Piyadalar hər gün burada real təhlükə ilə üzləşdiklərini bildirirlər
Rauf Ağamirzəyev: “Yaşlılar və uşaqlar təhlükədədir, metro ətrafında kompleks həll şərtdir”
"20 Yanvar" metro stansiyası ətrafında piyada keçidlərinin olmaması sosial şəbəkələrdə də müzakirə predmetinə çevrilib. “20 Yanvar” ətrafında yolun bir tərəfindən o birinə keçidin əsl məşəqqət olduğunu yazanlar piyadaların hər gün burada real təhlükə ilə üzləşdiklərini bildirirlər.

“20 Yanvar” metrostansiyası ətrafına piyada təhlükəsizliyi ilə bağlı problemə toxunan nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev Sherg.az-a açıqlamasında konkret təkliflər irəli sürdüyünü bildirdi:
- Tbilisi prospektində yerləşən "20 Yanvar" metro stansiyasının həm "Aztelekom", həm də "MTV" qarşısında yerləşən dayanacaqlarda işıqforlar mövcud olsa da, zebra piyada keçidlərinin olmaması piyadaların təhlükəsiz şəkildə yolu keçməsini mümkünsüz edir. Əlavə olaraq, bu ərazidə ayrılmış avtobus zolağı və dayanacaqların təşkil olunması müsbət addımdır. Lakin bu dayanacaqlardan istifadə edən sərnişinlərin rahat və təhlükəsiz keçidi təmin edilməlidir.

Təkliflər bundan ibarətdir ki, mövcud işıqforların qarşısına rəngli piyada keçidi (zebra) çəkilməlidir. Dayanacaqdan metroya və əks istiqamətdə gediş-gəlişi təmin etmək üçün piyada keçidinin vizual və fiziki infrastrukturla dəstəklənməsi zəruridir. Həmçinin, nəqliyyat və şəhərsalma üzrə əlaqəli qurumların bu ərazidə kompleks həll işləməsi faydalı olar. Bu dəyişikliklər sayəsində həm piyadaların, xüsusilə yaşlıların və uşaqlı sərnişinlərin həyat təhlükəsizliyi təmin olunar, həm də ictimai nəqliyyatdan istifadə daha səmərəli və rahat olardı.