Yekaterinburqda baş verən vəhşilik və zorakılıq, qanunsuz hadisələrlə bağlı da Prezidentimizin mövqeyi qəti, dəyişməz və prinsipialdır!

Dünyanın heç bir yerində, heç bir azərbaycanlıya qarşı haqsızlıq, qanunsuzluq və ədalətsizlik edilə bilməz!

Azərbaycan dövləti və Azərbaycan Prezidenti hər bir vətəndaşının, hər bir azərbaycanlının arxasındadır və sonadək onların hüquqlarını müdafiə edərək ədalətə nail olacaqdır!

***

Azərbaycan xalqı ən böyük arzusuna çatmışdır!

Müstəqil dövlətində firavan ömür sürür, 44 günlük Zəfər müharibəsindəki qələbənin qürurunu yaşayır, sabahına və gələcəyinə sonsuz ümidlərlə baxır!

Bütün bunları ona sevimli və sınanmış rəhbəri İlham Əliyev bəxş etmişdir!

* Xalq sınadığını sevir!

* Xalq sevdiyinə inanır!

* Xalq inandığına arxalanır!

* Xalq arxalandığını daim dəstəkləyir!

Hələ qarşıda nə qədər gediləsi yol, çatılası hədəflər və fəth ediləcək zirvələr vardır!

Xalqın rəhbərə məhəbbəti və onun ətrafında sıx milli birliyi bu günün, həm də gələcək qələbələrin əsasıdır!

Bəxtiyar SADIQOV

Seçilən
9
azerbaijan-news.az

1Mənbələr